Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi

11 noyabr 2022 | 15:54
     11 noyabr 2022-ci il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
     Vasif İmanov görüş iştirakçılarını salamlayaraq  qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
     Sonra natiq bildirdi ki, noyabr ayı ölkəmiz üçün çox əlamətdar bir aydır. 8 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Zəfər Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Bu qələbənin nəticəsi olaraq, 10 noyabr 2020-ci il tarixdə Üçtərəfli Bəyanat imzalandı. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi.
     Qeyd edildi ki, noyabrın 9-u Azərbaycanda Azərbaycan Dövlət Bayrağı kimi qeyd olunur. Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır. Müstəqillik illərində üçrəngli milli bayrağımızı ilk olaraq Vətənimizin başı üzərində ulu öndərimiz Heydər Əliyev dalğalandırmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin Ümummilli Liderin sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar qəbul etmişdir. Prezident İlham Əliyev 2009-cu il tarixli sərəncamına əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.  Noyabrın 12-də isə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı.
     Sonra rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki,  ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Bildirildi ki, Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşması, hadisələri düzgün qiymətləndirmək qabiliyyəti həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biridir.  Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışında bildirdi ki,  ölkəmiz ədalətli sülh tərəfdarıdır. Azərbaycan tərəfindən İrəli sürdüyü 5 prinsip beynəlxalq hüquqa əsaslanır. Eyni zamanda, qeyd edildi ki, Vətən Müharibəsi zamanı xalqımız bir yumruq kimi birləşərək, Prezidentimizə, ordumuza öz dəstəyini göstərdi, bu da bizim qələbəmizin əsas amillərdən biri oldu. Eyni zamanda, qeyd edildi ki, ölkə başçısı Səmərqənddə Türk dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edir. Prezident İlham Əliyev son 7 ayda üçüncü dəfə Özbəkistana səfər edir, bu da qardaş ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etməsinin bariz nümunəsidir.
        Sonra natiq rayonda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonun qəsəbələrində geniş quruculuq və abadlıq işlərinə start verildi. Hal-hazırda Gürgən qəsəbəsində məhəllədaxili yollara asfalt örtüyünün döşənməsi, ətraf ərazilərin abadlaşdırılması, yaşıllıqların salınması işləri həyata keçirilir. Gələcəkdə rayon ərazisində bütün məhəllələrin və yolların abadlaşdırılması prioritet istiqamətdir. 
    Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işsizlik, qəsəbədaxili yolların asfaltlanması, qaz xəttinin çəkilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər