Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Sənaye Parkında ikinci əczaçılıq zavodunun - "Caspian Pharmed" müəssisəsinin təməli qoyuldu

16 yanvar 2017 | 11:00
     16 yanvar 2017-ci il tarixdə Pirallahı Sənaye Parkında "Caspian Pharmed" əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirildi. Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev, İranın Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii və  Pirallahı RİH-nin başçısı Vasif İmanovun iştirakı ilə keçirilmiş tədbirdə əczaçılıq zavodunun yaradılmasına dair “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” və İranın "TPİCO Holding" arasında Səhmdarlar Sazişi imzalandı.
    Sənədə əsasən, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılmış "Caspian Pharmed" birgə müəssisəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC 25%, “Azərsun Holdinq” 26%, İranın “TPİCO” şirkəti isə 49% iştirak payına malikdir.
    Tədbirdə "Caspian Pharmed" əczaçılıq zavodunun təqdimatı keçirildi. Bildirildi ki, ilkin mərhələdə 20,6 mln. dollar investisiya qoyulacaq müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. İlkin mərhələdə zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitəsi istehsal olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 mln. ədəd həb və kapsul təşkil edəcəkdir. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.
     Layihənin reallaşdırılmasında Avropanın aparıcı şirkətlərinin mühəndis-layihələndirmə işlərindən, qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq. Əczaçılıq zavodu yüksəksteril mühit, avtomatlaşdırma və öz sinfində ən yaxşı istehsal həllərinə malik yeni nəsil dərman istehsalı üzrə GMP istehsalat praktikası və digər beynəlxalq standartlara cavab verəcək.
       “Caspian Pharmed” əczaçılıq zavodu Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Zavodun fəaliyyəti nəticəsində 90 nəfər daimi iş yeri ilə təmin olunacaq.
        Tədbir çərçivəsində həmçinin, “Caspian Pharmed” birgə müəssisəsinə Pirallahı Sənaye Parkının rezidenti statusu da təqdim edildi.
    Qeyd edək ki, əczaçılıq sahəsi üzrə ixtisaslaşan Pirallahı Sənaye Parkı Azərbaycan prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılmışdır. Artıq 2 noyabr 2016-cı il tarixində Pirallahı Sənaye Parkında Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" əczaçılıq zavodunun təməli qoyulmuşdur. Hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır.
Keçidlər