Şriftin ölçüsü :

Saytın rəngi :

Bugünkü müstəqil və qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir

20 yanvar 2017 | 11:00

1990-cı ilin 20 yanvarında Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir

      Yanvarın 19-da Pirallahı rayonunda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin iyirmi yeddinci ildönümü ilə əlaqədar şəhid ailələri və 20 Yanvar faciəsi zamanı xəsarət alanların iştirakı ilə geniş anım tədbiri keçirildi. Pirallahı məktəblilərinin əl işlərindən və qanlı faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxışla başlanan tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov, Pirallahı rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın üzvləri, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin nümayəndəsi, Azərbaycanın Milli Qəhrəmanı İntiqam Atakişiyev, rayonun idarə və müəssisə rəhbərləri, pedaqoji kollektivlərin üzvləri, məktəblilər iştirak etdilər. Tədbir iştirakçılarını salamlayan Pirallahı rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov qeyd etdi ki, 1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
      Bildirildi ki, xalqın ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirmiş, 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırmış və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etmişdi. 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edilmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar faciəsini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılmış, Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə hadisələrə siyasi-hüquqi qiymət verilmiş, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilmişdi.
        H.Şikarov vurğuladı ki, şəhid ailələri və 20 Yanvar faciəsində xəsarət alanlar ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunmuşlar, dövlət başçısı onların hər bir probleminin ən qısa müddətdə həll olunması məqsədilə əlaqədar orqanlara müvafiq göstərişlər vermişdir. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olacaqdır.
       Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin üzvü, Azərbaycanın Milli Qəhrəmanı İntiqam Atakişiyev həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifələr yazdıqlarını, xalqın milli azadlığına, müstəqilliyinə yol açdıqlarını bildirdi. Şəhid ailələrinə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə, eyni zamanda Pirallahı rayon İcra Hakimiyyətinə minnətdarlığını ifadə edən İ.Atakişiyev azadlıq yolunda həyatını qurban vermiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğuladı.
      Daha sonra anım tədbiri Pirallahı məktəbləri şagirdlərinin ifasında ədəbi-bədii hissə ilə davam etdirildi. Tədbirin sonunda 20 Yanvar faciəsi zamanı xəsarət alan, Pirallahı sakini olan əlillərə maddi yardım göstərildi.
      Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik. Çünki 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu mənada 20 Yanvarın Azərbaycanın tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq salnaməsi kimi böyük əhəmiyyəti vardır. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Azərbaycanın azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin əziz xatirəsi Vətəni sevən ürəklərdə əbədi olaraq alovlanacaqdır.
Keçidlər