Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbə İƏD üzrə nümayəndəliyinin 2016-cı ildəki fəaliyyətinə dair və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

26 yanvar 2017 | 11:00
     25 yanvar 2017-ci il tarixdə Pirallahı  Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbə İƏD üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə edilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Pirallahı rayon Prokuroru İbrahim Ləmbəranski, Ağsaqqallar Şurasının və Gürgən Bələdiyyəsinin üzvləri, eləcə də qəsəbə sakinləri iştirak etmişlər.
     Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbə İƏD üzrə nümayəndəsi Nicat Qafarov bildirdi ki, Gürgən qəsəbə nümayəndəliyi öz işini 2016-cı il üçün  hazırlanmış, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun təsdiq etdiyi iş planı əsasında qurmuşdur. Məruzədə nümayəndəliyin rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyini vurğulandı. Qeyd edildi ki, hesabat dövrü İ.Məcidov, E.Hüseynov küçələrində, mərkəzi magistral yolda və Dübəndi bağ massivinin mövcud mərkəzi küçələrində təmizlik işləri aparılmış, məişət tullantıları 153 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən daşınmışdır. Gürgən qəsəbəsində yol kənarında yerləşən yaşayış evlərinin dam örtükləri rənglənmiş, divarlara suvanaraq boyanmışdır. Qəsəbə sakinlərinin su, qaz və elektrik təminatı yaxşılaşdırılmışdır. İl ərzində Gürgən qəsəbəsində xeyli sayda ağaclar əkilmişdir. Əkilmiş ağacların və yaşıllıqların vaxtlı-vaxtında suvarılması təşkil edilməkdədir. Mütəmadi olaraq Mənzil İstismar Sahəsinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının köməyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində sanitar-təmizlik işləri həyata keçirilmişdir. Yay mövsümündə Dübəndi ərazisində dəniz kənarında bir çox sakinlərin müraciətini nəzərə alaraq çimərlik təşkil edilmişdi. Hesabat dövrü 9 əmr verilmiş, RİH-dən 20 əmr və sərəncam daxil olmuş, 30 nəfər rəsmi olaraq qəbul olunmuş, 79 nəfər isə şifahi müraciət etmişdir. Nümayəndəlik tərəfindən vətəndaşlara 189 arayış verilmişdir.
     231 nömrəli tam orta məktəbin müəllimi, qəsəbə sakini Xəqani Alməmmədov çıxış edərək, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə minnətdarlığını bildirdi, qəsəbədə bəzi sosial məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdi. 
     Hesabat yığıncağında Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov nümayəndəliyin 2016-cı ildə gördüyü işlərə münasibət bildirərək ümumilikdə nümayəndəliyin fəaliyyətini qənaətbəxş qiymətləndirdi, bununla belə bəzi  nöqsan və çatışmazlıqların olduğunu da qeyd etdi. Daha sonra V.Səfixanov bildirdi ki, 2016-cı il Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından mühüm il oldu. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilir. Əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənir, milli təhlükəsizlik və sabitlik təmin olunur. Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunur, itkilər minimuma endirilib, ölkəmiz öz uğurlu inkişafını davam etdirib. Keçən il ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar  sərmayə qoyulmuşdur. Bunun da 8 milyardı xarici sərmayədir. Bu da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Diqqətə çatdırıldı ki, ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Pirallahı Sənaye Parkı yaradılmışdır. 2 noyabr 2016-cı il tarixində Pirallahı Sənaye Parkında Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" əczaçılıq zavodunun təməli qoyulmuş, 16 yanvar 2017-ci il tarixdə isə "Caspian Pharmed" əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilmişdir. Hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır. Cari ildə qəsəbənin sosial-iqtisadi inkişafında görüləcək tədbirlər haqqında danışan V.Səfixanov Azərbaycan Respublikası Prezidenti İlham  Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Pirallahı rayonunun daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən söz açdı.
    Toplantı iştirakçılarının yekdil qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbə İƏD üzrə nümayəndəliyinin 2016-cı ildə gördüyü işlər, hesabatı nəzərə alınaraq, qənaətbəxş hesab olundu.
      Sonda vətəndaşların sualları cavablandırıldı və təkliflər nəzərə alındı.
Keçidlər