Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

22 fevral 2017 | 11:00

Başlıca vəzifə möhtərəm Prezidentin qarşıya qoyduğu məqsədlərə nail olmaqdır

    Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı ötən ili təhlil edərkən dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlərin artdığını, qanlı münaqişələr, müharibələrin davam etdiyini, yeni münaqişə ocaqlarının yarandığını qeyd etmişdir. O ki qaldı, bizim ölkəmizə - Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmiş, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmiş, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır. Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir, - deyə vurğulayan dövlət rəhbəri 2016-cı ildə ölkə qarşısında duran demək olar ki, bütün əsas vəzifələr təmin edildiyini bildirmişdir.
    İqtisadi sahədə 2016-cı ildə önəmli addımlar atılmış, ötən il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalmışdır. Sənayeləşmə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafının nəticəsi kimi ölkəmizdə qeyri-neft sənaye istehsalı keçən il 5 faiz artmışdır. Kənd təsərrüfatında da görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilmiş və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artmışdır. Azərbaycanda yaradılmış gözəl sərmayə iqlimi hesabına ölkəmizə 8 milyard dollar xarici investisiya cəlb edilmiş, ümumilikdə iqtisadiyyata keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur.
    Bu gün Azərbaycan Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var. Biz bunu qorumuşuq, qoruyacağıq və əminəm ki, bu il bunu daha da artıracağıq, - deyən Prezident İlham Əliyev dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatının dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxdığını xüsusi vurğulamış, bu rekord göstərici ilə MDB məkanında yenə də birinci olduğumuzu qeyd etmişdir. Dövlətimizin rəhbəri 2016-cı ildə maaşların 7 faiz, pensiyaların 8 faiz artdığını, ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atıldığını bildirmişdir.
    Çıxışında bizim artıq bir neçə sənaye parkımız var, deyə vurğulayan möhtərəm Prezident, rayonumuzda həyata keçirilən önəmli işlərə də toxunaraq qeyd etmişdir ki, keçən il Pirallahıda dərman preparatlarının istehsalı ilə bağlı təməlqoyma mərasimi keçirilmişdir. Prezident, həmçinin, Pirallahı adasında həm yeni sənaye zonası, həm də turizm infrastrukturu yaradılmasını da vurğulamışdır.
     Dövlət başçısının irəli sürdüyü yeni iqtisadi kursun, inkişaf istiqamətlərinin, müəyyən etdiyi hədəflərin icra mexanizmləri və formatı 22 fevral tarixində Pirallahı rayon İcra Hakimiyyətində keçirilmiş 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında geniş müzakirə obyektinə çevrildi. Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl, xalqın maraq və mənafelərini əsas götürən siyasətin nəticəsi olaraq Pirallahı rayonunun da yola saldığımız il ərzində həm sosial-iqtisadi, həm də ictimai-siyasi sahədə yeni uğurlu nəticələrə imza atdığını diqqətə çatdırdı.
     Son dörd ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahı rayonunun artıq tərəqqi və inkişaf yolu ilə inamla irəlilədiyini söyləyən, respublikamızın digər regionları kimi, günü-gündən abadlaşdığını və inkişaf etdiyini vurğulayan, rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verən V.İmanov yığıncaq iştirakçılarını 2016-cı il ərzində görülən işlər haqqında İcra Hakimiyyəti Başçısının hesabatını əks etdirən video-çarxa baxmağa dəvət etdi.
     Video-çarxda ilk olaraq Dövlət Proqramının icra vəziyyəti və qarşıda duran  vəzifələr işıqlandırıldı, Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən salınacaq “Yüksək Texnologiyalar Parkı”nda lahiyələndirmə işləri aparıldığı qeyd olundu. Bildirildi ki, Pirallahı  adasını  Abşeron  yarımadası  ilə  birləşdirən  avtomobil  yolu  körpüsünün  tikinti-quraşdırma  işləri tamamlanmış, körpünün orta  aşırımlarında,  120 m-lik  hissədə   gəmilərin  hərəkəti məqsədilə mövcud  dambanın  sökülməsi  işləri  tamamlanmış, Pirallahı qəsəbəsində ümumi uzunluğu 8,5 km olan mərkəzi yolda əsaslı  yenidənqurma, məhəllədaxili yollarda isə əsaslı təmir işləri aparılmışdır. Yol kənarının yaşıllaşdırılması üçün  30000 m³-dən  çox  torpaq  tökülmüş, Səməd Vurğun küçəsində yeni avtomobil dayanacağının inşasına və Yanacaqdoldurma kompleksinin tikintisinə başlanmışdır.
     Rayonun  Baş planının hazırlanması istiqamətində görülən işlər başa çatmaq üzrədir. Eyni zamanda Pirallahı qəsəbəsinin Baş və müfəssəl planı hazırlanır. Gürgən qəsəbəsində isə “Yeni Şəhər”in salınması məqsədilə müvafiq layihələndirmə işləri aparılır. Pirallahı RİH-in binasının, Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası Rayon Təşkilatı üçün tikilən yeni inzibati binanın inşası, Gənclər Əyləncə Mərkəzinin tikintisinə hazırlıq işləri davam edir.  28-ci  məhəllədə tikinti-quraşdırma işləri tamamlanmış postamentin üzərində Azərbaycan Respublikasının memarlıq abidələrini özündə əks etdirən ölkəmizin xəritəsi yerləşdirilmişdir.  
2016-cı ildə Pirallahı Rayon Sukanal İdarəsi tərəfindən əhalinin 80%-i 24 saatlıq su ilə təmin olunmuş, 83,8% isə su sayğacları ilə təmin edilmişdir. Pirallahı rayonuna gələn magistral su xəttinin 13000 metri tamamilə yenilənmiş və bununla da içməli suyun keyfiyyəti  yüksəlmişdir. Məcburi köçkünlərin kompakt yaşadığı S.Vurğun küçəsində yerləşən Köhnə xəstəxanaya 200 m kanalizasiya xətti çəkilmişdir. Ümumilikdə 30 yaşayış  binasının  fasadında və  dam  örtüklərində  təmir-tikinti  işləri  aparılmışdır. Bundan əlavə K.Rzayev, S.Bağırov küçələrində, 28-ci və 29-cu  məhəllələrdə 11 binanın zirzəmisindən qrunt suları təmizlənmişdir. 210 ədəd  kanalizasiya  quyusu  təmir  və  ya  bərpa  edilmiş, 28 ədəd  quyu  isə  yenidən  tikilmişdir.
    Pilot layihə olaraq rayon ərazisində 6 istilik enerji mənbəyinin idarə olunması elektronlaşdırılmış, bütün qazanxanalarda abadlıq işləri aparılmışdır. Qaz  xətlərinin  yeraltı  polietilen  borularla  əvəz  olunması, elektrik  xətlərinin yer altına keçirilməsi işləri davam edir. Dənizkənarı ərazilər mütəmadi olaraq tullantılardan təmizlənir. Həmçinin, il ərzində tullantı meydançalarının, onların ətrafının və zibil konteynerlərinin təmiz saxlanılması, sanitar qaydalara uyğun təmizliyi ciddi nəzarətdə saxlanılır.
Mərkəzi yolun genişləndirilməsi ilə əlaqədar ümumi uzunluğu 6300 p/m olan yeni dekorativ hasarın tikintisi başa çatdırılmış, başlanğıcında üstündə Azərbaycan  Respublikasının  dövlət bayrağı ucalan və saat quraşdırılmış, hündürlüyü 9,8 m olan qüllə inşa edilmişdir. Yolun qarşı tərəfində ucaldılmış qüllənin üzərində dekorativ elementlər və Bakı  şəhərinin  simvolu  həkk edilmişdir. S.Vurğun küçəsində dekorativ hasara tarixi abidələrin və müasir tikililərin  barelyefləri  və rəsmləri işlənilmişdir.
    Pirallahıda yerləşən 29 saylı Uşaq Yaradıcılıq Mərkəzinin fasadı və dam örtüyü təmir  olunmuş, qəsəbədə mövcud qeyri-yaşayış obyektlərinin fasadlarında təmir işləri aparılaraq, rayonun ümumi memarlıq görünüşünə uyğunlaşdırılmış, “Cırtdan” körpələr evi-uşaq  bağçasında təmir işlərinə başlanılmışdır.  Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi - uşaq bağçasında işlər tamamlanmaq üzrədir.
    «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində işlər 28-ci məhəllədə davam edir.  Pirallahı  qəsəbəsində “Yaşıl  bazar”ın  tikintisi, S.Vurğun, K.Rzayev, İ.Fioletov küçələrində,  mərkəzi  yol  kənarında   qeyri-yaşayış  obyektlərinin  inşası  davam  etdirilir. 77 saylı poçt şöbəsinin yaxınlığında yerləşən  ictimai-iaşə  obyektində isə yenidənqurma  işləri  aparılır. 40-cı  məhəllədə salınan, ümumi sahəsi 1 hektara  qədər  olan  “Yaşıl  park”ın  ərazisində  metal  konstruksiyadan  kafe  və  ticarət  mərkəzinin  inşası  aparılır.
     Rayon ərazisindən yerləşən və böyük əhəmiyyət daşıyan “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi istiqamətində görülən işlər  yekunlaşmaq üzrədir. Nəqliyyat-kommunikasiya qovşağına daxil olan Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində işlər dəniz akvatoriyasında və sahil boyu davam etdirilir.
     Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan Pirallahı Sənaye Parkı da məhz innovativ sənayenin inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı olmaqla, ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır. Əsasən əczaçılıq sahəsində ixtisaslaşacaq Pirallahı Sənaye Parkı ölkəmizdə yaradılan sayca 5-ci sənaye parkıdır. 30 hektar ərazidə yaradılacaq sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılacaq və digər xidmətlər göstəriləcək. Artıq Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək əczaçılıq şirkətləri ilə ilkin razılıqlar əldə edilib. Belə ki, Pirallahı Sənaye Parkına Rusiyanın “R-Farm” şirkəti ilə birgə təsis edilmiş “Həyat Farm” MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İran İslam Respublikasının “TPICO” şirkəti ilə birgə təsis ediləcək müəssisə tərəfindən isə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Pirallahı Sənaye Parkında “Həyat Farm” MMC tərəfindən 300 adda, digər birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulunun istehsalı planlaşdırılır. Bu müəssisələrin açılması, eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması prosesinə də böyük təkan verəcəkdir. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır. Məlumat üçün bildirək ki, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə də danışıqlar aparılır.
     Cari ildə rayonda Balıqyetişdirmə  kompleksinin tikintisi də planlaşdırılır. Bu isə açılacaq yeni iş yerləri, ölkə əhalisinin təminatı ilə yanaşı xaricə keyfiyyətli balıq məhsulları ixrac edəcək müəssisənin yaradılması deməkdir.
    Hesabat dövründə rayonda yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər intensiv surətdə davam etdirilmişdir. Belə ki, rayonda il ərzində 50000-dən çox  müxtəlif  növ ağac, 6000 ədəd gül və kol bitkiləri əkilmiş, onlara aqrotexniki qulluq göstərilmişdir. Həmçinin, mərkəzi yol kənarına qazon örtüyünün salınması üçün torpaq tökülərək müxtəlif landşaft elementləri, təpələr  düzəldilmişdir. O cümlədən, təpələr üzərində qaya daşları və gül kolları ilə müxtəlif kompozisiyalar  qurulmuş, bundan əlavə yol  kənarı  boyu dekorativ  çəpərlər  çəkilmişdir.
    Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, o cümlədən, insanların sağlamlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı və ardıcıl xarakter daşıyır. Ekologiyaya ciddi zərbə vuran süni göllərin qurudularaq yerində yeni yaşayış massivlərinin, abad məhəllələrin salınması üçün müvafiq tədbirlər görülür.
     Hesabat dövründə İcra Hakimiyyəti və digər rayon təşkilatları tərəfindən iki yüzdən çox tədbir həyata keçirilmiş, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliği, ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı açıq dərslərin keçirilməsi, Ulu Öndərin azərbaycançılıq məfkurəsinin təşviqi, böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsi, tarixi və əlamətdar günlərin qeyd olunması məsələləri gündəlik fəaliyyətin əsas istiqamətlərini təşkil etmişdir.
     V.İmanov sonda qeyd etmişdir ki, Pirallahının inkişafı və tərəqqisi ölkə rəhbərliyinin daim diqqətdə saxladığı məsələlərdəndir. 2016-cı il iyulun 16-da cənab Prezident Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon manat vəsaitin ayrılması barədə Sərəncam imzalamışdır. Pirallahı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 14  sentyabr  2016-cı il tarixli Sərəncamı da rayonun perspektiv inkişafına təkan verən strateji qərardır. 
     Hesabat ətrafında çıxış edən “Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov,   sahibkar Vüqar Mustafayev və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar. Zalda quraşdırılmış səyyar mikrofon önünə yaxınlaşan sakinlərin rayon rəhbərliyinə sualları və müraciətləri ətraflı cavablandırıldı. Milli məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Bayramov cənab Prezidentin rəhbərliyi ilə respublikada davam edən hərtərəfli, geniş və sürətli tərəqqidən ətraflı bəhs etmiş, dövlət başçısının həyata keçirdiyi yeni iqtisadi islahatlar, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbətlə qarşılandığını bildirmiş, Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndirmişlər.
     Daha sonra ötən il ərzində rayonun sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş,  keçirilən tədbirlərdə fəal iştirak etmiş, həmçinin rayonumuzu Respublika və Beynəlxalq idman yarışlarında layiqincə təmsil etmiş bir qrup sakinin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirildi. Hesabat yığıncağı iştirakçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
     Pirallahıda 2016-cı il ərzində görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, rayon zəhmətkeşləri 2017-ci ili də yüksək göstəricilərlə başa vuracaqlar. Ölkə başçısı cənab İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etmişdir. möhtərəm Prezident özünün proqram xarakterli çıxışları ilə qarşımızda yeni vəzifələr qoymuşdur. Pirallahı rayonunda həyata keçirilən genişmiqyaslı işlər, reallaşan müxtəlif məzmunlu proqramlar bizə inamla onu deməyə əsas verir ki, 2017-ci il, “İslam Həmrəyliyi ili” kimi, rayonumuzda yeni nailiyyətlərlə yadda qalacaq və müvəffəqiyyətlə başa çatacaqdır. Bu məqsədlə Pirallahı sakinləri ölkə başçısının göstərişlərini fəaliyyət proqramı kimi qəbul edərək rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin uğurla icra edilməsi istiqamətində bu gün var qüvvə ilə çalışırlar. Pirallahılılar əmin edirlər ki, möhtərəm Prezidentin qarşıya qoyduğu məqsədlərə nail olacaqlar və rayonumuz Bakı şəhəri üzrə birincilər sırasına çıxacaqdır.
 
 
 
 
Keçidlər