Şriftin ölçüsü :

Saytın rəngi :

O gün gələcəkdir!

24 fevral 2017 | 11:00

Pirallahılılar Xocalı soyqırımının 25-ci ildönümünü yad etdilər

    Fevralın 24-də Pirallahı rayon İcra Hakimiyyətində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. “Xocalıya ədalət” başlığı altında təşkil olunan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkili Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xocalıdan olan məcburi köçkün ailələri, Pirallahı rayonunun idarə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri, orta məktəblərin müəllim və yuxarı sinif şagirdləri iştirak etdilər. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük zalında baş tutmuş tədbirdən öncə iştirakçılar foyedə təşkil olunmuş Xocalı soyqırımına həsr edilən foto-stend, kitab sərgisi və Pirallahı rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular. 29 №-li Uşaq Yaradıcılıq Mərkəzinin rəssamlıq dərnəyi üzvlərinin Xocalı soyqırımını özündə əks etdirən rəsmləri malbertlər və stendlərdə nümayiş olunurdu.
    Tədbir 25 il əvvəl erməni vəhşiliyinə tuş gəlmiş Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlandı. Açılış sözü ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Vasif İmanov XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqrımı bütün insanlığa və bəşəriyyət qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirdi. Dünya səviyyəsində Xocalı soyqırımı tarixin yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrlə bərabər tutulur. Planlı şəkildə həyata keçirilən bu soqırımının məhz Xocalıda törədilməsi təsadüfi deyil. İşğalçı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid olan ərazilərdən biri kimi tarixi və mədəniyyət abidələri ilə seçilirdi. Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edirdi.
   1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın bilavasitə iştirakı ilə, ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini  yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdilər. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər insan adına sığmayan vəhşiliklərə məruz qalanlar çoxluq təşkil edirdi.
    Vasif İmanov bildirmişdir ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi və təkidi ilə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar  ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martı Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
    2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti vermişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”. Bu gün Milli  Ordumuzun döyüşkən oğulları, düşməndən ən an qisas almağa, pozulmuş ərazi  bütövlüyümüzü təmin etməyə qadirdir - deyən V.İmanov 2016-cı ilin aprel döyüşlərində ordumuzun erməni işğalçılarına sarsıdıcı zərbələr endirdiyini vurğuladı, torpaqlarımızın azad olunacağı günün çox da uzaqda olmadığını bildirdi.
    Çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov diqqətə çatdırdı ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının müasir zirehli texnikası - 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsinin köməyi ilə Xocalı şəhərini işğal edib, yüzlərlə insan qətlə yetirilib, əlil olub, minlərlə Xocalı sakini əsir götürülüb. Soyqırımına cavabdeh olan mayor Seyran Ohanyan general rütbəsinə qədər yüksəlmiş və xeyli müddət Ermənistanın müdafiə naziri olmuşdur. Rəsmi Yerevan indiyə kimi Xocalıda baş vermiş hadisələri sadəcə hərbi əməliyyat kimi qiymətləndirir və məsuliyyəti öz üzərinə götürmək istəmir. Bayram Səfərov dedi ki, ermənilər tərəfindən xalqımızın başına gətirilmiş müsibətlərin unudulmaması çox əhəmiyyətlidir. B.Səfərov vurğulamışdır ki, məcburi köçkünlərə, hər bir döyüşçüyə, şəhid ailələrinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. B.Səfərov Azərbaycan rəhbərliyinin Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlərdən danışmış, bu məsələdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən "Xocalıya ədalət" kampaniyasının rolunu xüsusi vurğulamışdır.
    Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalı faciəsinin dünyada bənzərinin olmadığını vurğuladı. Qeyd etdi ki, faciə zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Bu rəqəmlər insanı dəhşətə gətirir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. ABŞ səfiri Robert Sekuta və xanımı Goranboyda Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə olarkən, Xocalı soyqırımının şahidlərindən 10 nəfəri eşitmək istəmiş, lakin səfir və xanımının iki nəfəri dinlədikdən sonra qalan şahidləri dinləməyə gücü çatmamışdı. Xocalı soyqırımının şahidlərinin dediklərindən sonra səfirin xanımının halı pisləşmiş, o bir neçə dərman atmalı olmuşdu. Ötən əsrlər boyunca ermənilərin daim Azərbaycan ərazilərinə torpaq iddiaları olduğunu deyən Ş.Usubov bədnam qonşularımızın öz havadarlarına arxalanaraq, azərbaycanlıların gözünü qırmaqdan ötrü silsilə soyqırımılar törətməkdən də çəkinmədklərini söylədi. Xocalıdan öncə belə soyqırımılar Meşəlidə, Kərkicahanda, Qaradağlıda baş verdi. Xocalılar hər zaman torpağına, xalqına, elinə-obasına bağlı insanlar olublar. Bu gün də biz fəxrlə deyirik ki, Xocalı olaraq döyüşmüşük, torpaq uğrunda qan tökmüşük. 366-cı alay ilə erməni silahlı birləşmələrinin müqayisəolunmaz dərəcədə hərbi üstünlüyü səbəbindən işğala, soyqırımına, qanlı faciəyə məruz qalmışıq. Ancaq indi dövlətimizdən, ölkə rəhbərliyindən aldığımız güc bizə inam verir deyək ki, doğma torpaqlarımıza mütləq qayıdacağıq. Bu gün Cocuq Mərcanlıya olan qayıdış yaxın gələcəkdə Xocalıya doğru da istiqamətlənəcək, - deyən Ş.Usubov o vaxt sosial layihələrin, quruculuq və abadlıq işlərinin Xocalıda da davam etdirəcəyini vurğuladı.
    YAP Siyasi Şurasının üzvü, “Əməkdar jurnalist”, “İki sahil” qəzetinin baş redaktoru, Vüqar Rəhimzadə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamını xüsusi qeyd etdi. Xocalı  soyqırımını  XX əsrin soyqırımı adlandıran Vüqar Rəhimzadə bu qətliamla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini yüksək qiymətləndirmiş, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmış, fevralın 22-də ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkombun xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini İndianada “Xocalını Anma Günü” elan etdiyini bildirmişdir.
     Millət vəkili Hikmət Babaoğlu, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev və digər çıxış edənlər bildirdilər ki, Xocalı  soyqırımı  da Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycan xalqı son 200 il  ərzində erməni millətçi-şovnistlərinin davamlı olaraq soyqırım  siyasətinə, etnik   təmizləmə prinsiplərinə məruz qalmış, zaman-zaman  öz  tarixi  torpaqlarından məhz  erməni qəsbkarları tərəfindən qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir. Çıxış edənlər  azərbaycanlıların  öz  tarixi,  etnik  torpaqlarından  ermənilər  tərəfindən  çıxarılması  prosesinin hələ sovet dönəmindədə baş  verdiyini  diqqətə  çatdırdılar. 1948-1953-cü illərdə Ermənistandan 150 mindən artıq azərbaycanlının  deportasiya olunduğu,  eyni zamanda, 1988-ci  ildən başlayaraq, 250 mindən  artıq  soydaşımızın dədə-baba  torpaqlarından  məhz  ermənilərin  məkrli siyasəti nəticəsində vəhşicəsinə köçürüldüyünü də vurğuladı.  1988-ci ildən Dağlıq Qarabağ  ətrafında  başlayan hadisələrin məhz saxta erməni  iddialarının,  "dənizdən-dənizə  Ermənistan" adlı sərsəm bir arzunun nəticəsi olduğu,  Azərbaycanın  kənd  və  şəhərlərinin dağılması,  on  minlərlə  günahsız soydaşlarımızın  ölümü  ilə  müşahidə  olunduğu  söylənildi. Beynəlxalq hüquq normalarına zidd olaraq, işğalçı Ermənistan  Dağlıq  Qarabağı  özününküləşdirmək kimi yanlış bir niyyətindən hələ  də  əl  çəkmir,  bu  yolda  cinayət  və vəhşiliklərə də hazır olduğunu nümayiş etdirir.  XX əsrin  ən  böyük  faciəsi, qətliamı kimi Xocalı soyqırımının da  bu aqressiv cinayətkar siyasətin nəticəsi olduğu, XX  əsrin sonunda  baş  vermiş  bu faciənin  təkcə Azərbaycan  xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğu bir daha  vurğulandı.
    Tədbirə Gənc Tamaşaçılar Teatrının hazırladığı, erməni vəhşiliyini, vandalizmini əks etdirən “Arzu və Murad” tamaşasına baxışla yekun vuruldu. Tamaşanın yekununda aktyorlarla səmimi görüşən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov yüksək səviyyədə hazırlanmış səhnə əsərinə görə onlara təşəkkürlərini çatdırdı və yeni-yeni yaradıcılıq uğurları arzuladı. Tədbir başa çatdıqdan sonra Xocalıdan olan məcburi köçkün ailələrinə Pirallahı RİH tərəfindən maddi yardımlar təqdim edildi.
    Azərbaycan Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının  XX əsrin ən böyük cinayətlərindən biri olduğunu bildirərək demişdir: “Xocalı soyqırımı ermənilərin vəhşiliyini göstərmişdir. Amma yenə də deyirəm, hələ ki, dünyada ikili standartlar siyasəti mövcuddur, erməni lobbisi, dünya erməniliyi və onların havadarları çalışırlar ki, erməniləri bu vəziyyətdən çıxarsınlar. Biz isə bundan sonra da çalışacağıq ki, bütün dünya Xocalı haqqında bilsin. Bizim indi imkanlarımız da artır, o cümlədən təbliğat imkanlarımız genişlənir. Biz istənilən ölkədə diaspor təşkilatlarımızın xətti ilə, dövlət xətti ilə istənilən tədbiri, konfransı keçirə bilərik. Bunu edirik və bu həqiqətləri bütün dünyaya çatdırırıq. Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir”.
 
 
Keçidlər