Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Pirallahı rayonunda müşavirə keçirilib

14 mart 2017 | 11:00
     Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixində Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Pirallahı rayonu üzrə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə rayonun müəssisə və təşkilatlarının, yerli strukturlarının, xidmət sahələrinin, təhsil və səhiyyə ocaqlarının rəhbərləri, işğal olunmuş rayonlardan olan məcburi köçkün ailələrinin nümayəndələri iştirak etmişlər. Müşavirəni Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açmış və qeyd etmişdir ki, işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin salınmış bir milyondan artıq soydaşımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin daim diqqət mərkəzində saxladığı prioritet sahələrdən olmuşdur və hazırda bu sahədə qətiyyətli addımlar atılır. Ölkənin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin aradan qaldırılmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev də bu xətti uğurla davam etdirir. Bu istiqamətdə həyata keçirilən düşünülmüş dövlət siyasəti, isti ocaqlarından didərgin salınmış soydaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində artıq bu qəbildən olan insanlar hər cür infrastruktura malik mənzillərlə təmin olunmuşdur.
     Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr olunması sübut edir ki, xalqımızı hər an narahat edən bu məsələ dövlət siyasətinin əsasını təşkil edir. 9 mart 2017-ci il tarixində keçirilən müşavirədə Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələnin dövlətimizin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri olduğunu bildirmiş və qeyd etmişdir ki, problemləri qısa zamanda həll etmək üçün tam gücümüzlə birgə çalışmalıyıq: “Bu gün onları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir”. 2004-cü ildə qəbul edilmiş qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir.
     Bildirilmişdir ki, 1992-1993-cü illərdə Pirallahıya pənah gətirən məcburi köçkünlərin əsas əmək ixtisasları kənd təsərrüfatı ilə bağlı olsa da, hal-hazırda onların bir çoxu neftçi, inşaatçı, nəqliyyatçı və digər ixtisaslara yiyələnmişlər, fərdi sahibkarlıqla məşğul olanlar üçün əlverişli şərait yaradılmışdır. Onlar, əsasən "Abşeronneft", "Neft Daşları" və "28 May" NQÇİ-lərdə, 5 saylı Nəqliyyat Departamentində, MKTB-də, Sukanal idarəsində və digər sahələrdə çalışırlar. Pirallahı qəsəbəsində məcburi köçkünlər üçün hündür mərtəbəli binaların tikintisi üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə hərəsi 3 hektar olmaqla, cəmi 6 hektar torpaq sahəsi ayrılmışdır. Məcburi köçkünlərin işlə təminat və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzində saxlanılır.
     Müşavirədə Xocalı rayonundan məcburi köçkün Həcər Ramazanova, Laçın rayonundan məcburi köçkün Nizami Abdullayev və Sevda Alxasova,  Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Pirallahı rayonu üzrə sektor müdiri İlqar Məmmədli çıxış edərək məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azəbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
     Pirallahı və Gürgən qəsəbə nümayəndələri Həsən Niftəliyev və Nicat Qafarov məcburi köçkünlərin sıx məskunlaşdığı obyektlərdə onların mənzil-məişət şəraitləri barədə geniş informasiya verərək görülmüş işlər barədə müşavirə iştirakçilarını məlumatlandırdılar. Ardınca rayon ərazisində məskunlaşmış məcburi köçkünlərin Dövlət Proqramının tələblərinə uyğun olaraq işlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Daha sonra müşavirədə səslənən məsələlər ətrafında müzakirələr aparılmış və təkliflər irəli sürülmüşdür. Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov müşavirəyə yekun vuraraq aidiyyəti qurumlara və şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını vermişdir. Həmçinin İcra başçısı bildirmişdir ki, müzakirə olunan məsələ ilə bağlı Sərəncam imzalamış, İşçi qrupu yaradılmış və Tədbirlər Planının hazırlanması üçün tapşırıq verilmişdir.
Keçidlər