Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim Pirallahıda Novruz bayramı milli ruhda qeyd edildi

17 mart 2017 | 11:00
     Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün böyük uzaqgörənliklə müəyyən etdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə özünün müsbət nəticələrini verməkdədir. Ölkəmiz sürətlə inkişaf edir, regionun lider dövləti olan Azərbaycan yeniləşir, müasirləşir və modernləşir. Azərbaycanın iqtisadiyyatından tutmuş hərb sahəsinədək həyatımızın bütün sferalarında sürətli inkişaf, böyük tərəqqi əldə edilmişdir. Özünün şah əsəri olan müstəqil Azərbaycanın çiçəklənən bir diyara çevrilməsi, müasirləşmə strategiyasının həyata keçirilməsi istiqamətində əhəmiyyətli addımlar atmış ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir. Paytaxtımız Bakının, onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı da ölkə başçısının daim diqqətində olan məsələlərdəndir. 
    Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları sosial yönümlü proqram və layihələrin icrasının ölkəmizin inkişafında əsas rol oynadığını bir çox çıxışlarında xüsusi olaraq qeyd etmişdir. Bu konteksdən yanaşdıqda Pirallahı rayonunda son dörd ildə icra edilən Dövlət Proqramları çərçivəsində reallaşdırılan layihələr xüsusi əhəmiyyətə malikdir. Bu günlər Pirallahı rayonunun bütün ərazisi yenidənqurma və abadlıq işləri ilə əhatə olunmuşdur. Əlamətdar haldır ki, bu il Pirallahı rayonunda ulu Novruz artıq beşinci dəfə böyük təntənə ilə bayram edilir. Pirallahı rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq mart ayının 6-dan etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunmuşdur. Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, iməciliklər, yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilmiş, 250 minədək müxtəlif meyvə ağacları əkilmişdir. Novruz bayramı münasibətilə aztəminatlı sakinlərə, Qarabağ müharibəsi əlilləri və veteranlarına, məcburi köçkünlərə, ümumilikdə iki yüzə yaxın ailəyə bayram sovqatı çatdırılmışdır.
      Əziz bayramın təntənəli və yaddaqalan olması məqsədilə istirahət parklarında, mərkəzi küçələrdə göz oxşayan tərtibat işləri aparılmış, avtobus dayanacaqlarına və mağaza vitrinlərinə  Novruzun gəlişini əks etdirən plakatlar vurulmuş, rayonun  mədəniyyət evlərində, digər incəsənət ocaqlarında bayram tamaşaları hazırlanmışdır. Pirallahı rayonunun bütün ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində, 14 saylı uşaq musiqi məktəbində baharın gəlişinə həsr olunmuş tədbirlər təşkil olunmuşdur. Tədbirlərdə Novruz bayramını tərənnüm edən stendlər nümayiş olunmuş, torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar təqdim edilmişdir. Hazırlanmış Novruz səhnəcikləri, səsləndirilən milli nəğmə və deyimlər, söylənilən bayatılar, cavablandırılan Novruz tapmacaları tamaşaçılarda xoş bayram ovqatı yaratmışdır.
     Pirallahı rayonunun əsas Novruz bayramı tədbirinə martın 17-də Gənclər Parkında start verilir. Bayramsayağı bəzədilmiş Parka daxil olan Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəni və digər qonaqları milli geyimli oğlan və qızlar bayram xonçası və səməni ilə qarşılayırlar. Bahar qız, Kosa və Keçəl bayram tədbirinə xüsusi rövnəq verirlər. Zurnaçalanlar dəstəsinin ifa etdiyi “Cəngi” sədaları altında Pirallahı idmançıları qonaqlara müxtəlif idman növlərinə aid nümunəvi çıxışlar nümayiş etdirirlər. Bir-birinin ardınca meydana daxil olan güləşçilər, karateçilər, samboçular, ağırlıq qaldıranlar, daş oynadanlar öz məharətlərini göstərirlər. Qol güləşdirənlərin və kəndir dartanların yarışı da maraqla qarşılanır. “Neftçi” İSM-in Pirallahı stadionunun, Pirallahı idman zalının, orta məktəblərin təmsilçiləri yarışlarda daha çox fərqlənirlər...
      Meydanın digər tərəfində isə Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçaları, 29 №-li Uşaq Yaradıcılıq Mərkəzi və V.Mustafazadə adına Mədəniyyət Mərkəzi öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgi düzənləmişdilər. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı. Üzbəüzdə qurulmuş 10 molbert üzərində rəsm studiyasının yetirmələri Novruz mövzusunda improvizasiya bacarıqlarını nümayiş etdirirdilər...
     Qonaqları alqışlayan el ağsaqqalı Dədə Qorqud əlindəki məşəli Vasif İmanova təqdim etdi və Rayon İcra Hakimiyyətinin Başçısı bayram tonqalını alovlandırdı. Pirallahı sakinlərini və qonaqları xalqımızın milli bayramı olan qədim Novruz münasibətilə ürəkdən təbrik edən V.İmanov əziz bayram haqqında geniş məlumat verdi, qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğuladı, Novruz adətləri barədə danışdı. Bildirildi ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev Novruz bayramını çox sevirdi, bu qədim bayramın dirçəlməsi, qorunub-saxlanması üçün böyük işlər görmüşdü. Ulu Öndər hər il Novruz bayramını xalqla birlikdə keçirər, qədim adətlərimizi gözəl bildiyini nümayiş etdirərdi.
      Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev ulu Novruzun ölkəmizdə yüksək səviyyədə qeyd olunması üçün vətəndaşlarımıza hər cür şərait yaratmışdır, hər il cənab Prezident soydaşlarımızı əziz bayram münasibətilə təbrik edir. Ulu babalarımızdan bizə ərməğan olan Novruz bayramının dirçəldilməsində, layiqli səviyyədə qeyd edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın xüsusi xidmətləri olmuşdur. Təsadüfi deyil ki, 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
      Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər və digər bu kateqoriyadan olan insanların  da qayğı ilə əhatə olunduğunu, bir çox ailələrə bayram sovqatı təqdim edildiyini, bu günkü bayram tədbirinin sakinlərin ürəyincə olması üçün çalışdıqlarını qeyd edən Vasif müəllim bundan sonra da əlbir işləməklə cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin, xüsusən Pirallahının abad, inkişaf etmiş bir rayona, Bakı şəhəri üzrə birincilərdən birinə çevrilməsi tapşırığının birgə, müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminlik ifadə etdi, Pirallahı sakinlərini əziz Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edərək, rayon zəhmətkeşlərinə yeni-yeni uğurlar arzuladı.
       Daha sonra rayonda gedən quruculuq-abadlıq işlərində, təhsilin inkişafında və mədəni-kütləvi tədbirlərin keçirilməsində fərqlənən sakinlər Pirallahı Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edildilər. Minlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri mədəniyyət işçilərinin, o cümlədən tanınmış ifaçılar, Azərbaycan Respublikasının xalq artisti Bilal Əliyev, əməkdar artist Elza Seyidcahan, Səyyad Əlizadə, “Tin uşaqları” qrupunun ifasında konsert proqramı, atəşfəşanlıq və xalq gəzintisi ilə axşamdan xeyli keçənədək davam etdi. Rəngarəng Novruz bayramı tədbirləri Gürgən qəsəbəsində, Çilov adası və Neft Daşlarında da yüksək səviyyədə təşkil edilmişdi.
 
 
Keçidlər