Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda aprel döyüşləri böyük ruh yüksəkliyi ilə anıldı

03 aprel 2017 | 11:00

Şəhid Sarvan Natiq oğlu Mehralıyevin il mərasimi izdihamla keçdi

Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçilərlə görüş keçirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bildirmişdi ki, bir il bundan əvvəl işğalçı Ermənistan növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, hücum etdi, yaşayış məntəqələrimizi atəşə tutdu... Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirdi və düşmənə sarsıdıcı zərbələr endirdi. Əməliyyat nəticəsində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad edilmişdir, biz indi on minlərlə hektar torpaq sahəsinə nəzarət edirik.
Aprel döyüşlərini bizim şanlı hərbi qələbəmiz, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə adlandıran ölkə başçısı aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağının dalğalandığını vurğulamışdır. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.
Aprel ayının 2-də aprel döyüşlərində Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhid olan Sarvan Mehralıyevin böyüyüb boya-başa çatdığı Pirallahı rayonunda anım mərasimi keçirildi. Hərbi orkestr Azərbaycanın Dövlət Himnini və Əsgər Marşını ifa etdi. Geniş izdihamlı mitinqlə başlayan mərasimdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, “Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi”nin idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkilləri Elman Məmmədov və Xanhüseyn Kazımlı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, "Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarov,  Müdafiə Nazirliyinin idarə rəisi Rasim Əliyev, digər rəsmi şəxslər, Pirallahı və Xocalı  rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər, şəhid Sarvan Mehralıyevi dərin hüzn, eyni zamanda böyük qürur hissi ilə andılar.
Mitinqdə çıxış edən Vasif İmanov, Bayram Səfərov, Şahmar Usubov, Rasim Əliyev, polkovnik Abdulla Qurbani və digər natiqlər Sarvanın keçdiyi qısa, lakin dərin mənalı, bir çox nəsillərə örnək ola biləcək həyat yolundan geniş söhbət açdılar, Allah, vətən və millət yolunda canından keçən şəhidlərin ən yüksək məqama, şərəfli bir zirvəyə yüksəldiklərini vurğuladılar. Bildirildi ki, öz canları və qanları hesabına Azərbaycana azadlıq və müstəqillik qazandıran ataların və babaların qəhrəmanlıq yolunu davam etdirən Sarvan məktəbin bütün tədbirlərində fəal iştirak edən intizamlı bir şagird, hər an ehtiyac duyana köməyə gəlməyə hazır olan etibarlı bir dost, bir çox yarışlarda uğur qazanmış məharətli bir idmançı, Vətəni böyük məhəbbətlə sevən igid bir gənc olmuşdur.
Vətən uğrunda bir an tərəddüd etmədən canını fəda etmiş igidlərdən biri, əslən Xocalı rayonunun Meşəli kəndindən olan və ailəsi ilə birlikdə Pirallahı rayonunda müvəqqəti məskunlaşmış Mehralıyev Sarvan Natiq oğlu 8 iyul 1997-ci ildə anadan olub, Bakı şəhəri, Pirallahı rayonu, 186 №-li tam orta məktəbi 2014-cü ildə bitirib. Qardaşı Namiqlə birgə  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi tərəfindən 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmış və hər ikisi cəbhə xəttində, “N” saylı hərbi hissəsində xidmətə başlamışlar. Aprel döyüşlərinə qədər xidmətdə olduqları 10 ay  müddətində nümayiş etdirdikləri nizam-intizama, bir neçə dəfə mühüm hərbi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə fəxri fərman və təşəkkürnamə ilə təltif edilmişdilər. Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən hər iki qardaş qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini susduran, bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edən Sarvan Lələtəpəyə ilk olaraq çatmış və burada qəhrəmancasına şəhid olmuşdur. Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
Bildirildi ki, aprel döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, işğalçının 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb. Möhtərəm Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində ordu yeni, müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunur. Ordunun döyüş hazırlığı gündən-günə artır, mənəvi–psixoloji durumu yüksək səviyyədədir, sosial bazanın möhkəmlənməsi istiqamətində böyük işlər görülmüşdür. Əgər erməni faşistləri danışıqlar yolu ilə, könüllü surətdə işğal etdiləri əraziləri tərk etməsələr Azərbaycan Ordusu yeni-yeni Lələtəpə, Bayraqtəpə əməliyyatlarını həyata keçirməyə hər an hazırdır.
Şəhidin anası Xatirə xanım dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib, Sarvanın tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu və Vətən çağıracağı təqdirdə müsəlləh bir əsgər kimi silaha sarılaraq onu göz bəbəyi tək qorumağa hər an hazır olduğunu söylədi. Şəhidin qardaşı Namiq Mehralıyev Ali Baş Komandanın əmri olarsa Sarvanın qəhrəmanlığını təkrarlamağa hazır olduğunu dilə gətirdi, bütün Pirallahı gənclərini Sarvandan nümunə götürməyə, Vətəni Sarvan kimi sevməyə, ali məqsədlər uğrunda, müqəddəs amallar uğrunda döyüşə hazır olmağa çağırdı.
Mitinqin sonunda polkovnik Abdulla Qurbani elə bu gecə çapdan çıxmış, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nəşr olunmuş "Lələtəpə fatehləri" kitabının ilk nüsxəsini Lələtəpənin ilk şəhidinin anası Xatirə xanıma hədiyyə etdi. Anım mərasimi şəhidin ruhuna dualar oxunması və ehsan süfrəsi ilə başa çatdı.

Keçidlər