Qəlbi dağ çaylarının zümzüməsindən su içmiş şair
Qədim Pirallahıda aprel ayının 12-də Rayon İcra Hakimiyyəti rəhbərliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nümayəndələrinin, Pirallahı rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşlarının, məktəblilərin iştirakı ilə tanınmış nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1988-ci il respublika komsomolu mükafatı laureatı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, hamımızın Baba Vəziroğlu kimi tanıdığımız Baba Vəzir oğlu Məsimovla görüş keçirildi.
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük zalında baş tutmuş tədbirdən öncə iştirakçılar şairin kitablarından ibarət foyedə təşkil olunmuş sərgi ilə tanış oldular.
Tədbiri açıq elan edən aparıcılar Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev cənablarının şəxsi təşəbbüsü ilə 2012-ci ildə yaradılmış Bakı şəhərinin ən gənc rayonunda, gənc olmasına baxmayaraq böyük perspektivləri və işıqlı gələcəyi olan, qədim Pirallahı torpağında hörmətli qonağı salamlamaqdan hər bir pirallahılının böyük məmnunluq hissi duyduğunu xüsusi qeyd etdilər. Bildirildi ki, hər bir azərbaycanlı kimi, Pirallahı sakinlərinin də yaxından tanıdığı, şeirlərini sevə-sevə oxuduğu, sözlərinə bəstələnmiş mahnıları böyük məhəbbətlə dinlədiyi Baba Vəziroğlu 1954-cü il yanvar ayının 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan Azərbaycan Dövlət Universitetinin hazırlıq fakültəsinə göndərilmiş, daha sonra Universitetin jurnalistika fakültəsində təhsil almış, M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini qiyabi bitirmişdir. Ötən əsrin 70-ci illərində Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı olmuş, 1991-ci ilə qədər Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir. "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuş, 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir.
Baba müəllim ədəbi fəaliyyətə 1976-cı ildə "Ulduz" jurnalında çap etdirdiyi "Bir yaz axşamı" hekayəsi ilə başlamışdır. Həmin vaxtdan Baba Vəziroğlu dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Uzun illər teleşirkətdə aparıcı işləmiş, "Mir" Dövlətlərarası Teleradio Şirkətində redaktor, Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor olmuşdur. Baba müəllimin tutduğu vəzifələri sadalayarkən Kinematoqrafçılar İttifaqında ədəbi proqramlar studiyasının müdiri, "Yurd" jurnalının məsul katibi, "İstedad" jurnalının baş redaktorunun müavini işlədiyini də qeyd etmək yerinə düşər. 2002-ci ildən o, Kinematoqrafçılar İttifaqında idarə heyətinin katibidir.
Baba Vəziroğlunun 1000-dən artıq şeirinə mahnı bəstələnmişdir. O, həm də istedadlı ssenaristdir. Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatından bəhs edən "Haradan başlanır vətən", "Elegiya" sənədli filmlərinin, eləcə də "Həsən Seyidbəyli", dünya şöhrətli müğənnimiz Rəşid Behbudovu tərənnüm edən "Yeri boş qalan adam", əvəzsiz aktyorumuz Həsən Turabovun ömür yolunu işıqlandıran "Sənsiz və ya ömrün son axşamı", bəstəkar Oqtay Kazımova həsr olunmuş "Beş nəğməlik ömür" və digər sənədli filmlərin ssenari müəllifi Baba Vəziroğludur. O 1983-cü ildə alman dramaturqu İon Luka Karacalenin "İtirilmiş məktub" pyesini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə keçmiş SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülmüşdür. 2000-ci il "Humay" mükafatı laureatı olmuş, 1 avqust 2005-ci ildə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" adına layiq görülmüşdür.
Baba Vəziroğlunun sözlərinə yazılmış “Bağışlaram səni” mahnısının sədaları altında Azərbaycan Respublikasının xalq artisti Mübariz Tağıyev, Bəstəkar Sevinc Tofiqqızı, Şeyx Əbdül Mahmudov, istedalı müğənni Çinarə Məlikzadə, xanəndə Mütəllim Dəmirov səhnəyə dəvət edildilər. Pirallahı məktəblilərinin ifasında şairin “Taleyimdən keçən gün”, “Nəyi gözləyirsən”, “Kim bilir”, “Bu axşam”, “Hava”, “Gözüm səni axtaracaq”, “Dəniz”, “Xatirələr” şeirləri səsləndi. Şeyx Əbdül Mahmudov, Mübariz Tağıyev, Sevinc Tofiqqızı öz çıxışlarında adını müqəddəs Baba dağından almış, qəlbi dağ çaylarının zümzüməsindən su içmiş, şeirləri meşələrimizin qəlblərə hopan tər-təmiz havası ilə nəfəs alan şairimizin nəsr və nəzm sahəsində qazandığı uğurlardan söz açdılar, "Səhər qatarı", "Yaddan çıxan görüş", "Ocaq", "Yol", "Dünya dəyməz göz yaşına" kimi kitabların ədəbiyyatımıza dəyərli töhfə olduğunu bildirdilər. Mübariz Tağıyev, Çinarə Məlikzadə və Mütəllim Dəmirovun canlı ifasında şairin sözlərinə yazılmış mahnılar dinləyicilərin zövqünü oxşadı və sürəkli alqışlarla qarşılandı. Oxucuları qarşısında bədii hesabat xarakterli çıxışı və söylədiyi yeni şeirləri ilə alqışlar qazanan Baba Vəziroğlu görüş iştirakçılarının sevimli şairə ünvanladığı çoxsaylı sualları da cavablandırdı.
Tədbirin sonunda şairi bir daha ürəkdən salamlayan və yaradıcılığında yeni-yeni uğurlar arzulayan Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ədəbiyyat sahəsində qazandığı nailiyyətlərə görə, eyni zamanda rayonun ictimai və mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə şair Baba Vəziroğlunun Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif edildiyini bildirdi və mükafatı, eləcə də Pirallahı rayonunun simvolunun maketini hörmətli qonağa təqdim etdi.