Şriftin ölçüsü :

Saytın rəngi :

Məqsəd Pirallahını paytaxtımızın ən qabaqcıl rayonlarından birinə çevirməkdir

20 aprel 2017 | 11:00

Başçı yanında Şuranın iclasında 2017-ci ilin birinci rübündə rayonda görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən geniş söhbət açıldı
 
Artıq tarixə çevrilmiş 2017-ci ilin birinci rübü ölkəmizin müstəqillik salnaməsində uğurlu bir səhifə kimi öz layiqli yerini tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının düşünülmüş, məntiqli və məqsədyönlü siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə və xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına xidmət etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Pirallahının sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyə üzvlərinin, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən Pirallahı rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Vasif İmanov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdir.
Daha sonra Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov qeyd etmişdir ki, Pirallahı  adasını  Abşeron yarımadası ilə birləşdirən  avtomobil yolu körpüsündə tikinti-quraşdırma  işləri  tamamlanaraq, hazırda körpünün yan tərəfindəki  mövcud yolda işlər davam etdirilir. Eyni zamanda Gürgən  qəsəbəsində geniş miqyaslı abadlıq-quruculuq işlərinə start verilmişdir. Mərkəzi yol boyu Abşeron  memarlığını  özündə əks  etdirən  qala  divarı, dekorativ  hasarlar,  6  ədəd bürc inşa olunur. Buradakı qədim bulağın bərpası da nəzərdə tutulmuşdur. Əhalinin  istirahəti  üçün Gürgəndəki gölün ətrafında parkın  salınması  işləri  həyata  keçirilir.  Artıq gölün üzərində piyadalar  üçün körpü düzəldilmiş, ətrafında 4 metr enində yol çəkilmiş, 9 metr hündürlüyündə şəlalə  quraşdırılmış, arxadakı yamac  hissədə  yaşıllıqlar  salınmışdır.
Gürgən qəsəbəsindən avtomobil yolu körpüsünə gedən mərkəzi  yol  boyu dəniz  kənarı ilə böyük bir sahədə balıqçı və neftçilərə aid qayıqlar, neft çənləri, balıqçı heykəli, qaya daşları və s. estetik gözəllik yaradan elementlərdən ibarət kompozisiyanın  qurulması nəzərdə tutulmuşdur.
Bildirilmişdir ki, rayonun  Baş planı Fövqəladə Hallar Nazirliyinin Ekspertiza idarəsinə təqdim etmək üçün artıq hazırdır. Həmçinin, rayon mərkəzi olan Pirallahı qəsəbəsinin Baş və müfəssəl planı hazırlanır, Gürgən qəsəbəsində isə “Yeni Şəhər”in salınması məqsədilə müvafiq layihələndirmə işləri aparılır. Rayonda salınacaq “Yüksək Texnologiyalar Parkı”nda da lahiyələndirmə işləri davam edir. Burada katric istehsalı üzrə müəssisənin tikintisi üçün 2,5 ha torpaq sahəsi ayrılmışdır.
Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi - uşaq bağçasında işlər tamamlanmaq üzrədir. Sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə K.Rzayev  küçəsində məhəllələrdə abadlıq  işləri  aparılaraq 6, 12, 16 nömrəli, İ.Fioletov küçəsində 8, 14, 18, 20, 22 nömrəli, S.Bağırov küçəsində 3 nömrəli yaşayış binalarının fasadlarında təmir  işləri  görülmüşdür. K.Rzayev  küçəsindəki  4, 18 və  22 nömrəli   yaşayış  binalarında  isə  təmir  işləri  davam  etdirilir.
Rayon mərkəzinin girişində böyük ölçülü “Pirallahı”  yazısı və rayonun simvolu  quraşdırılmış, gecə  işıqları  ilə  təchiz  olunmuşdur.  Yolun qarşı tərəfində isə müxtəlif  ölçüdə qaya daşlarından ibarət dekorativ kompozisiya qurularaq üzərinə  ölkədə  mövcud  olan tarixi və müasir tikililəri, təbiət mənzərələrini özündə əks etdirən rəsmlər həkk olunmuşdur. Pirallahı  qəsəbəsində uzunluğu 10 kilometrədək, eni 12-22 metr olmaqla  mərkəzi  yolda əsaslı  təmir  işləri davam etdirilmiş, yol boyu mövcud torpaq qatı çıxarılmış və yeni yol yatağı  tikilərək alt  asfalt-beton qatı çəkilmiş, yeni bardürlər düzülmüş, 69 ədəd gecə işıq dirəyi və 9 ədəd müasir avtobus dayanacağı quraşdırılmışdır. Hazırda Səməd Vurğun küçəsində yeni  avtomobil  dayanacağının  inşası  aparılır.
2017-ci ilin birinci rübü ərzində Pirallahı   qəsəbəsində  qaz  xətlərinin  yeraltı  polietilen borularla əvəz olunması işləri davam  etdirilmiş, Gürgən qəsəbəsindən keçən magistral yolun çəkilişi ilə əlaqədar kommunikasiya xətlərinin  yeraltına  keçirilməsi  işləri  aparılmışdır. Elektrik təsərrüfatı tam modernləşdirilmiş, 35 kVt-lıq  hava  elektrik  xətti də daxil olmaqla 16000 metr elektrik  xətti yeraltına salınmış, 11 yarımstansiya yenidən qurulmuşdur.  
Magistral  yolun  yenidən  qurulması ilə  əlaqədar müxtəlif  diametrli 1180 metr su xəttinin yeri dəyişdirilmiş, K.Rzayev  küçəsi,   40-cı, 28-ci və  29-cu  məhəllələrdə  yaşayış  binalarının  zirzəmilərində  təmir  işləri  aparılmış, zirzəmilər çirkab və qrunt  sularından təmizlənmişdir. Yağış  sularının axıdılması məqsədi ilə 110 metr  drenaj  xətti  çəkilmiş, 2020  metr  su  və  850  metr  kanalizasiya  xətti  təmir  edilmiş, müxtəlif  diametrli  8500  metr  kanalizasiya  xətti isə mexaniki  üsulla  təmizlənmiş, Gürgən  qəsəbəsində  əhalinin  bir  qismi  24  saatlıq içməli su  ilə  təmin  edilmişdir.
Qəsəbədə ümumi sahəsi 1 hektara  qədər  olacaq  “Yaşıl  park”  salınır. Həmçinin  ərazidə  metal  konstruksiyadan  kafe  və  ticarət  mərkəzinin  inşası  aparılır. 28-ci  məhəllədə  yeni yanacaqdoldurma  məntəqəsinin  inşaat  işləri, «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər,  “Yaşıl  bazar”ın tikintisi, 77 saylı poçt şöbəsinin yaxınlığında yerləşən ictimai-iaşə obyektində isə yenidənqurma  işləri  davam etdirilir.
Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, Pirallahı adasının sənaye zonasında 6,4 ha sahədə “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi məqsədilə kommunikasiya xətləri ərazidən çıxarılmışdır. Burada  ümumi tutumu 30 min tonluq 24 çən quraşdırılıb və  köçürülmə üçün hazırlıq işləri gedir.  Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində işlər dəniz akvatoriyasında və sahil boyu davam etdirilir.
2017-ci il yanvarın 16-da Pirallahı Sənaye Parkında "Caspian Pharmed" əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev, İranın Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin iştirakı ilə keçirilmiş tədbirdə əczaçılıq zavodunun yaradılmasına dair “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” və İranın "TPİCO Holding" arasında Səhmdarlar Sazişi imzalandı. Sənədə əsasən, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılmış "Caspian Pharmed" birgə müəssisəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC 25%, “Azərsun Holdinq” 26%, İranın “TPİCO” şirkəti isə 49% iştirak payına malikdir. Daha bir neçə ölkə ilə dərman zavodlarının tikintisinə dair danışıqlar aparılır. Bu il rayonda “Nərəkənd” balıqyetişdirmə kompleksinin tikintisi də planlaşdırılır ki, burada da ilkin mərhələdə ildə 150 min ton balıq, 5 ton kürü istehsalı nəzərdə tutulur. Artıq müəssisənin ərazisinin abadlaşdırılması, burada müasir park kompleksinin salınması işlərinə start verilmişdir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün ayrılmış 2 hektar torpaq sahəsində 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq quraşdırma, sazlama işləri başa çatdırılmış və stansiya tam olaraq ümumi şəbəkəyə qoşulmuşdur. Yeni avadanlıqların quraşdırılması məqsədilə Agentliyə, əlavə olaraq, 5 ha torpaq sahəsi ayrılmışdır.
Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlığın inkişafı istiqamətində cari ilin birinci rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirilmiş, rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı fəaliyyət genişləndirilmişdir.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzində olmuşdur. Məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı S.Vurğun küçəsində yerləşən Köhnə xəstəxana binasının dam örtüyü əsaslı təmir edilmiş, damın köhnə tol örtüyü tamamilə götürülərək əvəzinə şifer vurulmuş, 200 m kanalizasiya xətti çəkilmişdir. Digər binalarda mütəmadi cari təmir işləri həyata keçirilir.
Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov hesabat dövründə Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində silsilə tədbirlər həyata keçirildiyini, mütəmadi olaraq iməcilik və ağacəkmə aksiyalarının təşkil edildiyini, 20 minə yaxın müxtəlif növ həmişəyaşıl və meyvə ağaclarının əkildiyini qeyd etmişdir. Bundan əlavə mərkəzi  yol kənarında  müxtəlif  landşaft  kompozisiyaları düzəldilmiş, yamaclar, təpələr qurulmuş, hamarlanma  işləri aparılmış, ərazi qaya daşları, gül və  kol  bitkiləri  ilə  bəzədilmişdir. Həmçinin  mərkəzi  yol  kənarı  boyu  yolun  hər  iki  tərəfi  nəzərə  alınmaqla  ümumi  uzunluğu  600 metr olan dekorativ çəpərlər quraşdırılmışdır.  Ekologiyaya ciddi zərbə vuran süni göllərin qurudularaq yerində yeni yaşayış massivlərinin, abad məhəllələrin salınması üçün müvafiq tədbirlər görülmüşdür.
Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Pirallahı adasının sahil boyu ərazilərində dənizkənarı bulvar, attraksionları olan istirahət parkı, otel, kafe, kütləvi çimərliklər, açıq havada idman-konsert kompleksi, yaxt-klub, sörfinq klubları və s. yaradılması üçün əlverişli şərait vardır və bu istiqamətdə müvafiq işlər aparılır.
Hesabat dövründə Pirallahı rayonunda həyata keçirilən ictimai-siyasi və ideoloji işin keyfiyyətinin yaxşılaşdırılması,  ictimai təşkilatlar və dini qurumlarla qarşılıqlı əlaqənin inkişafını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Həmçinin  ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə görülən işlər gücləndirilmiş, maarifləndirici tədbirlər həyata keçirilmiş, şəhid, aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan ailələr daim diqqətdə saxlanılmış və onlara qayğı göstərilmiş, əhalinin sağlamlığının qorunması məqsədilə sakinlərin tibbi müayinədən keçirilməsinə ciddi nəzarət olunmuş, idmanın kütləviliyinin artırılması üçün müvafiq tədbirlər görülmüşdür. Ümumilikdə rüb ərzində İcra Hakimiyyəti və digər rayon təşkilatları tərəfindən 50-dən çox tədbir həyata keçirilmiş, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliği, ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı açıq dərslərin keçirilməsi, Ulu Öndərin azərbaycançılıq məfkurəsinin təşviqi, böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsi, qüdrətli Azərbaycan ordusuna dəstək tədbirləri, tarixi və əlamətdar günlərin qeyd olunması məsələləri gündəlik fəaliyyətin əsas istiqamətlərini təşkil etmişlər.
Rayonda işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə  bir sıra tədbirlər görülmüşdür. Belə ki, birinci rüb ərzində Pirallahı rayon Məşğulluq Mərkəzi tərəfindən 794 nəfər iş axtaran vətəndaş qeydiyyata alınmış, qeydiyyatda olan qeyri-məşğul əhalinin 228 nəfəri münasib işlə təmin olunmuş, 4 nəfər vətəndaşa işsizlik statusu verilmiş, 5 nəfərə isə işsizlik müavinəti təyin olunmuşdur. Həmçinin, rüb ərzində 230 vakant iş yeri barədə məlumat toplanılıb qeyri-məşğul əhaliyə təqdim olunmuşdur. O cümlədən, Azərbaycan Respublikası Prezidentinin əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqlarının icrası ilə əlaqədar olaraq 2017-ci ilin  birinci rübündə Pirallahı rayonu ərazisində müvəqqəti açılmış iş yerləri üzrə ümumilikdə 177 nəfər, SOCAR-ın müəssisələri üzrə  98 nəfər, abadlıq və təmizlik işləri üzrə 54 nəfər, rayon ərazisində olan çoxmənzilli binaların təmiri ilə əlaqədar 25 nəfər müvafiq işlə təmin olunmuşdur. 
Hesabatın sonunda V.İmanov vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən cari ilin birinci rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bildirilmişdir ki, cənab Prezident tərəfindən təsdiq edilmiş Dövlət Proqramlarında Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri də öz əksini tapmışdır. Planlaşdırılan işlər sırasında Gənclər evinin tikintisi, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Mərkəzi”nin yaradılması və həmin mərkəzdə istirahət obyektlərinin inşası, RİH-nin hazırda inşa edilən inzibati binasının qarşısındakı parkın abadlaşdırılması, dənizkənarı parkın salınması, 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının tikintisi, 14 saylı Uşaq Musiqi Məktəbi üçün yeni binanın tikintisi, Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və idman meydançalarının yaradılması, rayon ərazisində 297 ədəd 1 mərtəbəli və hündürmərtəbəli binaların qəzalı vəziyyətdə olması ilə əlaqədar tədbirlər,  alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulmasının davam etdirilməsi, Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması, əhalinin 24 saat fasiləsiz su ilə tam təmin olunması, eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri prioritet məsələlər olaraq qalır.
Hesabat ətrafında çıxış edən 9 №-li “Yol İstismarı” MMC-nin direktoru Baxarəddin Rəsulov, DSMF-nin Pirallahı rayon şöbəsinin müdiri Xançoban Dəmirov, Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2017-ci ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişlər. İlk üç ay ərzində rayonda həyata keçirilən işlər, icra edilən dövlət proqramları onu deməyə əsas verir ki, etnik tərkibin zənginliyi ilə fərqlənən Pirallahı rayonunun sakinləri Prezident İlham Əliyevin Sərəncamı ilə “İslam Həmrəyliyi ili” elan olunmuş 2017-ci ili də uğurla başa vuracaqlar.
 

 

Keçidlər