Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin hesabat-seçki konfransı keçirildi

21 aprel 2017 | 11:00

21 aprel 2017-ci il tarixdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin hesabat-seçki konfransı keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, ADİİXİHİ Respublika Komitəsinin məsul işçisi Rəna Dadaşova və Həmkarlar ittifaqının üzvləri iştirak etdilər.
          Hesabat məruzəsi ilə çıxış  Azərbaycan  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Samir Hüseynov bildirdi ki, vətəndaş cəmiyyətinin inkişafında, ictimai münasibətlərdə sivil, demokratik prinsiplərin əsas meyara çevrilməsində həmkarlar ittifaqlarının rolu müstəsnadır. Özülü ümummilli lider, müdrik siyasətçi Heydər Əliyev tərəfindən qoyulmuş və dünyanın aparıcı dövlətlərinin dəstəklədiyi dövlətçilik kursu Prezident İlham Əliyevin analitik siyasi təfəkkürü sayəsində məharətlə, sistemli şəkildə və bütün aspektlər nəzərə alınmaqla uğurla davam etdirilir. 1994-cü ildə isə ulu öndər Heydər Əliyev “Həmkarlar İttifaqı haqqında” Qanun imzaladı. Bu Qanunda Həmkarlar İttifaqının fəaliyyətinə yüksək qiymət verilməklə bərabər, onların fəaliyyəti üçün  müstəqil və heç bir dövlət qurumundan asılı olmayan  şərait yaradıldı. Həmin Qanunun 5-ci bəndi buna parlaq misaldır. Belə ki, həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Ölkə Prezidentinin verdiyi sərəncamlara əsasən "Həmkarlar ittifaqları haqqında" qanuna və Azərbaycan Respublikasının "Əmək Məcəlləsi"nə bir sıra dəyişikliklər və əlavələr edilmişdir. Cənab Prezidentin Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətinə verdiyi qiymətin nəticəsi olaraq yüzlərlə həmkarlar ittifaqları işçisi yüksək dövlət mükafatları, orden və medallarla təltif olunmuş, fəxri ad almış, bir çoxu Prezident təqaüdünə layiq görülmüşdür. S. Hüseynov qeyd etdi ki, Rayon Komitəsi 2014-cü il 1 aprel tarixində təsis edilmiş, tərkibi müəyyən olunmuş, sədri seçilmiş, müvafiq komissiyalar yaradılmış və ilk həmkarlar ittifaqı təşkilatları Komitənin tərkibinə daxil edilmişdir. Yeni seçilmiş ilk həmkarlar ittifaqı təşkilatlarının sədrlərinə mütəmadi olaraq hərtərəfli əməli və praktiki köməklik göstərilmiş, mütəmadi əlaqə saxlanılmış, üzvlərlə görüşlər keçirilmiş, müzakirələr aparılmışdır. İşçilərlə mütəmadi olaraq söhbətlər aparılmış, iş şəraitləri ilə tanış olunmuş, onları narahat edən və maraqlandıran məsələlər müzakirə olunaraq müvafiq köməkliklər edilmişdir. İnsanlarda həmkarlar ittifaqı təşkilatına maraq və inamın aşılanması, təşkilatın nüfuzunun yüksəldilməsi, üzvlərə diqqət və qayğının göstərilməsi həmkarlar ittifaqı təşkilatının əsas məqsədlərindən biri olmuşdur. Bu səbəbdən ilk vaxtlardan rayon rəhbərliyinin köməkliyi və dəstəyi ilə çoxlu sayda tədbirlər keçirilmiş, həmkarlar ittifaqı təşkilatının üzvlərinə hədiyyələr verilmiş, bayram günlərində uşaqların istirahətinin maraqlı və əyləncəli təşkili məqsədilə onlara şənliklərə biletlər paylanmış, yay aylarında istirahətlərinin səmərəli təşkili məqsədilə yollayışlarla təmin edilmiş, sağlamlıqlarının təmin edilməsi məqsədilə sanatoriyalara göndərişlər verilmişdir.
          Bununla yanaşı insanların sağlam və təhlükəsiz yaşayışının, iş və istirahət şəraitinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə rayon ərazisində rayon rəhbərliyinin təşkilatçılığı, nəzarəti və dəstəyi ilə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır.
ADİİXİHİ Respublika Komitəsinin məsul işçisi Rəna Dadaşova, Komitənin üzvü Həsən Niftəliyev hesabat çıxışına münasibət bildirərək hesabatı , ümumlikdə, qənaətbəxş hesab etdilər.
           Sonra ADİİXİHİ-nin təftiş komissiyasının sədri Azad Namazovun hesabatı dinlənildi, Komitəyə və təftiş komissiyasına  üzvlər seçildi. Açıq səsvermə nəticəsində Samir Hüseynov yenidən ADİİXİHİ Pirallahı Rayon Komitəsinin sədri seçildi.
Tədbirin sonunda Pirallahı Rayon Komitəsindən ADİİXİHİ-nın VI qurultayına nümayəndə seçildi.

Keçidlər