Pirallahı rayonunda tibbi müayinə uğurla davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da uğurla icra olunur.
Pirallahı rayonunda vətəndaşların tibbi müayinədən keçirilməsi məqsədilə rayonun bütün qəsəbələri üzrə xüsusi qrafik tərtib olunmuş və bu qrafikə əsasən rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda çalışan işçilər və rayon sakinləri müayinə prosesinə cəlb olunurlar. Qrafik əsasında 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının, eləcə də Çilov adasında yerləşən 16 saylı Birləşmiş Şəhər Xəstəxanasının və Neft Daşlarında yerləşən tibb məntəqəsinin tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 15-dən əhalinin tibbi müayinəsinə başlamışdır. Qeyd edək ki, xəstəxanaya gələ bilməyən yaşlı insanlara, əlillərə evlərdə tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov bildirdi ki, 24 aprel tarixinə olan məlumata əsasən Pirallahı rayonunun 20205 nəfər əhalisindən 9895 nəfəri tibbi müayinədən keçib. Xəstəlik aşkarlanmış 648 nəfər ambulator müalicəyə qəbul olunmuş, 95 nəfər stasionara yerləşdirilmiş, 42 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Pirallahı qəsəbə sakini Vüsalə Xanməmmədova Çilov qəsəbə sakini Vüsal Kərimov və başqaları onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicə olunması məqsədi daşıyan bu humanist aksiyanı yüksək qiymətləndirdilər və dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Xatırladaq ki, əhalinin tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam etdiriləcək.