Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda aparılan abadlıq-quruculuq işləri davam etdirilir

25 aprel 2017 | 11:00

Respublikamızın digər bölgələrində olduğu kimi, Pirallahı rayonunda da geniş abadlıq-quruculuq işləri uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na uyğun olaraq, Pirallahı qəsəbəsində ümumi uzunluğu 8,5 km olan mərkəzi yolda əsaslı  yenidənqurma,   məhəllədaxili  yollarda isə  əsaslı  təmir  işləri aparılır.
Avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat, maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə mərkəzi yolda aparılan tikinti işləri yekunlaşmaq ərəfəsindədir. Yenidənqurma işləri çərçivəsində yol yatağının genişləndirilməsi işləri görülüb. Belə ki, uzunluğu 8,5 kilometr, yenidənqurmadan öncəki eni 6-7 metr arasında olan yolun 4 kilometri 8 metrdən 12 metrə, 4 kilometrdən sonrakı hissəsi isə 12 metrdən 15 metrə qədər genişləndirilib. Yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Layihə çərçivəsində yeraltı kommunikasiya xətləri yenilənib, yeni piyada səkilərinin tikintisi və yeni işıqlandırma sisteminin qurulması istiqamətində tədbirlər görülüb, zəruri olan yerlərdə səth sularının kənarlaşdırılması üçün 12 ədəd suötürücü qurğu quraşdırılıb. Pirallahı rayonunun mərkəzi yolunda hazırda asfaltlanma və səki daşlarının düzülməsi işləri aparılır. Asfalt-beton örtüyünün 2 layı artıq salınıb, əraziyə 8000 poqonmetr səki daşları düzülüb. Ümumilikdə isə yolun 85 min kvadratmetr sahəsinə 3 qat olmaqla 15 santimetr qalınlığında asfalt-beton örtüyü döşənəcək, yolboyu 16 min poqonmetr yeni səki daşı düzüləcək. Asfaltlanma işləri yekunlaşdıqdan sonra yolun xətlənməsi işləri aparılacaq, zəruri olan yerlərə 50 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq.
Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 kilometr uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə yol geyiminin sonuncu asfalt qatının döşənməsinə başlanılacaq. Ümumilikdə isə 19 min kvadratmetr əraziyə 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyünün salınması nəzərdə tutulub. Asfalt-beton örtüyünün salınması işlərinə başlanmamışdan öncə, aparılan yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22-i metrə qədər və dənizə doğru genişləndirilib, 25 metr enində yeni yol yatağı inşa olunub. Layihəyə əsasən sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edir. Buna paralel olaraq yolboyu 1,5 metr enində piyada səkiləri, 2-3 metr enində ayrıcı zolaq inşa olunub. Ümumilikdə 3300 kvadratmetr piyada səkisi tikilib, səkilərin və yol ayrıcının kənarlarına isə 6350 poqonmetr yeni səki daşı düzülüb. Daha sonra yol müasir işıqlandırma sistemi ilə təmin olunub, yolayrıcına 20 ədəd işıq dirəkləri də quraşdırılıb. Tikinti işlərinə uyğun olaraq, ikinci qat asfalt örtüyü də salınandan sonra yolda zəruri olan yerlərdə yol nişanları və məlumatverici nişanlar quraşdırılacaq, xətlənmə işləri aparılacaq.
Pirallahı körpüsünün digər hissəsinin yanaşma yolunda da işlər sürətlə davam edir. Hazırda burada torpaq işləri aparılır, yeni yol yatağı inşa olunur. Buna paralel olaraq dəmir-beton konstruksiyaların sahil boyunca bərkitmə işləri görülür. Yol yatağının və yol əsasının tikintisi işləri bitdikdən sonra yola 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtük döşənəcək. Ümumilikdə 5 min kvadratmetr yolun asfaltlanması nəzərdə tutulur. Həmçinin 850 metr uzunluğunda olan yanaşma yolu 2 texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihə çərçivəsində yol yatağı 12 metrə qədər genişləndirilib, 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə 1,5 metr təşkil edir. Asfaltlanma işləri yekunlaşdıqdan sonra layihəyə uyğun olaraq yola 20 ədəd yol nişanı quraşdırılacaq, üfüqi nişanlama xətləri çəkiləcək, 20 ədəd dəmir boru, həmçinin səth sularının kənarlaşdırılması üçün yağış barmaqlıqları yerləşdiriləcək.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Keçidlər