Pirallahı rayonunda İslam Həmrəyliyi Oyunları ilə bağlı RİH başçısının sərəncamı ilə yaradılan işçi qrupun növbəti toplantısı keçirildi
Pirallahı RİH başçısı Vasif İmanovun 25 aprel 2017-ci il tarixli sərəncamına əsasən, 12-22 May tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış işçi qrupun növbəti toplantısı keçirildi. Tədbirdə RİH əməkdaşları, rayonda yerləşən idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etdilər.
Sərəncamda oyunları canlı izləmək istəyən rayon ictimaiyyəti nümayəndələri üçün şəraitin yaradılması, eyni zamanda asayişin təmin olunması kimi məsələlər öz əksini tapmışdır. Sərəncamın icrasına nəzarət Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, işçi qrupun rəhbəri Vəzir Səfixanova həvələ edilmişdir. İşçi qrupun rəhbəri tədbirdə çıxış edərək qeyd etdi ki, ölkəmizdə irimiqyaslı beynəlxalq tədbirlər, idman yarışları keçirilir. Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci hesabat-seçki Baş Assambleyasında səsvermə zamanı, tam yekdilliklə Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib. Bu yarışlar istər təşkilatçılıq və icra, istərsə də yarışlarda idmançılarımızın qazandığı nailiyyətlər baxımdan müstəqillik tariximizdə xüsusi yer tutur. V.Səfixanov bildirdi ki, IV İslam Həmrəyliyi Oyunları 57 ölkənin gənclərinin bayramına çevirləcək. Bu tarixi hadisə İslam ölkələrinin gəncləri arasında təkcə idman deyil, bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində çox mühüm tədbir olacaq.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Pirallahı rayonunda əhali arasında təbliğat işləri aparılır, gənclərlə görüşlər keçirilir, maarifləndirici tədbirlər görülür, ümumilikdə isə tərtib olunmuş cədvələ uyğun olaraq hər həftənin şənbə günləri təşkilatların, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri təhkim edilmiş sahələrdə abadlıq işləri ilə məşğul olur, ətraf ərazilərdə səliqə-sahman yaradırlar.