Şriftin ölçüsü :

Saytın rəngi :

Daha iki müasir tipli dayanacaq qurulmuşdur

23 iyun 2013 | 10:00
 Pirallahıda abadlıq-quruculuq işləri davam etdirilməkdədir.  Mərkəzi küçə boyu 20-30 il bundan qabaq yöndəmsiz şəkildə tikilmiş uçuq-sökük avtobus dayanacaqları tədricən müasir tipli dayanacaqlarla əvəz edilir. Quraşdırılmış 4 ədəd dayanacağa daha ikisi əlavə edilmişdir. Bundan başqa daha 4 dayanacağın yığılması və özüllərinin qoyulması işləri görülməkdədir.
 Pirallahı qəsəbəsi 40-cı məhəllə adlanan ərazidə istilik sisteminin bərpası prosesi davam edir. Burada “Azəristilik” birliyi bir qazanxananın quraşdırılmasına start verib və ilin sonunadək 5 binaya istilik verilməlidir. Digər məhəllələr üçün də istilik sisteminin bərpası layihələri işlənilir. Bu il daha 3 qazanxananın istifadəyə verilməsi nəzərdə tutulub.
 Süleyman Bağırov küçəsində 3,8 ha sahəni əhatə edən gölün qurudulması prosesi sürətləndirilib. Ərazidə drenaj-kanalizasiya sisteminin çəkilişi və torpaq daşıyıb tökmək yolu ilə gölün qurudulması işləri gedir. Qısa müddət ərzində ərazinin xeyli hissəsi qurudularaq tikinti üçün yararlı hala gətirilmişdir. Qurudulan gölün yerində rayonun  Baş planına  uyğun olaraq  yeni, hər cür müasir infrastrukturla təmin ediləcək “Abad məhəllə-1” salınacaq və hər hansı dövlət ehtiyacları üçün sökülməsi zəruri olan evlərin sakinləri həmin məhəllədə yerləşdiriləcəklər.
 Pirallahı qəsəbəsində Kamil Rzayev küçəsində xaotik şəkildə, qanunsuz olaraq uşaq meydançaları və digər sosial obyektlərin yerində inşa edilmiş qaraj və digər tikililərin söküntüsü davam etdirilir. Ekologiya və əhali üçün təhlükə mənbəyi olan sahibsiz  itlərin  zərərsizləşdirilməsi  işləri də mütəmadi şəkildə aparılır.
Keçidlər