Pirallahı rayonunda faşizm üzərində tarixi qələbə günü münasibətilə tədbir keçirildi
8 may 2017-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətində alman faşizmi üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş Böyük vətən müharibəsi iştirakçıları və arxa cəbhə veteranları ilə görüş keçirildi.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov qeyd etdi ki, ikinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövrü olmuşdur. Bu müharibədə azərbaycanlılar öz qəhrəmanlıqları ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazdılar. Müharibə illərində Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edilmişdir. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.Azərbaycan faşizm üzərində tarixi qələbənin əldə edilməsinə böyük töhfələr verib. Bu şanlı zəfərin əldə olunmasında xüsusi payı olan xalqımızın 700 minə yaxın oğul və qızını cəbhəyə yola saldığı, onların təxminən yarısının döyüşlərdə həlak olduğu vurğulandı. Həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyi diqqətə çatdırıldı. Faşizmə qarşı mübarizədə xalqımız döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərmişdir. Şanlı qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Diqqətə çatdırıldı ki, Böyük Vətən müharibəsi veteranlarının gənc nəslə tövsiyələrinin, onlar arasında apardıqları işin müstəqil Azərbaycan dövlətinin qurulmasında, torpaqlarımızın qorunmasında, müdafiə olunmasında əvəzsiz rolu vardır. Bu gün regionda Azərbaycan Respublikası olmadan hansısa layihələri həyata keçirmək mümkün deyil. Müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bugünkü dəyər ulu öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin təntənəsidir. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir və Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib. Dövlətimiz günü-gündən güclənir, qüdrətlənir.
Azərbaycanın Milli qəhrəmanı Bəxtiyar Allahverdiyev çıxış edərək tədbir iştirakçılarını alman faşizmi üzərində qələbənin 72 illiyi münasibətilə təbrik etdi və tezliklə Azərbaycan xalqının Dağlıq Qarabağ torpaqlarının düşməndən azad ediləcəyini və belə bir möhtəşəm qələbə tədbirinin orada keçirilərək üçrəngli Azərbaycan bayrağının Xankəndində, Şuşada ucaldılacağına əminlik ifadə etdi.
Böyük Vətən müharibəsi veteranları müharibə ilə bağlı təəssüratlarından, azərbaycanlıların döyüş meydanlarında göstərdikləri şücaətdən danışdılar, faşizm üzərində qələbədə Azərbaycanın rolunu, qəhrəman oğul və qızlarımızın böyük rəşadətlərini, Azərbaycan neftinin əhəmiyyətini vurğuladılar. Veteranlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Tədbir məktəblilərin hazırladığı rəngarəng səhnəciklər və ədəbi bədii kompozisiya ilə davam etdirildi.
Görüşün sonunda Qızıl Aypara cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tərəfindən Böyük vətən müharibəsi iştirakçılarına və arxa cəbhə veteranlarına ərzaq bağlaması şəklində maddi yardım göstərildi. Səhhətindəki problemlərlə əlaqədar görüşdə iştirak edə bilməyən veteranlar evlərində ziyarət olundu.