Prezident İlham Əliyev Pirallahı rayonuna səfər etdi
Bu gün, may ayının 11-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pirallahı rayonunda oldular.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonun sosial-iqtisadi göstəriciləri, görülən abadlıq-quruculuq işləri və gələcək perspektiv layihələr barəsində Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ətraflı məlumat verdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən müasir körpünün açılış mərasimində iştirak etdilər. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir. Dövlətimizin başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsdi.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsində aparılan yenidənqurma işləri ilə tanış oldular və yeni çəkilmiş yolun açılışında iştirak etdilər. Məlumat verildi ki, uzunluğu 8 kilometr olan dördzolaqlı yolun yenidənqurmadan sonra eni 18 metrə çatdırılıb. Yenidən qurulan avtomobil yolu Pirallahı körpüsü və Pirallahı-Qala avtomobil yolundan istifadə etməklə, qəsəbə sakinlərinin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və digər qəsəbələrə rahat çıxışına imkan verir. Beləliklə, bu yolun müasir səviyyədə yenidən qurulması ilk növbədə sakinlərin rahatlığını təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz və maneəsiz hərəkətinə imkan yaradacaq. Bununla yanaşı, layihənin icrası ümumilikdə rayonun sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi və yeni çəkilmiş yolda avtomobili idarə etdi.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva açılış mərasiminin iştirakçıları ilə xatirə şəkli çəkdirdilər.
Qeyd edək ki, dövlətimizin başçısının tapşırığı ilə Bakı və Bakıətrafı qəsəbələrdə abadlıq və quruculuq işlərinin tərkib hissəsi olan yolların müasirləşdirilməsi layihələri bu gün uğurla icra edilir. Son dövrlərdə Azərbaycanda reallaşdırılan mühüm yol-nəqliyyat layihələri nəticəsində həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur. Bu layihələr paytaxtın bütün rayon və qəsəbələrini, o cümlədən Pirallahını əhatə edir. Bu layihənin icrası paytaxtın, eləcə də Bakının qəsəbə və kəndlərinin sakinlərinin sosial məsələlərinin həlli istiqamətində atılan addımların ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir. Bundan sonra rayon sakinləri Pirallahını sahillə birləşdirən daha təhlükəsiz yol infrastrukturundan istifadə edəcəklər. Bu körpünün istifadəyə verilməsi həm də, ümumilikdə, paytaxtımızın yol-nəqliyyat sisteminin müasirləşdirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.