Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 25 il ötür
1992-ci il xalqımızın tarixinə ağır bir il kimi daxil olmuşdur. Dağların ətəyində yerləşən, öz gözəlliyi ilə insanı valeh edən, hər daşında bir sirr yatan Laçın düşmən tərəfindən işğal edilmişdir. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın, bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində Laçın düşmənlər tərəfindən tamamilə dağıdıldı. 1992-ci ildən Laçın rayonu erməni daşnaqlarının ayaqları altında inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar.
25 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Laçının işğalı nəticəsində rayonun bir şəhəri, bir qəsəbəsi, 125 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılmış, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələri erməni vandalizminə məruz qalmış, həmçinin 13745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 1 avtonəqliyyat, 30 rabitə, və digər müəssisələri talan edilmişdir. Ümumiyyətlə bu işğal nəticəsində o zamankı qiymətlərlə rayona 7.1 milyard ABŞ dolları ziyan vurulduğu bildirilmişdir. Ata-baba yurdlarını müdafiə edən laçınlılardan 300 nəfərdən çoxu şəhid olmuş, 5 nəfəri isə Milli Qəhrəman adına layiq görülmüşdür.
Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.
Bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş komandan İlham Əliyevin apardığı qətiyyətli siyasət deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən, laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil.