Şriftin ölçüsü :

Saytın rəngi :

Silahlı Qüvvələr Gününə həsr edilmiş yarışlarda Pirallahı gəncləri qalib oldular

25 iyun 2013 | 10:00
 Ölkə Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə rayon statusu almış Pirallahıda ilk mötəbər idman turniri keçirildi. İyun ayının 23-də Pirallahı İdman Mərkəzində 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş Koşıki Karate üzrə klublararası açıq çempionat baş tutdu. Azərbaycan Respublikası Koşıki Karate Federasiyasının təşkilatçılığı və Pirallahı rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışları giriş nitqi ilə açıq elan edən RİH başçısının müavini Vəzir Səfixanov Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını çempionat iştirakçılarına çatdırdı. Azərbaycan Respublikasının şanlı Silahlı Qüvvələrinin möhtəşəm tarixə malik olduğunu deyən natiq Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldığını, Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Prezident fərmanı ilə 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğuladı.
 Bildirildi ki, Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Quru Qoşunları, Hərbi Dəniz Donanması, Hava və Hava Hücumundan Müdafiə Qoşunlarından ibarət Silahlı Qüvvələrimiz Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. 2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 milyard ABŞ dollarından artıq vəsait yönəldilib. Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən istiqamətlənmiş vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2010-cu ildə 2,7 milyard ABŞ dolları, 2011-ci ildə 3,413 milyard ABŞ dolları, 2012-ci ildə 3,474 milyard ABŞ dolları, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil etmişdir.
 Bu gün Azərbaycan dövlətinə ümummmilli liderimiz Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir, - deyən natiq qeyd etdi ki, Ulu öndər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir. Siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə böyük uğurlar qazanan İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının böyük qələbəsidir.
  Azərbaycan Respublikası Koşıki Karate Federasiyasının prezidenti, 7-ci Dan qara kəmər Talıb Berzigiyarov, ARDNŞ Sİİ “Neftçi” İSM Piallahı stadionunu direktoru Yaşar Tarıverdiyev və digər çıxış edənlər bildirdilər ki, 1994-cü ildə Azərbaycanın Milli Karate Federasiyası yaradılmışdır, karate üzrə Azərbaycan milli yığma komandası Avropa və dünyada ən güclü komandalardan biridir. Ötən illər ərzində karateçilər dəfələrlə beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında iştirak etmiş, ən yüksək yerləri qazanmışlar. Hazırda Pirallahı komandasının tərkibində milli yığma komandanın üzvləri, eləcə də dəfələrlə Dünya və Avropa səviyyəli yarışlarda yüksək əyarlı medallara layiq görülmüş idmançılar təmsil olunurlar.
 İdmançıların nümunəvi çıxışlarından sonra Pirallahı, Sabunçu və Xəzər rayonlarını təmsil edən 5 komandanın iştirakı ilə keçirilən yarışlara start verildi. Bir-birinin ardınca tatami üzərinə çıxan kiçik və orta yaş qrupundan olan gənc karateçilər böyük ustalıq nümayiş etdirdilər. Nəticədə Bakı şəhər Pirallahı rayonunu təmsil edən “Neftçi” İSM-in “Çempion” klubu müxtəlif çəki dərəcələrində 13 birinci, 9 ikinci, 5 üçüncü yer tutaraq komanda hesabında qalib gəldi. Sabunçu rayonunun “Seibukai” klubu II, Xəzərin “Azal” klubu isə III yerə sahib çıxdılar.
 Məlumat üçün bildirək ki, 2000-ci ildə yaradılmış Pirallahının “Çempion” klubunun yetirmələri indiyədək bir çox uğurlara imza atmışlar. Klubun məşqçisi, 3-cü Dan qara kəmər, beynəlxalq dərəcəli hakim Nazim Mövsümzadə 2008-ci ildə Tokioda keçirilmiş Dünya birinciliyinin qalibi, eyni zamanda Dünya kubokunun ikiqat gümüş və bürünc mükafatçısı, 2011-ci ilin Avropa çempionu olmuşdur. Dünya çempionu və Dünya kubokunun sahibi Lolita Hüseynova, Dünya kubokunun ikiqat gümüş mükafatçısı Şükür Mirzəyev, Dünya birinciliyinin bürünc mükafatçısı, “Qafqaz” kubokunun sahibi Rinat Kuper, Avropa çempionları Sevinc Mövsümzadə və Rasim Əliyev bu klubun yetirmələridir. Klubun nümayəndələri dəfələrlə respublika, Bakı və “Neftçi” cəmiyyətinin birinciliklərində mükafata layiq yerlər tutmuş, ən yüksək əyarlı medallar qazanmışlar. Hazırda Pirallahı karateçilərindən 17 nəfər daim Azərbaycanın müxtəlif yığma komandalarına cəlb olunurlar.
 Qalib komandalara medalları təqdim edən Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini V.Səfixanov   və  Koşıki Karate Federasiyasının prezidenti Talıb Berzigiyarov gənc idmançılara yeni-yeni uğurlar arzuladılar. Öz növbəsində Koşıki Karate Federasiyası Pirallahı rayonunda idmanın kütləviliyinin genişlənməsində, o cümlədən karatenin inkişafında göstərdikləri dəstəyə və köməyə görə Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovu, eləcə də ARDNŞ Sİİ “Neftçi” İSM Piallahı stadionunun və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin rəhbərliklərini Fəxri fərmanlarla təltif etdi.
Keçidlər