Səyyar “ASAN xidmət” 733 nəfər Pirallahı sakininə xidmət göstərib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.
20.05.2017-29.05.2017-ci il tarixlərində Pirallahı rayonunun sakinləri də səyyar “ASAN xidmət”dən yararlanıblar. Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən əhaliyə səyyar xidmətlərin göstərilməsi üçün Pirallahı qəsəbəsində, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin qarşısındakı ərazidə xüsusi yer ayrılmışdır, xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılmış və əhali arasında müvafiq təbliğat işləri aparılmışdır.
Qeyd edək ki, göstərilən müddət ərzində səyyar “ASAN xidmət”ə rayon sakinləri tərəfindən 733 müraciət daxil olmuşdur. Müraciətlərdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə (119), Daxili İşlər Nazirliyi üzrə (425), Dövlət Sosial Müdafiə Fondu üzrə (9) və Əmlak Məsələləri Dövlət Komitəsi üzrə (35) sayda daxil olmuşdur. Funksional yardımçı xidmətləri ilə bağlı 145 rayon sakini müraciət etmişdir. Vətəndaşlar əsasən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi ilə bağlı müraciət etmişdilər.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Sonda rayon sakinləri səyyar “ASAN xidmət”in Pirallahı rayonuna gəlməsinə və yaradılan şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.