Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi

14 iyun 2017 | 11:00

          Respublikamızın bütün guşələrində olduğu kimi Pirallahı rayonundakı tam orta məktəblərdə də “Son zəng” tədbirləri keçirildi.
         Artıq son zəng ərəfəsində duyğulu anlar yaşayan müəllimlər, məzunlar və onların valideynləri bu qəm, kədər qarışıq sevincli dəqiqələrdə zəngin ovqata köklənmişdilər. Unudulmaz günün hərarətinə toplaşanlar arasından mikrofon önünə keçib çıxış edən mərasim iştirakçıları məzunlara könül dolusu uğurlar arzulayıb, sentyabrda məktəbə gələcək, sinif otaqlarına ilk kövrək addımlarını atacaq birincilərə mübarək qədəmlər, bol uğurlar arzuladılar.
        Pirallahı rayonunda 168 nömrəli tam orta məktəbin qonağı olan Azərbaycan Respublikası Təhsil nazirinin birinci müavini Ceyhun Bayramov öz çıxışında məzunları təbrik etdi, onlara əziz gündə səmimi və xoş arzularını çatdırdı. Ölkədə təhsilə qayğının ildən-ilə gücləndiyini vurğulayan C.Bayramov qeyd etdi ki,  Prezident İlham Əliyevin elm və təhsilin, xüsusilə də ümumi təhsil məktəblərinin, peşə liseylərinin və məktəbəqədər təhsil müəssisələrinin inkişafına xidmət edən fərman və sərəncamlarına əsasən, Bakı və onun ətraf qəsəbələrində, eləcə də bölgələrdə müasir standartlara uyğun yeni məktəb binaları tikilib istifadəyə verilir, hazırda bu proses müvəffəqiyyətlə davam etdirilir.
     Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov məzunlara əlamətdar gün münasibətilə RİH Başçısı Vasif İmanovun təbriklərini çatdırdı. V.Səfixanov vurğuladı ki, ölkəmizdə gedən hərtərəfli inkişaf nəticəsində bu gün  Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara, nüfuzlu tədbirlərə ev sahibliyi edir.  Hər bir sahədə olduğu kimi təhsil sferasına da Prezident İlham Əliyev cənablarının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı daim artır. Vurğulandı ki, ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir, rayonun bütün ümumtəhsil məktəblərinin müasir inventar və avadanlıqlarla təmin olunması istiqamətində zəruri işlər görülür.
      Tədbirlərdə rayon məktəblərinin şagirdləri bir-birindən maraqlı çıxışlar edərək günün sevincini yaşadılar. Sonda 11-cilər məktəbin simvolik bilik açarını birincilərə təqdim etdilər. "Son zəng" bütün məktəblərdə yüksək bayram əhval-ruhiyyəsi ilə başa çatdı.

Keçidlər