Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda N saylı hərbi hissədə Silahlı Qüvvələr Gününə həsr edilmiş bayram tədbiri keçirildi

27 iyun 2013 | 10:00
 Bu günlərdə ölkə Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə yaradılmış Bakı şəhər Pirallahı rayonunda 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş bayram tədbirləri davam edir. Növbəti tədbir iyunun 25-də Pirallahı rayonu ərazisində dislokasiya olunmuş N saylı hərbi hissədə keçirildi. Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin dəstəyi və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bayram tədbiri Azərbaycan Respublikası himninin möhtəşəm sədaları ilə açıq elan edildi. Tədbirdə iştirak edən RİH aparatının əməkdaşları  Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını və bayram təbriklərini hərbi hissənin zabit və əsgər heyətinə çatdırdılar. Azərbaycan Respublikasının şanlı Silahlı Qüvvələrinin möhtəşəm tarixindən söz açan natiqlər  Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Prezident Fərmanı ilə 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğuladılar,  xalqımıza növbəti bayram tədbirlərini Qarabağda, Şuşada keçirməyi arzuladılar.
 Hərbi hissənin sözlü-nəğməli qonaqlarına “Xoş gəlmisiniz!” deyən komandir, mayor Yaşar Tağıyev ölkənin Silahlı Qüvvələrinə göstərilən qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə zabit, gizir və sıravi əsgərlərin minnətdarlığını çatdırdı. Hərbi xidmətdə olan, Vətən qarşısında borcunu yerinə yetirən insanları diqqətdən kənarda qoymadıqları üçün Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanova və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru Əliağa Mirzəyevə hərbçilərin dərin təşəkkürlərini ifadə edən Y.Tağıyev təcavüzkarı işğal olunmuş ərazilərdən rədd etmək üçün hər bir an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olduqlarını vurğuladı.
 Sonra V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin özfəaliyyət ansamblı, 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qrupu, “Bulaq” körpələr evi - uşaq bağçasının yetirmələri zabit və əsgərlər qarşısında bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Gənc müğənnilər Şəmsi Əbilli, Məleykə Həsənova, Leyla Abbasovanın ifasında xalq və bəstəkar mahnıları, Uşaq Yaradıcılıq Mərkəzinin qrupunun “Naz eləmə” və digər rəqsləri, bağça yetirmələrinin Vətənə və Orduya həsr olunmuş şeir kompozisiyası və başqa nömrələr alqışlarla qarşılandı. Musiqi nömrələrindən böyük zövq alan əsgərlər qol götürərək incəsənət ustaları ilə birgə rəqsə qoşuldular. Səhərdən başlayan bayram konserti günortadan xeyli keçənədək davam etdi.
 Sonda əsgər Elçin Nəcəfov yoldaşları adından yaddaqalan bir bayram tədbiri düzənlədikləri üçün Pirallahı rayon İcra Hakimiyyəti aparatına, V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin rəhbərliyinə, yüksək səviyyəli xidmətin təşkilinə görə isə hərbi hissə komandanlığına minnətdarlığını bildirdi. Mayor Yaşar Tağıyev V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin rəhbərliyinə hərbi hissənin Fəxri fərmanını təqdim etdi.
Keçidlər