Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd olundu

24 iyun 2017 | 11:00

24 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının silahlı Qüvvələr günü münasibətilə Pirallahı rayonunda yerləşən “N” saylı hərbi hissədə bayram tədbiri keçirildi. Pirallahı RİH-in əməkdaşları, rayonun təhsil və mədəniyyət ocaqlarının işçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı.
        Tədbirdə çıxış edən RİH başçısı Aparatının şöbə müdiri Hikmət Şikarov  ilk öncə hamını RİH başçısı Vasif İmanov adından salamlayaraq zabit və əsgər heyətini Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə təbrik etdi. Ölkəmizin hərbi tarixindən danışan natiq qeyd etdi ki, tarixən xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələri bu gün də yaşamaqdadır. H. Şikarov bildirdi ki, ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan edilmişdir. Diqqətə çatdırıldı ki, ulu öndər Heydər Əliyevin  gərgin əməyi və misilsiz xidmətləri nəticəsində müstəqil respublikamızın suverenliyi və ərazi bütövlüyünü düşmən təcavüzündən qorumaq iqtidarında olan, qarşısına qoyulan hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirən qüdrətli ordumuzun yaradılması və inkişaf etdirilməsi suveren Azərbaycan dövlətinin dünyanın siyasi səhnəsində öz yerini almasında böyük əhəmiyyət daşımışdır. Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirən, ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşdırılmasına nail olmuşdur. H. Şikarov qeyd etdi ki, aprel döyüşləri  göstərdi ki, Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasındadır. Azərbaycan Ordusunun vətənpərvərlik ruhu çox güclüdür.
         Tədbir zamanı V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin özfəaliyyət “Cəzirə” ansamblı  zabit və əsgərlər qarşısında bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış etdi. Müğənnilər  Camalə Qambayova, Kəmalə Musayeva, aşıq Aidə, İnci Şirvanlı və Mirməmməd Mircəfərovun ifasında vətənpərvər,  xalq və bəstəkar mahnıları, rəngarəng rəqslər alqışlarla qarşılandı. Əsgərlər incəsənət ustaları ilə birgə rəqs etdilər.
          Tədbir çərçivəsində rayonun ictimai həyatında fəal iştirakına görə seçilən bir neçə hərbi qulluqçu RİH başçısı tərəfindən fəxri fərmanla təltif olundular.
        Sonda hərbi hissənin komandanlığı zabit, gizir və sıravi əsgərlərin adından yaddaqalan bir bayram tədbiri təşkil etdiyinə görə Pirallahı Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirdi.

Keçidlər