Pirallahı rayonunda 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü’’nə həsr olunmuş tədbir keçirildi
24 iyun 2017-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü’’nə həsr olunmuş tədbir keçirildi.
Toplantıda RİH başçısı Aparatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak etdilər.
Tədbirdə çıxış edənlər BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunduğunu, 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin Konvensiyasına qoşulduğunu vurğulamışdılar. Diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” müvafiq Fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 1999-cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunaraq ölkə başçısı tərəfindən imzalanmışdır. 2005-ci ildə görülən işlərin məntiqi davamı kimi beynəlxalq qurumların tövsiyələrinə, qoşulduğumuz Konvensiyaların müddəalarına uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunmuş və Prezident İlham Əliyevin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.
Sonda tədbir iştirakçılarına narkomaniya bəlalarında bəhs edən videoçarx nümayiş etdirildi.