Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda insanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi prioritet istiqamətlərdən biridir

05 iyul 2017 | 11:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında misli görünməmiş siyasi və sosial-iqtisadi tərəqqi dövrünü yaşayır. Ölkəmiz artıq neçə illərdir ki, sosial-iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında ilk yerlərdən birini tutur. İldən-ilə öz inkişaf tempini artıran, bir çox nüfuzlu siyasətçilərin də təsdiq etdiyi kimi, Qafqazın lider dövlətinə çevrilən Azərbaycanda hər bir kəs bu tərəqqiyə öz töhfəsini verməyə çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonunun sakinləri də bu müsbət proseslərə qoşulmuşlar. Pirallahı rayonunda insanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə genişmiqyaslı abadlıq-quruculuq işləri geniş vüsat alır.
Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində ümumi sahəsi 1 hektar olan ərazidə yeni “Yaşıl park” əhalinin istifadəsinə verilmişdir. Parkın ərazisində landşaft kompozisiyaları düzəldilib, yeni həmişəyaşıl və dekorativ ağaclar əkilib, qazon örtüyü salınmışdır. Layihəyə uyğun olaraq parkda gecə işıq dirəkləri, yeni oturacaqlar, söhbətgahlar və uşaq oyun meydançaları  quraşdırılmışdır. Bundan əlavə, ərazidə metal konstruksiyadan iaşə obyekti və ticarət mərkəzinin inşası aparılır.
Gürgən  qəsəbəsində  əhalinin  istirahəti  üçün düzəldilmiş süni  gölün ətrafında  “Gürgən parkı”n  salınması  işləri  davam etdirilməkdədir. Həmin ərazidə yerləşən göl çirkab sulardan təmizlənmiş, əhalinin istirahəti üçün gölün yenidən qurulması işləri həyata keçirilmişdir. Gölün ətrafında perimetri boyu 4 m enində yol düzəldilmiş, həmçinin göl boyu 300 m məsafədə qaya daşları düzülmüşdür. Gölün qırağında hündürlüyü 9 m, eni isə 12 m olan şəlalə quraşdırılmışdır. Burada  quraşdırılmış şəlalənin yanında, gölün daxilində  iki ədəd fontan düzəldilmiş, gölə əhalinin istirahəti üçün qayıqlar buraxılmışdır. Gölün yanında isə dekorativ yel dəyirmanı quraşdırılmışdır. Gölün üzərində isə 12 m uzunluğunda piyadalar üçün dekorativ körpü düzəldilmiş, ətrafı boyu yerləşən mövcud yamac hissədə yaşıllıqlar salınmışdır. Həmçinin gölün yanında iaşə obyektin inşa olunması nəzərdə tutulmuşdur. Gölün yanında yerləşən mövcud yamac hissədə yaşıllıqlar salınmışdır və ərazidə oturacaqlar qoyulmuşdur. “Gürgən parkı” ilə üzbəüz 200 m-lik  məsafədə 4 ədəd qayıq, neft çənləri, araba, quyu, tonqal, qaya  daşları, xırda daşlar  və s.  estetik  gözəllik  yaradan  elementlərdən  istifadə  olunmaqla  “Balıqçı  Həyatı” kompozisiyası  qurulmuşdur.  Burada  balıqçı, neftçi  və onların ailəsindən ibarət 3 ədəd heykəl quraşdırılmış, balıqçı torlarından  ibarət  çəpərlər  düzəldilmişdir.  Bundan  əlavə  ağac  kötükləri oyularaq içərisinə müxtəlif növ güllər əkilmişdir. Həmçinin əraziyə qazon örtüyü salınmış, ağac və müxtəlif  növ gül kolları əkilmişdir.
Pirallahı qəsəbəsinin cənub hissəsində 2.86 ha ərazidə “Nərəkənd” kompleksinin yaradılması istiqamətində işlər aparılmaqdadır. Kompleksin “Nərəkənd park” hissəsində işlər artıq yekunlaşmışdır. Park ərazisində tamet və asfalt yollar salınıb, ağaclar və qazon əkilib, suvarma və işıqlandırma işləri yerinə yetirilib, uşaqlar və böyüklər üçün idman qurğuları yerləşdirilib. Həmçinin dəniz qırağında sahil bərkitmə işləri aparılmış, 2 ədəd panton tipli körpü quraşdırılmış, yelkənli və balıqçı qayıqlarının yanalması üçün istifadəyə verilmişdir.
Pirallahı qəsəbəsindəki “Gənclər parkı”, “Uşaq əyləncə parkı”, Neft Daşlarında “Heydər Əliyev parkı” abadlaşdırılmışdır. Bunlardan əlavə bir neçə məhəllədə kiçik mini-parklar salınır. S.Vurğun küçəsində rayonun baş planına uyğun olaraq salınacaq H.Əliyev parkının ərazisində işlərə başlanılmış, əraziyə torpaq tökülərək hamarlanmışdır.
Rayon  ərazisində olan yaşıllıqların  mütəmadi  olaraq  suvarılması,  alaq  otlarından  təmizlənməsi,  qazonların biçilməsi  işləri  aparılmışdır. Ekologiyaya ciddi zərbə vuran süni göllərin qurudularaq yerində yeni yaşayış massivlərinin, abad məhəllələrin salınması üçün müvafiq tədbirlər görülmüşdür. Ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, o cümlədən, insanların sağlamlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı və ardıcıl xarakter daşıyır.

Keçidlər