Pirallahıda mədəni irsin qorunması istiqamətində addımlar atılır
Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında mədəni irsin qorunması və səmərəli idarə edilməsi məsələləri ölkənin strateji inkişaf istiqamətlərindən biri kimi göstərilmiş, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Son illər ölkəmizdə mədəni irsin qorunması ilə bağlı yerli və beynəlxalq səviyyədə bir çox işlər artıq görülmüşdür. Mədəni irsin qorunub saxlanılması, səmərəli idarə olunması problemlərinin əsas prioritet kimi qəbul edilməsi, görülən işlər, həyata keçirilən geniş miqyaslı layihələr Prezident İlham Əliyevin bu sahəyə mühüm əhəmiyyət verməsinin əyani təsdiqidir. Bu baxımdan sahə üzrə strategiya, dövlət proqramları və tədbirlərin hazırlanması işlərinin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. Məhz görülən işlərin, həyata keçirilən tədbirlərin, reallaşan layihələrin nəticəsidir ki, Azərbaycan xalqının yaratdığı mədəni nümunələr, o cümlədən, Muğam, Aşıq sənəti və digər mədəniyyət incilərimiz bəşəriyyət tərəfindən milli mənəvi dəyərlərimiz kimi qəbul olunur.
Pirallahı rayonunda da mədəni irsin qorunması və təbliği istiqamətində bir sıra mühüm işlər görülür. Rayonda sənətkarlıq nümunələrini, sənət əsərlərini, sahələrini təbliğ və inkişaf etdirmək məqsədilə bu gün də müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir. Bayram günlərində həyata keçirilən tədbirlər çərçivəsində xalçaçılıq, oyma, tikmə, toxuculuq nümunələri və müxtəlif əl işləri sərgilənir, qədim sənət nümunələri gənc nəslin və geniş ictimaiyyətin diqqətinə çatdırılır. Rayonda fəaliyyət göstərən mədəniyyət və yaradıcılıq mərkəzləri, kitabxana və uşaq musiqi məktəbləri bu işlərdə fəal iştirak edirlər. Qeyd etmək lazımdır ki, mədəni irsin qorunması və təbliği işləri bu qurumların gündəlik fəaliyyətinin də əsasını təşkil edir.
Pirallahı rayonunda yeniyetmə və gənclər arasında Azərbaycan xalqının zəngin adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və abidələrin bərpası, milli musiqi və rəqslərin təşviqi, xalq oyun və tamaşalarının bərpası, dünyanın nüfuzlu muzeylərində saxlanılan incəsənət nümunələrimizin öyrənilməsi və asudə vaxtlarının səmərəli keçməsi üçün dram, bədii qiraət, milli rəqs, rəssamlıq, milli ornament, vokal dərnəkləri fəaliyyət göstərir. Rayonda xalq çalğı alətlərini öyrənmək və müxtəlif musiqi alətlərində ifanı öyrətmək məqsədilə tar, kamança, qarmon, piano və klarnet ixtisasları üzrə şöbələr yaradılmışdır və səmərəli fəaliyyət göstərir.
Rayonda “Mayak” ritm qrupu, “Dübəndi” folklor ansamblı, “Əfşəran və Gürgən” rəqs qrupu yaradılmışdır (ilk mərhələdə 10 nəfərdən ibarətdir) və aktiv fəaliyyət göstərir. Artıq “Əfşəran” ritm qrupu Gürgən qəsəbəsinin girişində inşa edilmiş qədim qala divarları və qala bürcləri önündə çıxışları ilə sakinlərin diqqətini cəlb edə bilmişdir. Qeyd edək ki, “Əfşəran” adı Gürgən qəsəbəsinin gədim tarixi ilə bağlıdır. Belə ki, görkəmli alim Sara Aşurbəyli öz elmi işlərində göstərir ki, yerli əhali tərəfindən «Gürgan» və ya «Əfşəran» adlandırılan qədim yaşayış məskəni ilə Abşeron mayakı arasındakı ərazidə daş yeşiklərdə dəfn edilmiş insanların qəbirləri tapılmışdır. Qəbirlərdən aşkar edilmiş boz və qırmızı gildən hazırlanmış qablar, muncuqlar, daş lövhələrdəki vəhşi keçi konturları, obsidian parçaları, bürünc ox ucluqları və digər məişət vasitələri hələ eramızdan bir neçə min il əvvəl bu ərazilərin yüksək inkişaf səviyyəli həyat məskənlərindən biri olduğunu göstərir.
Yaxın gələcəkdə Abşeron mayakı nəzdində rayon ərazisindən toplanmış tarixi, etnoqrafik və digər materiallar əsasında yaradılacaq tarix-diyarşünaslıq muzeyində toplanacaq eksponatlar, o cümlədən, milli mənəvi dəyərlərimizi özündə ehtiva edən eksponatlar, Pirallahı rayonunda mədəni irsin qorunması istiqamətində görülən işlərin, həyata keçirilən layihələrin spektrinin daha da genişləndirilməsinə xidmət edəcəkdir.