Pirallahı rayonunda turizmin inkişaf potensialı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dünyanın ən yaraşıqlı şəhərlərindən birinə çevrilən doğma Bakımız günü-gündən böyüyür və gözəlləşir. Şəhərimizin gələcək inkişaf perspektivləri nəzərə alınaraq, 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Qanuna əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi tərkibində yeni, on ikinci rayon yaradıldı. Yeni yaradılan rayonun, tarixi keçmişi əsas götürülərək, Pirallahı adlandırılması ideyası da məhz cənab Prezidentə məxsus olmuşdur.
Paytaxtımız Bakının şəhər mərkəzindən 60 km, Heydər Əliyev Beynəlxalq Hava Limanından isə 40 km şərq istiqamətində yerləşən Pirallahı rayonu qərb istiqamətində Xəzər rayonu ilə həmsərhəddir, şimal, şərq və cənubda isə Xəzər dənizi ilə əhatə edilmişdir. Rayonun inzibati ərazi bölgüsünə Pirallahı, Gürgən, Çilov və Neft Daşları qəsəbələri daxildir. Hazırda Pirallahı rayonunun əhalisi 20,2 min nəfərdir. Ərazisi 71,12 km2 təşkil edən rayonda əhalinin sıxlığı 1 kvadrat kilometrə 672 nəfərdir.
Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin əsasən adalardan (Pirallahı, Çilov) ibarət olması buna daha çox zəmin yaradır. Pirallahı adasının sahil boyu ən əlverişli yerləri ayrılmaq şərti ilə həmin ərazilərdə dənizkənarı bulvar, attraksionları olan istirahət parkı, otel, kafe, kütləvi çimərliklər (sahilyanı zolaqda yerləşdirilmiş), idman-konsert kompleksi (açıq havada), yaxt-klub, sörfinq klubları və s. yaradılması üçün əlverişli şərait vardır.
Yenidən qurulan Qala-Pirallahı yolu və Pirallahı körpüsü qəsəbə sakinlərinin həmçinin turistlərin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh, Binə və digər qəsəbələrə rahat çıxışına imkan yaradır.
Turizmin inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyi Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşunaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idman növlərinin, o cümlədən, yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranmışdır.
Baş Plana uyğun olaraq Pirallahı qəsəbəsində sahil xətti boyunca bir çox sahələrdə mövcud olan antisanitar vəziyyət aradan qaldırılmışdır. Bu ərazidə sakinlərin və turistlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulmuşdur. Hazırda bu istiqamətdə müvafiq işlər görülməkdədir. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq parkın dənizə baxan hissəsində artıq işlərə başlanılmışdır. Sakinlərin, eləcə də turistlərin asudə vaxtlarının səmərəli təşkili üçün qısa vaxt ərzində dənizkənarı bulvarda ən müasir infrastruktur yaradılacaq. Yeni bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Pirallahı bulvarı özünəməxsus gözəlliyi ilə turistlərin diqqətini cəlb edəcək. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsi də nəzərə alınıb. Bulvarda kiçikölçülü gəzinti avtobusları, avtomobil və velosiped üçün sahilboyu xüsusi hərəkət zolağı da salınacaq. Ərazidə nadir ağac və bitki nümunələri əkiləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin burada istirahət obyektləri, atraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.
Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə (bundan 375 ha quruya, 408 ha dənizə düşür) Azərbaycan Respublikasının Abşeron Milli Parkı yerləşir. Parkda 50-dən artıq quş və heyvan növlərinə rast gəlinir, 25-ə qədər bitki növü mövcuddur. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində dünyada nadir hesab olunan Xəzər suitisinə rast gəlinir və o, əsasən, may-avqust aylarında Milli Parkın ərazisindəki suiti burnunda müşahidə olunur. Xəzər suitisi pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi “Ginnes”in rekordlar kitabına daxil edilib. Burada fısıldayan qulələk, yovşan kimi nadir təbiət incilərini müşahidə etmək mümkündür. Abşeron Milli Parkı paytaxt Bakıya ən yaxın olan təbii abidə, ekoturizm üçün ən əlverişli nöqtə, Abşeron yarımadasında ən təmiz dəniz suyu, ən təmiz havası olan məkandır. Milli Park Azərbaycanın su ilə birləşən ən ucqar quru ərazisidir, eləcə də öz flora və faunası ilə tamamilə vəhşi təbiətin təcəssümüdür.
Rayonda turizmin rekreativ (istirahət, müalicə və bərpa), tibbi, dəniz və balıq ovu, idman, aktiv, kruiz, ekoturizm və digər növlərinin inkişafı üçün geniş imkanlar vardır. Pirallahıda turizmin inkişaf perspektivlərini nəzərə alaraq rayon ərazisində 2-si Pirallahı, 1-i Gürgən qəsəbəsində olmaqla 3 ədəd çimərlik təşkil edilmiş, ətraf sahələrdəki 6 ha ərazi təmizlənərək baxımsızlıq və antisanitar vəziyyət aradan qaldırılmış, istirahət üçün lazımi şərait yaradılmışdır. Ərazidə günlüklər quraşdırılaraq istirahət edənlərin istifadəsinə verilmişdir. Çimərliklərdə insanların təhlükəsizliyi və sağlamlığı da nəzərə alınmışdır.
Pirallahı qəsəbəsində artıq müasir standartlara cavab verən bir turizm obyekti istifadəyə verilmişdir. “F-Marine” adlı istirahət kompleksində 8 kiçik və 4 böyük kottec, mini-stadion, hovuz, restoran fəaliyyət göstərir. Sözsuz ki, gələcəkdə belə mərkəzlərin sayı artırılacaqdır.
Rayonda su idman növlərinin, o cümlədən, yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, velosiped yollarının tikintisi nəzərdə tutulur.
Gələcəkdə Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması nəzərdə tutulur. Çilov adasına çəkiləcək estakadaların, dəniz kruizlərinin, Bakı bulvarı ilə Neft Daşlarını birləşdirəcək səyahət marşrutunun turizmin inkişafında mühüm əhəmiyyəti olacaqdır.