Pirallahıda çörək kombinatı fəaliyyətə başladı
Azərbaycanda aparılan uğurlu, məqsədyönlü daxili və xarici siyasət nəticəsində respublikamızda mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir, nəzərdə tutulmuş proqramlar, investisiya layihələri uğurla icra olunur. Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin reallaşdırılması da qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın inkişafına təkan vermişdir.
35 ildir ki, Pirallahıda çörək kombinatının olmaması burada sakinlərin tələbatının tam ödənilməsində və keyfiyyətli məhsulla təmin olunmasında bir çox çətinliklər yaradırdı. Çörəyin adaya kənardan maşınlarla daşınması onun həm maya dəyərinə, həm də vaxtında keyfiyyətlə vətəndaşlara çatdırılmasına mənfi təsirini göstərirdi.
Dövlət Proqramına uyğun olaraq və sakinlərin tələbatı nəzərə alınaraq Pirallahı rayonunda “Ada çörək və un məmulatları kombinatı”nın tikintisi artıq başa çatdırılıb.
Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu dünyanın bu sahədə məşhur müasir alman texnologiyaları əsasında hazırlanmış "Özköseoğlu" və “Altuntop” şirkətlərinin ən son texnologiyaları əsasında qurulub və gündəlik istehsal gücü 10 tondur. Məhsulun hazırlanması prosesi tam avtomatlaşdırılıb və istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur ki, bu da sanitar-gigiyenik normalara əməl olunmaqla çox yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsullarının əldə edilməsinə imkan verir. Yeni texnologiyanın tətbiqi məhsulun maya dəyərinin formalaşmasında xüsusi çəkisi olan enerji xərclərinin azalmasına imkan yaradır. Bu da istehlakçılara keyfiyyətcə yüksək və aşağı qiymətlərlə çörək məhsullarının təqdim edilməsinə şərait yaradır. Burada 5 çeşiddə çörək və12 növdə şirniyyat məmulatları hazırlanır ki, gələcəkdə də tələbata uyğun çeşidlərin artırılması planlaşdırılır. Çörək məhsulları qablaşdırılaraq “Ada çörək ” brendi altında satışa çıxarılır. 35 min əhalini çörəklə təmin etmək gücünə malik kombinatda 50 nəfər rayon sakini daimi işlə təmin olunub.
Qeyd edək ki, istehsal olunan çörək çeşidlərinin pərakəndə satış qiyməti kənardan gətirilən çörək məmulatlarından 5-10 qəpik aşağı qiymətə satılır ki, bu da rayon sakinləri tərəfindən məmnunluq hissi ilə qarşılanır.
Pirallahıda mütəmadi olaraq Heydər Əliyev fondunun dəstəyi ilə şəhid, kimsəsiz və ehtiyacı olan ailələrə yardımlar paylanılır. 17 iyul 2017-ci il tarixdə RİH-nin, o cümlədən “Ada çörək və un məmulatları kombinatı”nın əməkdaşlarının iştirakı ilə növbəti humanitar aksiya keçirildi və kimsəsiz, ehtiyacı olan aztəminatlı ailələlərə 3500 ədəd çeşidli çörək və şirniyyat məmulatları paylandı.