Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edildi

25 iyul 2017 | 11:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonu artıq tərəqqi yolu ilə inamla irəliləyir. Bu ilin 6 ayı ərzində qazanılan uğurlar 24 iyul tarixində Pirallahı Rayon İcra Hakimiyyətində keçirilmiş 2017-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha sadalandı. Yığıncaqda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, RİH Aparatının əməkdaşları, rayon fəalları iştirak etdilər. Hesabat yığıncağını giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov açaraq iyulun 12-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2017-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın keçirildiyini nəzərə çatdırdı. V.İmanov bildirdi ki, həmin iclasda möhtərəm Prezident İlham Əliyev çox mürəkkəb beynəlxalq mənzərə fonunda Azərbaycanın uğurla inkişaf etdiyini, Bakıda V Qlobal Forumunun, IV Mədəniyyətlərarası Dialoq Forumunun, IV İslam Həmrəyliyi Oyunlarının, 24-cü Xəzər neft-qaz sərgi və konfransının keçirildiyini xüsusilə vurğulamışdır. Dövlət başçısı öz giriş nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə geniş yer verərək bildirdi ki, əfsuslar olsun ki, bu ilin birinci yarısında bu istiqamətdə - danışıqlar istiqamətində heç bir nəticə əldə edilməmişdir. Bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirmişdir. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri – Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi. Yekun nitqinin sonunda bu ilin 6 ayının yekunlarının sevindirici olduğunu qeyd edən ölkə başçısı bildirmişdir ki, müsbət dinamikanın daha da artırılması üçün verilən tapşırıqlar yerinə yetirilməli və qarşıda duran vəzifələr icra olunmalıdır.
Vasif İmanov çıxış zamanı qeyd etdi ki, ölkə başçısı qısa bir müddət ərzində rayonumuzu iki dəfə səfər etdi. May ayının 11-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən müasir körpünün və yeni çəkilmiş yolun açılışında iştirak etdilər, həmçinin Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsində aparılan yenidənqurma işləri ilə tanış oldular.
21 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pirallahı rayonunda bir sıra obyektlərin və “ Nərəkənd” balıqyetişdirmə kompleksində fermaların açılışında iştirak etdi. Balıqyetişdirmə ferması iki hissədən ibarət olacaqdır – qapalı və açıq tipli fermalar. Fermada nərəkimilərin yetişdirilməsi nəzərdə tutulur. İllik istehsal gücü 150 ton nərəkimilər cinsindən olan balıq əti və 4 ton qara kürü olacaqdır. Fermanın inşaat işləri yerli şirkətlər, avadanlıqların quraşdırılması isə Hollandiyanın HESY şirkəti tərəfindən həyata keçiriləcəkdir. “Nərəkənd” Balıqyetişdirmə kompleksinin ümumi sahəsi ümumilikdə 7 hektar ərazinin əhatə edir. Bunun 1,5 ha ərazisində park-kompleksi salınmışdır. 1,5 ha hissəsində açıq və qapalı balıqyetişdirmə kombinatlarının inşası nəzərdə tutulub. Digər ərazi isə rekreasiya zonası kimi fəaliyyət göstərəcək. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak etdi. Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşasının uğurla başa çatdırılması ilə əhalinin su təchizatı tam yenilənmiş, yeni magistral su xətti çəkilmiş, sakinlərin 80%-i 24 saat keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Sonda ölkə başçısı “Pirallahı” günəş elektrik stansiyasının açılışında iştirak etdi. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlətimizin başçısına “Pirallahı” günəş elektrik stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verdi. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə gücü 2,8 meqavat olan günəş elektrik stansiyalarının tikintisinə 2 hektar torpaq sahəsi ayrılmışdır.
Daha sonra Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov qeyd etdi ki, Gürgən  qəsəbəsində də geniş miqyaslı abadlıq-quruculuq işlərinə start verilmişdir. Qəsəbəsinin  giriş  hissəsində  mərkəzi  yolun  kənarında Abşeron  memarlığını  özündə  əks  etdirən  qala  divarının  inşası  tamamlanmış və yol  kənarı  hissədə  dekorativ  hasarların inşası başa çatdırılmışdır. Gürgən  qəsəbəsində  tarixən mövcud olan  təbii  bulaq   yenidən  qurulmuşdur. Sudan  nümunə  götürülərək  laboratoriyada  yoxlanılmış  və  içməyə  yararlı  su  olduğu  müəyyən  olunmuşdur. Bulağın sağ və sol tərəflərindəki sütunların üstündə daşdan yonulmuş 2 ədəd çıraq formalı element quraşdırılmışdır. Gürgən  qəsəbəsinin giriş hissəsində yerləşən  mövcud  göl  çirkab  sulardan təmizlənmişdir. Gölün  ətrafında  4 m  enində yol  düzəldilmiş  və  perimetri  boyu  300 m  məsafədə qaya  daşları  düzülmüşdür. Gölün qırağında  hündürlüyü 9 m,  eni 12 m  olan  şəlalə  quraşdırılmışdır. Bundan əlavə gölün  üzərində  12 m  uzunluğunda  piyadalar  üçün   körpü  düzəldilmiş və gölün  ətrafında  oturacaqlar qoyulmuşdur. Burada  quraşdırılmış şəlalənin yanında, gölün daxilində  iki ədəd fontan düzəldilmişdir. Gölə əhalinin istirahəti üçün qayıqlar buraxılmışdır. Gölün yanında isə estetik gözəllik yaradan dekorativ yel dəyirmanı qurulmuşdur. Həmçinin gölün ətrafı   boyu və  mövcud  yamac  hissədə  yaşıllıqlar  salınmışdır.  Burada  kafenin  inşa  olunması  nəzərdə  tutulmuşdur. Mərkəzi  yol  boyu  dəniz  kənarında  “Gürgən” parkı ilə üzbəüz 200 m-lik  məsafədə 4 ədəd qayıq, neft çənləri, araba, quyu, tonqal, qaya  daşları, xırda daşlar  və s.  estetik  gözəllik  yaradan  elementlərdən  istifadə  olunmaqla “Balıqçı  Həyatı” kompozisiyası  qurulmuşdur.  Burada  balıqçı, neftçi  və onların ailəsindən ibarət 3 ədəd heykəl quraşdırılmışdır. Balıqçı torlarından  ibarət  çəpərlər  düzəldilmişdir.  Bundan  əlavə  ağac  kötükləri oyularaq içərisinə müxtəlif növ güllər əkilmişdir. Əraziyə qazon örtüyü çəkilmiş, ağac və müxtəlif  növ gül kolları əkilmişdir.
Bildirilmişdir ki, rayonun  Baş planı Fövqəladə Hallar Nazirliyinin Ekspertiza idarəsinə təqdim etmək üçün hazırdır. Həmçinin rayonun mərkəzi olan Pirallahı qəsəbəsinin Baş və müfəssəl planı hazırlanır, rayonda salınacaq “Yüksək Texnologiyalar Parkı”nda lahiyələndirmə işləri aparılır, Gürgən qəsəbəsində isə “Yeni Şəhər”in salınması məqsədilə müvafiq layihələndirmə işləri aparılır.  Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının inşası və yaxınlıqdakı Heydər Əliyev Mərkəzinin binasında tikinti işləri davam etdirilir. Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən yeni inzibati binada birinci mərtəbə inşa olunur. S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış sahədə yeraltı və yerüstü kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılmış, ərazi inşaat hasarına alınmışdır. Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi - uşaq bağçasında işlər tamamlanmaq üzrədir.  Pirallahı qəsəbəsi, S. Vurğun  küçəsi, “Beton  zavodu”n  yaxınlığında   ölçüləri  l=12 m, h=1,2  m “Pirallahı”  yazısı  və  ölçüləri  isə  l=2 m, h= 5 m rayonun  simvolu  quraşdırılmışdır.  Simvol gecə işıqları ilə təchiz olunmuşdur.  Həmçinin yolun əks tərəfində   müxtəlif  ölçüdə  qaya  daşları  ilə  “Daş Kitabə” dekorativ  kompozisiyası  qurulmuşdur.  Onun  üzərində  isə  respublikamızda  mövcud  olan  tarixi  və  müasir  tikililəri, təbiət  mənzərələrini  özündə  əks  etdirən  rəsmlər  həkk  olunmuş, qaya  daşlarının  qabağında  Pirallahı  rayonunda  inşa  olunmuş  yeni  körpünün  maketi  quraşdırılmışdır. K.Rzayev küçəsində yerləşən “Yaşıl park”da  abadlıq işləri aparılmışdır. Yeni oturacaqlar quraşdırılmışdır.  Əraziyə  637 m2 asfalt-beton örtüyü çəkilmişdir. Müxtəlif növ gül və kol bitkiləri əkilmiş qazon örtüyü çəkilmişdir.  S.Vurğun küçəsində  baş plana uyğun olaraq salınacaq H.Əliyev parkının ərazisində işlərə başlanılmışdır. Ərazi torpaq tökülərək hamarlanmış və ətrafına 160 p/m dekorativ hasar quraşdırılmışdır.  Hazırda işlər davam etdirilir. Pirallahı  qəsəbəsi, 28-ci məhəllədə  yeni yanacaqdoldurma  məntəqəsinin  inşası  aparılır.  Yanacaqdoldurma məntəqəsinin ofis binasının və avtoyuma məntəqəsinin tikinti-quraşdırma işləri davam etdirilir. Yanacaqdoldurma məntəqəsində metal fermaların quraşdırılması  işləri  başa çatdırılmışdır. Pirallahı qəsəbəsində «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir. Pirallahı  qəsəbəsi, S.Vurğun küçəsində  yerləşən  yaşıl  bazarda və ictimai-iaşə  obyektində, K.Rzayev küçəsində yerləşən yaşıl yarmarkada təmir-tikinti işləri  davam  etdirilir.
Dövlət Proqramında qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri prioritet məsələlər olaraq qalır. 35 ildir ki, çörək adaya kənardan maşınlarla gətirilirdi. Dövlət Proqramına uyğun olaraq və sakinlərin tələbatı nəzərə alınaraq Pirallahı rayonunda “Ada çörək və un məmulatları kombinatı” artıq fəaliyyətə başlayıb.
Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, Rayon ərazisindən yerləşən “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi istiqamətində görülən işlər  yekunlaşmaq üzrədir. Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində işlər dəniz akvatoriyasında və sahil boyu davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan Pirallahı Sənaye Parkı innovativ sənayenin inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı olmaqla, ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır. Əsasən əczaçılıq sahəsində ixtisaslaşacaq Pirallahı Sənaye Parkı ölkəmizdə yaradılan sayca 5-ci sənaye parkıdır. 30 hektar ərazidə yaradılacaq sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılacaq və digər xidmətlər göstəriləcək. Artıq Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək əczaçılıq şirkətləri ilə ilkin razılıqlar əldə edilib. Belə ki, Pirallahı Sənaye Parkına Rusiyanın “R-Farm” şirkəti ilə birgə təsis edilmiş “Həyat Farm” MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İran İslam Respublikasının “TPICO” şirkəti ilə birgə təsis ediləcək müəssisə tərəfindən isə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Pirallahı Sənaye Parkında “Həyat Farm” MMC tərəfindən 300 adda, digər birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulunun istehsalı nəzərdə tutulur. Bu müəssisələr, eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması prosesinə də böyük təkan verəcəkdir. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır.
Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov qeyd etdi ki, Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir.  Həmçinin rayonda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə baxımsız qalmış sahələr təmizlənir, antisanitar vəziyyət aradan qaldırılır. Hesabat dövründə  Pirallahı  rayonunda  25000  ədəd  müxtəlif  növ həmişəyaşıl  ağaclar  və  meyvə  ağacları  əkilmiş, 30000  m2 sahəyə  isə  qazon  örtüyü əkilmiş, gül kolları ilə bəzədilmişdir. Mərkəzi  yol  kənarı  boyu  müxtəlif  landşaft  kompozisiyaları  düzəldilmiş, torpaq  tökülərək  yamaclar,  təpələr  qurulmuş, hamarlanma  işləri aparılmış, qaya daşları, gül və  kol  bitkiləri  ilə  bəzədilmişdir. Həmçinin  mərkəzi  yol  kənarı  boyu  yolun  hər  iki  tərəfində estetik  gözəllik  verən  dekorativ  çəpərlər  quraşdırılmışdır.
Hesabatın sonunda V.İmanov vurğulamışdır ki, planlaşdırılan işlər sırasında Gənclər evinin tikintisi, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Mərkəzi”nin yaradılması və həmin mərkəzdə istirahət obyektlərinin inşası, RİH-nin hazırda inşa edilən inzibati binasının qarşısındakı parkın abadlaşdırılması, dənizkənarı parkın salınması, 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının tikintisi, 14 saylı Uşaq Musiqi Məktəbi üçün yeni binanın tikintisi, Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və idman meydançalarının yaradılması, rayon ərazisində 297 ədəd 1 mərtəbəli və hündürmərtəbəli binaların qəzalı vəziyyətdə olması ilə əlaqədar tədbirlər,  alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulmasının davam etdirilməsi, Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması, əhalinin 24 saat fasiləsiz su ilə tam təmin olunması, eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri prioritet məsələlər olaraq qalır.
Hesabat ətrafında çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev, “28 may NQÇİ”nin rəisi Zaur Bağırov, Gürgən qəsəbə İƏD üzrə nümayəndə Nicat Qafarov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2017-ci ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişlər. Altı ay ərzində rayonda həyata keçirilən işlər, icra edilən dövlət proqramları onu deməyə əsas verir ki, etnik tərkibin zənginliyi ilə fərqlənən Pirallahı rayonunun sakinləri Prezident İlham Əliyevin Sərəncamı ilə “İslam Həmrəyliyi ili” elan olunmuş 2017-ci ili də uğurla başa vuracaqlar.

Keçidlər