Şriftin ölçüsü :

Saytın rəngi :

“Nərəkənd” parkı pirallahılıların sevimli istirahət məkanlarından birinə çevrilib

03 avqust 2017 | 11:00

         Bakının ən gənc rayonu olan Pirallahı bu gün özünün parlaq inkişaf dövrünü yaşayır. Rayonda aparılan tikinti, abadlıq-quruculuq işləri bu tarixi məkanın özünəməxsusluğunu qorumaqla bərabər onun müasir simasını göz oxşayacaq qədər tanınmaz edir. Yaşıl adaya çevrilməkdə olan Pirallahıda artıq 4 istirahət parkı inşa edilmişdir.  Yeni yaradılan parklar forma və məzmunu, kompozisiyaları, yaşıllıqları ilə seçilir. Məhz bu məzmun zənginliyi onları ilk gündən sakinlər və qonaqların sevimli məkanına çevirib.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 21-də Pirallahı rayonuna səfəri zamanı “Nərəkənd” kompleksində açılışını etdiyi  park da qısa bir müddət ərzində rayon sakinlərinin ən sevimli istirahət guşələrindən birinə çevrilmişdir. Park müasir tələblərə uyğun tikilib və insanların istirahəti üçün bütün şərait yaradılıb. Ərazisi 1,5 ha olan parkda inşa edilən və nərə balığı formasında olan fəvvarə estetik gözəlliyi ilə bura gələnlərin zövqünü oxşayır.  Layihəyə əsasən, parkda ən müxtəlif zövqlərə uyğun oyun və idman meydançaları, uşaq guşəsi, sinema-kafe və digər istirahət obyektləri mövcuddur. Rayon sakinlərinin və qonaqların səmərəli və gözəl istirahəti üçün burada vaxtaşırı konsert proqramları təşkil edilir.
       Yaxın vaxtlarda “Nərəkənd” kompleksində inşa olunacaq qapalı və açıq tipli fermalarda yetişdirilən, habelə qanunvericiliyin tələblərinə zidd olmayan qaydada yerli balıqçılar tərəfindən dənizdən tutulan balığın və balıq məhsullarının burada satışının təşkil olunması məqsədilə ərazidə balıqçı qayıqları üçün yanalma pontonları və zəruri normativlərə cavab verən ticarət məntəqəsi - Balıq Bazarı yaradılmışdır. Bu məntəqə dörd pavilyondan ibarətdir. Pavilyonlarda balığın satışı və saxlanılması üçün lazımi şərait yaradılmış və müvafiq avadanlıqlar quraşdırılmışdır. Bundan başqa, kompleksdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Dənizçi” İdman Klubunun yaradılması və yelkənli qayıqlarla üzmənin təşkil olunması nəzərdə tutulub.
       “Nərəkənd” layihəsi çərçivəsində, həmçinin, yaşayış kompleksinin, o cümlədən mehmanxana və kotteclərin tikintisi təklif olunur ki, həmin obyektlərin ilkin konsepsiyası layihədə öz əksini tapmışdır.

Keçidlər