Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi
09 dekabr 2022 | 17:11
09 dekabr 2022-ci il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
RİH başçısı bildirdi ki, 12 dekabr - Ulu öndər Heydər Əliyevin anım günüdür. Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Diqqətə çatdırıldı ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, 2023-cü il “Heydər Əliyev ili” elan olunub.
Sonra rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Bildirildi ki, müstəqil və qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında, onun qətiyyəti, yenilməz sərkərdəlik məharəti ilə xalqımıza bəxş olunan bu möhtəşəm Qələbənin sevincini hər bir soydaşımız böyük qürur hissi ilə yaşayır. Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı Azadlıq meydanında bu günədək keçirilən paradlardan daha çox önəm daşıyırdı. Zəfər paradı təkcə düşmən üzərində qələbənin nümayişi deyil, həm də Azərbaycan xalqının 30 illik həsrətinin sonu, arzu və istəklərinin reallaşması, Azərbaycan həqiqətlərinin bütün dünyaya nümayişi idi.
Sonra natiq rayonda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonun qəsəbələrində geniş quruculuq və abadlıq işlərinə start verildi. Hal-hazırda Gürgən qəsəbəsində məhəllədaxili yollara asfalt örtüyünün döşənməsi, ətraf ərazilərin abadlaşdırılması, yaşıllıqların salınması işləri həyata keçirilir. Gələcəkdə rayon ərazisində bütün məhəllələrin və yolların abadlaşdırılması prioritet istiqamətdir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işsizlik, qəsəbədaxili yolların asfaltlanması, qaz xəttinin çəkilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.