Məzunlarımız rayonumuzun adını daim yüksəltməyə çalışırlar
Respublikamızda insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi prioritet istiqamətlərdən biridir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə son illər təhsil sahəsində köklü islahatlar aparılır. Azərbaycanın müxtəlif şəhər və rayonlarda 3000-dən artıq məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmış, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir. Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyeva Ulu öndərimizin əsasını qoyduğu, Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Məhz onun müəyyənləşdirdiyi prioritetlərin nəticəsi kimi Heydər Əliyev Fondu yarandığı gündən ölkəmizin təhsil, səhiyyə və mədəniyyət sahəsində öz sözünü deyir.
Ölkəmizin hər yerində olduğu kimi, yeni yaranmış Pirallahı rayonunda da təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilməkdədir. Belə ki, Dövlət Proqramına uyğun olaraq Pirallahı rayonundakı 6 məktəbin hamısı təmir olunaraq lazımı avadanlıqlarla təmin edilmişdir. Pirallahıda bu işlərə 2008-ci ildən başlanıb və ilk olaraq 235 №-li tam orta məktəb əsaslı təmir olunub. 2011-ci ildə 186 və Gürgən qəsəbəsində yerləşən 231 №-li tam orta məktəblər, 2012-ci ildə 243 №-li tam orta məktəb, 2014-cu ildə isə 168 №-li tam orta məktəb əsaslı təmir olunmuşdur. Çilov adasında yerləşən 131 №-li tam orta məktəb də 2007-ci ildə Dövlət Neft Şirkəti tərəfindən əsaslı təmir olunaraq müəllim və şagird kollektivinin ixtiyarına verilmişdir. Qeyd edək ki, 168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun inşası aparılmış və 2015-2016-cı tədris ilinə istifadəyə verilmişdir. Dövlət Proqramı çərçivəsində 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, yeməkxana, idman zalı və kitabxananın tikintisi nəzərdə tutulmuşdur.
Sevindirici haldır ki, Pirallahı rayonunun təhsil işçiləri də uzun illərdir böyüməkdə olan nəslin milli, vətənpərvər ruhda tərbiyə alması, savadlı, intellektual gənclər kimi yetişməsi üçün bilik və bacarıqlarını əsirgəmirlər. Qeyd edək ki, rayon məktəbliləri müxtəlif respublika müsabiqələrində, fənn olimpiadalarında, idman yarışlarında uğurla iştirak edərək bir sıra nailiyyətlər qazanıblar. Məlumat üçün bildirək ki, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 2 654 şagirdin təlim-tərbiyəsi ilə 241 müəllim məşğul olur ki, bunlardan da 209-u ali, 32-si orta ixtisas təhsillidir.
Qeyd edək ki, 6 məktəb üzrə 181 məzundan 111 abituriyent ali məktəblərə sənəd vermişdir. Abituriyentlərdən 3-ü 600-dən yuxarı bal toplayıb. 231 №-li tam orta məktəbin şagirdi Cabbarova Həbibə 667 balla Pirallahı rayonu üzrə ən yüksək nəticə əldə etmişdir. 168 №-li tam orta məktəbin şagirdi Bayramov Emil 642 bal, 235 №-li tam orta məktəbin şagirdi Alişanlı Cəmilə isə 611 bal toplamışlar.
Daha 9 rayon məzunu 500-dən yuxarı bal toplayıb. Məzunlarımız Mirzəzadə Rəna (580 bal, 186 nömrəli tam orta məktəbin məzunu), Əsgərli Azadə (560 bal, 186 nömrəli tam orta məktəbin məzunu), Əsədova Aytac (559 bal, 168 nömrəli tam orta məktəbin məzunu), Mirzəyev Rəşad (546 bal, 168 nömrəli tam orta məktəbin məzunu), Haqverdiyeva Fidan (525 bal, 235 nömrəli tam orta məktəbin məzunu), İsmayılzadə Xanım (515 bal, 186 nömrəli tam orta məktəbin məzunu),Əliyev Urfan (510 bal, 168 nömrəli tam orta məktəbin məzunu), Əhmədov Cəlil (504 bal, 168 nömrəli tam orta məktəbin məzunu), Şərifli Əbdül (502 bal, 168 nömrəli tam orta məktəbin məzunu) təhsil alacaqları ali məktəblərdə rayonumuzun adını daim yüksəltməyə çalışacaqlar.