Şriftin ölçüsü :

Saytın rəngi :

Hindistan səfiri Pirallahı Günəş Elektrik Stansiyasına səfər edib

10 avqust 2017 | 11:00

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Pirallahı rayonunda yenicə istifadəyə verilən Pirallahı Günəş Elektrik Stansiyasına (GES) səfər edib.
Səfiri ABOEMDA-nın sədr müavini Nurəli Yusifbəyli müşayiət edib.
Sanjay Rana əvvəlcə Pirallahı GES-in inzibati binası ilə tanış olub. Bundan sonra o, ərazidə quraşdırılmış günəş panelləri, 85 metr hündürlüyündə stasionar və “KamAZ” avtomobilinin bazasında səyyar Ölçü-Müşahidə Nəzarət Kompleksi ilə tanış olub. Görüşdə, həmçinin ABOEMDA sədrinin müavini Azərbaycanla Hindistan arasında yenilənə bilən enerji sahəsindəki əlaqələrin uğurla inkişaf etdiyini deyib.
Qeyd edək ki, Alternativ və Bərpa olunan enerji mənbələrinin həcmini və keyfiyyətini artırmaq üçün  Pirallahıda istifadəyə verilən Pirallahı Günəş Elektrik Stansiyası hazırda 1.1 MVt gücündə elektrik enerjisi istehsal edir. Yaxın zamanlarda bunun gücünün 2.8 MVt-a çatdırılması nəzərdə tutulur. Layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin elektrik enerjisinə olan tələbatını yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin etməkdir. İlkin mərhələdə stansiya iki hektar ərazidə quraşdırılıb və Azərbaycanda istehsal olunan 4400 günəş paneli ilə təchiz olunub. Hər bir panelin gücü 250 Vattdır. Bu isə ümumilikdə adanın elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Layihənin icrasına 2014-cü ildə start verilib. Layihənin ikinci mərhələsi üçün əlavə olaraq 5 ha torpaq sahəsi ayrılıb və stansiyanın geniş ərazidə tikintisinin   tamamlanması və 12.8 MVt gücü ilə işə düşməsi 2020-ci ildə baş tutacaq. Bundan əlavə, elektrik stansiyasında 85 metr hündürlüyündə stasionar və “Kamaz” avtomobilinin bazasında səyyar Ölçü-Müşahidə Nəzarət Kompleksi yaradılıb. Bu kompleksə günəş müşahidə, mobil külək müşahidə stansiyası, küləyin sürətini və istiqamətini ultrasəs metodu ilə ölçən avadanlıq daxildir. Kompleks ölkə üzrə istənilən ərazidə stasionar rejimdə hər 20 metr məsafədə və 20-300 metr hündürlükdə bütün geofiziki-metroloji parametrləri ölçməyə və təhlil etməyə imkan verir.

Keçidlər