Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

23 avqust 2017 | 11:00
       Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 24 il ötür.
      Füzuli rayonu 1988-ci ildən başlayaraq mütəmadi olaraq ermənilərin hücumuna məruz qalıb. 1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi düşmən tapdağından azad edilib.
        Ərazisi 1050 kv.km olan Cəbrayılın 23 avqust 1993-cü il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Qarabağ müharibəsində Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid vermişdir. Horadiz əməliyyatı zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilib. 2016-cı ilin aprel ayında Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi Dördgünlük müharibə zamanı geri qaytarılıb. 24 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məscidin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi aparılıb.
     Qeyd edək ki, aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə istiqamətində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad edilmişdir. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.
Keçidlər