Şriftin ölçüsü :

Saytın rəngi :

“1 oktyabr – Beynəlxalq Ahıllar Günü” münasibətilə tədbir keçirildi

01 oktyabr 2022 | 14:25
     01 oktyabr 2022-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “01 oktyabr – Beynəlxalq Ahıllar Günü” münasibətilə tədbir keçirilmişdir.
      Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov əlamətdar gün münasibətilə yaşlı nəslin nümayəndələrini təbrik edərək, onların dünyagörüşünə, həyat təcrübəsinə, məsləhətlərinə daim ehtiyac duyulduğunu bildirdi. Ahılların hərtərəfli dövlət qayğısı ilə təmin olunmasının, onların maddi və mənəvi tələbatlarının ödənilməsinin ümummilli lider Heydər Əliyevin sosial siyasi kursunun vacib tərkib hissəsi olduğunu qeyd edən natiq, milli və bəşəri dəyərlərə söykənən bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqli səviyyədə davam və inkişaf etdirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Bununla yanaşı, vurğulandı ki, bir sıra dövlət proqramlarına uyğun olaraq, ötən müddətdə ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülüb. Ahıl şəxslərin rifahında mühüm yer tutan pensiya təminatı mütəmadi olaraq gücləndirilib. V.Səfixanov, dövlətimiz tərəfindən ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıldığını və cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət və qayğı hissinin formalaşdırılmasının vacib məsələlərdən olduğunu vurğuladı. Çıxışının sonunda V.Səfixanov bütün qocalara həyatlarının bu çağında hüzur və sakit ömür arzuladı.
      Daha sonra Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar nəticəsində ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahıl vətəndaşların sosial müdafiəsinin davamlı güclənməsinə imkan yaradıb. Bu gün respublikamızda ahıllara müxtəlif sosial xidmətlər göstərilir, onların sağlamlığının qorunması, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır. Ə.Kərimov həmçinin Pirallahı rayonunda yaşayan ahılların güzəranının yaxşılaşdırılması, onların sağlam həyat tərzində yaşamalarının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü, ölkənin sosial, ictimai və mədəni həyatında fəal iştiraklarının təmin olunması üçün əlverişli şəraitin yaradıldığını vurğuladı.
      Tədbirdə sonuncu çıxış edən Laçın rayonundan keçmiş məcburi köçkün Duman Zeynalov onlara göstərilən qayğıya və 30 illik həsrətdən sonra əzəli torpaqlarımızın azadlığının təmin olunmasına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürünü bildirdi. D.Zeynalov vurğuladı ki, bütün qarabağlılar və ümumilikdə Azərbaycan xalqı şəhidlərimizlə, qazilərimizlə və ordumuzla fəxr edir. Sonda, natiq keçirilən tədbirə və ahıllara göstərilən yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Məlumat üçün qeyd edək ki,  1992-ci ildə BMT-nin Baş Məclisi ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmiş və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunmağa başlanmışdır. Ölkəmizdə 1993-cü ildən etibarən oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunmaqdadır.
Keçidlər