Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı neftçiləri qarşıdakı hədəflərə doğru inamla irəliləyirlər

20 sentyabr 2017 | 11:00
      1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır.
       "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur.
      Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd olunur.
     14 sentyabr 2017-ci il tarixdə Bakıdakı Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması mərasimi keçirildi. Yeni müqavilə hasilat müddətini 2050-ci ilə qədər uzadır. Sazişin bir hissəsi olaraq SOCAR-ın layihədəki iştirak payı əvvəlki 11,65 faizdən 25 faizə çatdırıldı.    
     Pirallahı rayonu da neft sənayesinə öz töhfəsini verir. Dünyada ilk dəfə 1935-ci ildə açıq dənizdə neft çıxarılmasına başlanılan Pirallahı rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3 böyük neft-qazçıxarma idarəsi - "28 May", "Neft Daşları" və "Abşeronneft" NQÇİ-lər, onlara xidmət göstərən SOCAR-ın Dübəndi Neft Kəmərləri idarəsi, 5 saylı Texnoloji Nəqliyyat Departamenti, digər kiçik istehsalat müəssisələri, qara qızıl və mavi yanacaq hasilatını bu gün uğurla həyata keçirirlər. Hazırda rayonun 3 neft-qazçıxarma idarəsinin qəhrəman neftçilərinin səyləri ilə ARDNŞ-nin yerin təkindən çıxardığı neftin 87%-ni, qazın isə 83%-ni hasil edən Pirallahı bu sahədə özünün liderliyini təmin edir. Pirallahı rayonunun fədakar zəhmətkeşləri özlərinin peşə bayramlarını əməkdə və sosial sahədə nailiyyətlərlə qarşılayırlar. Rayonda dəniz neftçilərinin sosial-məişət şəraitinin  yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüşdür. Neft-qazçıxarma sexlərində və stasionar dəniz özüllərində zəhmət adamları üçün əlverişli əmək və məişət şəraiti yaradılmışdır.
      Son illər neft sahəsində çalışan insanlara və onların ailə üzvlərinə göstərilən daimi diqqət və qayğı daha da artırılıb. Əvvəllər dənizdə çalışan neftçilərin əmək və sosial şəraitləri lazımi səviyyədə deyildi və burada bir çox çətinliklər mövcud idi. Lakin Prezident İlham Əliyevin hər bir sahəyə olduğu kimi bu sahəyə də olan diqqət və qayğısı, o cümlədən Dövlət Neft Şirkəti rəhbərliyinin böyük səyləri ilə bu gün Pirallahıda, Neft Daşlarında, həmçinin Çilov adasında və digər ərazilərdə çalışan böyük neftçi ordusunun əmək və sosial şəraiti dünya standartları səviyyəsində təşkil olunub və bu iş daha yüksək səviyyədə davam etdirilməkdədir.
       Neftçilərə olan diqqət və qayğının bariz nümunəsi kimi 2012-ci ilin dekabrında  Prezident İlham Əliyevin sərəncamı ilə Pirallahı, Çilov və Neft Daşları qəsəbələrindən ibarət yeni bir rayonun - Pirallahı rayonunun yaradılmasıdır. Bakı şəhərinin yeni rayonunun yaradılması ilə əhalisinin böyük bir hissəsini neftçi ailələrinin təşkil etdiyi qəsəbələrin sosial-iqtisadi infrastrukturu yenidən və daha yüksək səviyyədə qurulmaqdadır, burada yaşayan sakinlərin həyat səviyyəsini, rifah halını daha yaxşı bir şəkildə təmin etmək üçün bütün lazımi tədbirlər görülür, zəruri şərait yaradılır.
       Əziz neftçilərimiz, Pirallahı Rayon İcra Hakimiyyəti adından sizi təbrik edir və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!
       Bayramınız mübarək!
 
 
Keçidlər