Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Sənaye Parkı “BİHE 2017” sərgisində iştirak edir

28 sentyabr 2017 | 11:00
     28-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BİHE 2017” sərgisi keçirilir. Bu tədbirə 100-dən artıq iştirakçı, o cümlədən Azərbaycan, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər qatılıb. Bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları (cərrahiyyə əməliyyatı masası üçün tibbi avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edirlər.
     Keçirilən sərgidə Pirallahı Sənaye parkının nümayəndələri də iştirak edirlər. Pirallahı Sənaye parkına məxsus stenddə parkın fəaliyyəti və rezidentləri ("Hayat Pharm", "Diamed" və "Caspian Pharmed") barədə məlumatlar yer alıb. Sərgini ziyarət edənlərə sənaye parkı haqqında ətraflı məlumatlar verilir, park barədə təşviqat materialları təqdim olunur. Stend sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır.
     Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan Pirallahı Sənaye Parkında ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır. 30 hektar ərazidə yaradılacaq sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılacaq və digər xidmətlər göstəriləcək. Pirallahı Sənaye Parkına Rusiyanın “R-Farm” şirkəti ilə birgə təsis edilmiş “Həyat Farm” MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İran İslam Respublikasının “TPICO” şirkəti ilə birgə təsis ediləcək müəssisə tərəfindən isə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Pirallahı Sənaye Parkında “Həyat Farm” MMC tərəfindən 300 adda, digər birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulunun istehsalı nəzərdə tutulur. Bu müəssisələr, eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması prosesinə də böyük təkan verəcəkdir. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır. Məlumat üçün bildirək ki, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa və Asiya ölkələrinin aparıcı şirkətləri ilə də danışıqlar aparılır.
 
 
Keçidlər