Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Gənclər Fondunun təqdimatı keçirildi

10 iyul 2013 | 10:00
 Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Müstəqil Azərbaycanın gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimiz üçün çox böyük önəm daşıyan bu siyasətin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2011-ci il dekabrın 19-da “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında” 542 nömrəli Fərman imzalamışdır. Gənclər Fondunun yaradılmasından ötən qısa dövr ərzində bu qurum tərəfindən gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə təbliğinə yönəlmiş layihələrin dəstəklənməsi məqsədilə bir çox tədbirlər həyata keçirilmişdir.
 Son tədbirlərdən biri olaraq Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Fransa, Almaniya, İtaliya, Ukrayna, Polşa, Gürcüstan, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Bakı şəhərində 3-8 iyul 2013-cü il tarixlərində “Beynəlxalq Gənc Siyasətçilər Məktəbi” layihəsinin həyata keçirilməsini göstərmək olar. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən keçirilən “Ağdam rayonunda gənc seçicilərin maarifləndirilməsi və aktivliyinin yüksəldilməsi” layihəsi Ağdam rayonunun hazırda dövlətimizin nəzarətində olan 23 faiz ərazisində yaşayan gənc seçicilərin, xüsusən ilk dəfə səsvermə prosesində iştirak edəcək gənclərin maarifləndirilməsinə yönəlmişdir.
 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 27 iyun 2013-cü il tarixində növbəti qrant müsabiqəsini elan etmişdir. Bununla əlaqədar olaraq Respublikanın bir sıra şəhər və rayonlarında region gəncləri üçün müsabiqə şərtləri və müraciət qaydaları barədə təqdimatlar keçirilir. Təqdimatlar artıq Şamaxı (Qobustan, Ağsu), Şirvan (Sabirabad, Hacıqabul), Qəbələ (İsmayıllı) və İmişlidə (Saatlı, Beyləqan) baş tutub. İyulun 9-da növbəti belə bir təqdimat Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə Pirallahı qəsəbəsində keçirildi. Qəsəbə gənclərinin böyük marağına səbəb olan təqdimatı Fondun Strateji araşdırmalar və beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Vüsalə Niftəliyeva keçirdi.
 Pirallahılı gənclərə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu haqqında ətraflı məlumat verən V.Niftəliyeva qurumun ölkə Prezidentinin Sərəncamı əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramının hazırlanması çərçivəsində yaradıldığını bildirdi. Fondun konsepsiyası, vəzifələri, prioritetləri, müraciət oluna biləcək kateqoriyalar və digər zəruri informasiyanı auditoriyaya ətraflı şəkildə çatdıran V.Niftəliyeva sonda 27 iyun 2013-cü il tarixində elan edilmiş növbəti qrant müsabiqəsi haqqında danışdı. Bildirildi ki, 26 dekabr 2012-ci il – 15 fevral 2013-cü il tarixləri arasında keçirilmiş əvvəlki - II müsabiqəyə 387 layihə təqdim edilmişdi. Bunlardan 170 layihə qalib elan olunaraq 1 milyon 389 min 740 manat məbləğində maliyyələşdirilmişdir. III qrant müsabiqəsinin
 12 avqust tarixində yekunlaşacağını, sentyabrın ilk ongünlüyündə Müşahidə Şurasının nəticələri elan edəcəyini söyləyən V.Niftəliyeva Pirallahı gənclərini öz layihələri ilə müsabiqədə fəal iştiraka dəvət etdi.
Təqdimat tədbiri gənclərin suallarının cavablandırılması ilə davam etdi. Sonda 60 nəfərdən çox gənc Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun “Sorğu” anketlərinin cavablandırılmasında iştirak etdi.
Keçidlər