Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 26 il keçir

18 oktyabr 2017 | 11:00
     Pirallahı rayonunda 18 oktyabr – Dövlət Müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər davam edir. Həmin tədbirlər çərçivəsində oktyabrın 18-də Dövlət müstəqilliyinin bərpası günü münasibətilə yığıncaq keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Azərbaycanın Milli qəhrəmanı Bəxtiyar Allahverdiyev, RİH əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri iştirak etdilər.
    Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə Vəzir Səfixanov Dövlət müstəqilliyimizin bərpası ilə əlaqədar geniş nitq söylədi. Qeyd edildi ki, Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.  Diqqətə çatdırıldı ki, bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən  əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.  Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.  İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Bizim artıq güclü dövlətimiz vardır – müstəqil Azərbaycan dövləti” – deyir Prezident İlham Əliyev. Müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən yüksək dəyər ulu öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin təntənəsidir. Azərbaycanın parlaq sabahı da bu siyasətə bağlıdır. Natiq öz çıxışında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində hər sahədə dinamik inkişaf əldə edən, özünün multikultural dəyərləri ilə ölkələr və xalqlar arasında qlobal əməkdaşlığa sanballı töhfələr verən respublikamızın qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Prezident İlham Əliyev tarixi torpaqlara qayıtmağın Azərbaycan üçün strateji hədəf olduğunu xüsusi nəzərə çatdırıb: “İndiki Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq”. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə düşmən öz təcavüzkar siyasətinin əvəzini artıqlaması ilə ödəyir və bundan sonra da ödəyəcək. Natiq söylədi – “Bu gün Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi, orduya güclü inam var. Eyni zamanda, Azərbaycanda ölkənin dinamik inkişafının nəticəsi kimi, ölkə əhalisi ilbəil artır. Bütün bunlar Ermənistanın işğalçılıq siyasətinin düşmən ölkə üçün acı bəhrələridir. Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən yeganə çıxış yolu isə işğalçılıq siyasətindən əl çəkməkdən və Azərbaycan torpaqlarından geri çəkilməkdən ibarətdir. Zaman, həqiqətən də, işğalçı Ermənistanın əleyhinə işləyir. 04 oktyabrda erməni parlamentində ratifikasiya edilən sənədlə, rus-erməni silahlı birləşmələri ilə ölkə demək olar ki, suverenliyini tamamilə itirdi. Bu gün Ermənistanın Azərbaycanla danışıqlara getməsi dünya qarşısında özünü ifşa etməsi deməkdir. Belə ki, Aprel döyüşlərindən sonra onlar danışıqlara getmək üçün müəyyən şərtlər irəli sürürdülər. Bu Azərbaycanın prinsipiallığının qəbul edilməsi demək idi”.
    V.Səfixanov qeyd etdi ki, paytaxtımız Bakının, onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı da ölkə başçısının daim diqqətində olan məsələlərdəndir. Bu diqqətin ən bariz nümunələrindən biri Bakının yeni, 12-ci rayonunun yaradılması oldu. Ölkə Prezidentinin qayğısı və dəstəyi ilə ilk gündən Pirallahıda geniş abadlıq və tikinti-quruculuq işləri aparılır. Pirallahı Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Bu baxımdan paytaxtın Pirallahı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər diqqəti cəlb edir. 18 oktyabr – Dövlət müstəqilliyi günü ərəfəsində Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində işlər daha da intensiv xarakter almışdır. Pirallahı rayonu yaradılan gündən indiyədək 50000 min ədəd Pirallahı qəsəbəsində, 55000 min ədəd Çilov qəsəbəsində, 200000 mindən müxtəlif növ həmişəyaşıl və meyvə ağacları əkilmişdir və belə yaşıllaşdırma işləri davam etdirilməkdədir.
  Qeyd olunmalıdır ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır. Çünki indi salınan və gələcəkdə salınacaq parklar,  yaşıllıqlar və digər istirahət və sosial-məişət təyinatlı obyektlər, reallaşacaq respublika əhəmiyyətli layihələr Pirallahıda həm yerli əhalinin səmərəli istirahətinə, həm də turizmin inkişafına xidmət edəcəkdir ki, bu da sakinlərin sağlamlığının möhkəmləndirilməsi ilə yanaşı, həm də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir.
   Sonra tədbir bir-birindən maraqlı musiqi kompozisiyalarla və bayram konserti ilə davam etdirildi.
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər