Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirildi

02 noyabr 2017 | 11:00
   2017-ci il 2 Noyabr tarixdə Pirallahı rayonunda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum  keçirildi. Sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi məqsədilə keçirilən forumda Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələri, sahibkarlar və aidiyyəti üzrə müxtəlif qurumların rəhbərləri iştirak etdilər.
   İşgüzar forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Pirallahı rayonunun iqtisadi potensialına uyğun olaraq, zeytunçuluq, badam bağları, corab, qablaşdırma materialı, plastik qablar və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
    Forumu giriş nitqi ilə açıq elan edən RİH başçısı Vasif İmanov tədbir iştirakçılarının salamlayaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keçirilən genişmiqyaslı islahatların uğurlu icrası nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitlik təmin edilmiş, davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli dövlət dəstəyi tədbirləri, ölkə başçısının bu sahəyə böyük diqqət və qayğısı sahibkarlığın sürətli inkişafına geniş imkanlar yaradır, özəl bölmənin, bütünlükdə iqtisadiyyatın inkişafına təkan verir, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə  qarşıya qoyulmuş hədəflərə nail olunmasında xüsusi əhəmiyyət kəsb edir. Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən rayonun sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verdi.  Natiq bildirdi ki: “Bu gün hər bir rayonun xüsusiyyətlərinə görə sənaye zonalarda müxtəlif istehsalat sahələri yaradılır, o cümlədən də Pirallahı rayonunda da belə zona var. Pirallahı Sənaye Parkı ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır”. Rayonun turizm potensialı haqqında danışan V.İmanov qeyd etdi ki, Pirallahı adasının sahil boyu ən əlverişli yerləri ayrılmaq şərti ilə həmin ərazilərdə dənizkənarı bulvar, kanat yolu, attraksionları olan istirahət parkı, otel, kafe, kütləvi çimərliklər (sahilyanı zolaqda yerləşdirilmiş), idman-konsert kompleksi (açıq havada), yaxt-klub, sörfinq klubları və s. yaradılması üçün əlverişli şərait vardır. Bundan əlavə, turizmin inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyi Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idman növlərinin, o cümlədən, yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranmışdır. Pirallahı rayonunun inkişafını Prezident cənab İlham Əliyevin daim nəzarətdə saxladığını qeyd edən Vasif İmanov forumun işinə uğurlar dilədi, onun yüksək, işgüzar səviyyədə keçməsini arzuladı. 
  İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 1360-dək sahibkarlıq subyektinin ümumi dəyəri 346 mln. manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 101,3 mln. manat güzəştli kredit verilib. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 1373 investisiya layihəsinin maliyyələşdirilməsinə 397,8 mln. manat güzəştli kredit verilib. Natiq qeyd etdi ki,  belə layihələrdən biri də şpris istehsalı zavodudur. Pirallahı Sənaye Parkının rezidenti - “Diamed Co” MMC tərəfindən qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 100 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur. Zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır. Bu müəssisələr, eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması prosesinə də böyük təkan verəcəkdir. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır. SKMF rəsmisi qeyd etdi ki, yaxın gələcəkdə 3 500 ha yeni zeytun bağları salınacaq: “Bizə iqtisadi cəhətdən əsaslandırılmış zeytun və badam bağlarının salınması layihəsi təqdim olunub. Bu istiqamətdə SKMF-in geniş təcrübəsi var. Bir neçə il bundan əvvəl Zirə qəsəbəsində 240 ha-ya yaxın müasir zeytun bağı salınmışdı. Orada zeytun emalı müəssisəsi fəaliyyət göstərir. Həmçinin, yeni zeytun tingçiliyi müəssisəsi fəaliyyət göstərir. Yaxın zamanlarda Abşeron yarımadasında 3 500 ha ərazidə yeni zeytun bağlarının salınması və mövcud zeytun bağlarının bərpası layihəsinə başlayırıq. Bu layihə də SKMF tərəfindən maliyyələşdiriləcək”.  Qeyd edildi ki, 3 500 hektar sahədə salınacaq zeytun bağlarının bir hissəsi Pirallahı rayonunun ərazisinə düşür. Çıxışın sonunda natiq bildirdi ki, rayonda turizmin inkişafı ilə bağlı təkliflərə Fond tərəfindən lazımı köməklik göstəriləcək.
    Sonda sahibkarları maraqlandırılan suallar cavablandırıldı və sahibkarlar qeyd etdilər ki, onlar rayonun inkişafında fəal iştirak edəcəklər.
 
 
 
 
 
 
Keçidlər