Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Pirallahı Rayon Təşkilatının Təsis konfransı keçirilib

18 iyul 2013 | 10:00
 İyul ayının 17-də Pirallahıdakı V.Mustafazadə adına Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Təsis konfransı keçirilib. Konfransda rayonun idarə və təşkilatlarından seçilmiş 300 nümayəndə iştirak etmişdir.
 Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlayıb. Konfransın gündəliyi təsdiq olunduqdan sonra çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə tarixi zərurət nəticəsində Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmışdır. YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır. Yeni yaradılmış Pirallahı rayonunda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən danışan V.İmanov bildirib ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşası davam edir. Artıq Qala-Pirallahı avtomobil yolunda asfalt-beton örtüyünün vurulması işləri sürətlə gedir. Pirallahı qəsəbəsinin funksional zonalaşdırma layihəsi ilkin variant kimi müvafiq orqanlarla razılaşdırılaraq rayonun inzibati mərkəzi üçün sahə müəyyənləşdirilmişdir. Qəzalı binalarda yaşayan sakinlərin köçürülməsi məqsədilə artıq “Abad məhəllə-1” layihəsinin icrasına start verilib və iki binanın özülü qoyulmuşdur. Uzun illər susuzluqdan əziyyət çəkən Pirallahıya Ceyranbatandan yeni su xəttinin çəkilişi prosesi sürətlə davam edir. Vasif İmanov Pirallahı kimi sürətli inkişaf mərhələsində olan bir rayonda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının tezliklə təsis edilməsinin zəruriliyini və vacibliyini vurğulamışdır.
 Daha sonra açıq səsvermə yolu ilə rayon təşkilatının 31 nəfərdən ibarət Şura və 11 nəfərdən ibarət İdarə Heyəti üzvləri seçilmişlər. Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri vəzifəsinə Manaf Malik oğlu Manafovun namizədliyi irəli sürülmüşdür. Konfrans nümayəndələrindən “Abşeronneft” NQÇİ-nin şöbə rəisi Şamil Kazımov, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov və başqaları çıxış edərək M.Manafovun namizədliyini dəstəkləmişlər. Açıq səsvermə yolu ilə M.Manafov yekdilliklə YAP Piallahı rayon təşkilatının sədri vəzifəsinə seçilmişdir.
 Tədbirdə çıxış edən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 21 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. S.Novruzov qeyd edib ki, partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlara özünün böyük töhfələrini verir. YAP-ın icra katibinin müavini müstəqillik illərində Azərbaycanda bütün sahələrin inkişaf etdiyini, o cümlədən həm neft, həm də qeyri-neft sahəsində əhəmiyyətli nailiyyətlər qazanıldığını vurğulayıb. S.Novruzov ötən dövr ərzində YAP-ın daha da gücləndiyini deyərək, partiya üzvlərinin sayının 600 mini ötdüyünü qeyd edib. Siyavuş Novruzov xüsusi vurğulamışdır ki, Yeni Azərbaycan Partiyasının V Qurultayı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 54-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Heydər oğlu Əliyevi 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizəd kimi irəli sürmüşdür və hazırda V Qurultayın bu qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində uğurlu fəaliyyət davam edir.
Millət vəkili Rauf Əliyevin, YAP idarə heyətinin üzvü Kərim Kərimovun çıxışlarında partiyanın yaranma tarixindən və xalq qarşısında xidmətlərindən ətraflı bəhs olundu, Partiyanın Pirallahı rayon təşkilatının üzvlərinə rayonun ictimai-siyasi həyatında, quruculuq işlərində fəal iştirak etmək arzulandı.
 Göstərilən yüksək etimada görə Konfrans nümayəndələrinə dərin minnətdarlığını bildirən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafov Partiyanın rayon təşkilatının çoxsaylı üzvləri adından Təsis Konfransının iştirakçılarını bir daha əmin etmişdir ki, 2013-cü ilin payızında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının layiqli və yeganə namizədi kimi Azərbaycan xalqının vahid siyasi lideri cənab İlham Əliyevi birmənalı şəkildə dəstəkləyəcəklər, Pirallahıda həyata keçirilən abadlıq və quruculuq işlərində fəal surətdə iştirak edəcəklər. 
 Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
 

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının
Təsis Konfransı nümayəndələrinin Yeni Azərbaycan Partiyasının sədri
cənab İlham Heydər oğlu Əliyevə

M Ü R A C İ Ə T İ


       Möhtərəm cənab Sədr!


 Sizin yorulmaz və gərgin fəaliyyətiniz, həyata keçirdiyiniz davamlı və məqsədyönlü siyasi kurs sayəsində Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlət kimi daha da güclənmiş, müasir cəmiyyət quruculuğu yolunda  mühüm nailiyyətlər əldə etmişdir. Xalqımızın lideri olaraq  Sizin fəaliyyətiniz  ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun əhəmiyyətli dərəcədə artmasına ciddi təkan vermişdir. Qazanılan bütün nailiyyətlər ulu öndər Heydər Əliyevin sədrliyi ilə xalqımız üçün çox çətin bir zamanda fəaliyyətə başlamış və bu gün də sizin sədrliyinizlə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü sevindirir, gələcəyə olan inamlarını daha da artırır.
 Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi, Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə keçirilən konfransda yaranmışdır. 
Möhtərəm cənab Sədr!
 Ölkəmizdə ən gənc rayon olan Pirallahı rayonunun inkişafına göstərdiyiniz diqqət və qayğını biz, Konfrans nümayəndələri xüsusi minnətdarlıq hissi ilə qeyd edirik. Pirallahı rayonunu yaratdığınız ilk gündən burada geniş abadlıq və tikinti-quruculuq işləri həyata keçirilir. Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşası davam edir. Artıq Qala-Pirallahı avtomobil yolunda asfalt-beton örtüyünün vurulması işlərinə başlanılmışdır. Pirallahı qəsəbəsinin funksional zonalaşdırma layihəsi ilkin variant kimi müvafiq orqanlarla razılaşdırılaraq rayonun inzibati mərkəzi üçün sahə müəyyənləşdirilmişdir. Rayon İcra Hakimiyyətinin, YAP-ın və Heydər Əliyev Mərkəzinin inzibati binalarının layihələri hazırlanmış, rayon prokurorluğunun, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi Pirallahı rayon şöbələrinin, rayon məhkəməsinin və digər rayon strukturlarının inzibati binalarının tikiləcəyi sahələr müəyyənləşdirilmişdir. Qəzalı binalarda yaşayan sakinlərin köçürülməsi məqsədilə artıq “Abad məhəllə-1” layihəsinin icrasına start verilmiş və iki binanın özülü qoyulmuşdur. Uzun illər susuzluqdan əziyyət çəkən Pirallahıya Ceyranbatandan yeni su xəttinin çəkilişi prosesi sürətlə davam edir.

        Möhtərəm cənab Sədr!

 Sizin yeni yaranmış Pirallahı rayonunun inkişafına göstərdiyiniz diqqət və qayğı bizi daha fəal işləməyə ruhlandırır. Bu qayğı və diqqətə cavab olaraq Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı rayonumuzun çiçəklənməsi, sakinlərimizin sosial-rifah halının yüksəlməsi, vətəndaşların əmək və sosial-iqtisadi hüquqlarının təmin olunması sahəsində qarşıya qoyulan vəzifələri əzmkarlıqla həyata keçirəcək, Sizin rəhbərliyinizlə respublikamızda gerçəkləşdirilən iqtisadi tərəqqiyə, sosial inkişafın sürətlənməsinə, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə layiqli töhfələr verəcəkdir.
 YAP Pirallahı rayon fəalları prezident, bələdiyyə və parlament seçkilərində daim sistemli və aktiv fəaliyyət sərgiləməklə keçirilmiş kampaniyalarda partiyamızın qələbəsinin əldə olunmasına öz töhfələrini vermişlər. Bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Təsis Konfransının nümayəndələri çoxsaylı partiya üzvləri adından Sizi bir daha əmin edirlər ki, 2013-cü ilin payızında keçiriləcək prezident seçkilərində də Yeni Azərbaycan Partiyasının layiqli və yeganə namizədi kimi Sizi - Azərbaycan xalqının vahid siyasi liderini birmənalı şəkildə dəstəkləyəcəklər.
 Sizə Ulu Tanrıdan həyatda ən böyük nemət olan cansağlığı və müstəqil Azərbaycanın çiçəklənməsi və daha da güclənməsi naminə apardığınız məqsədyönlü və uğurlu ictimai-siyasi fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik.
 
 
   Dərin hörmətlə,
   Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı
   Təsis Konfransının nümayəndələri adından
  Rayon təşkilatının sədri                                                                                                                         Manaf Manafov

 

Bakı şəhəri

                                                                                                                                  17 iyul 2013-cü il

 

Keçidlər