Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyada iştirak edən məktəblilərin yolasalma mərasimi keçirildi

11 noyabr 2017 | 11:00
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar keçirilir. Həmin tədbirlər çərçivəsində  11 noyabr 2017-ci il tarixdə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin təhsildə və ictimai işlərdə fərqlənən 40 nəfər şagirdinin yolasalma mərasimi keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, RİH əməkdaşları, ziyalılar, məktəb direktorları, KIV nümayəndələri, valideynlər iştirak etdilər.
   Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxışında qeyd etdi ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə 2014-cü ilin avqust ayından təşkil olunur. Layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir. 4 il ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7 tur-aksiya təşkil edilmiş, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 13 min 648 məktəbli iştirak etmişdir. Cari ilin noyabr ayının 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfər iştirak edəcək ki, bununla da iştirakçıların sayı 17 minə çatacaqdır. Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
   Qeyd edildi ki, “Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Pirallahı rayon məktəbliləri bu dəfə Qədim Nizami yurduna səfər edəcəklər. Onlar Gəncənin yeni xəritəsində öz əksini tapan müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları, sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar. Tur-aksiyanın iştirakçıları şəhərin tarixi məkanlarına – Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsi görəcəklər.
    Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər ölkə başçısının və Azərbaycanın birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər və gənc nəsil üçün yaradılan şəraitdən söz açdılar.
Qeyd edək ki, məktəblilərin ekskursiyası noyabr ayının 14-nə kimi davam edəcəkdir. Bu tur-aksiya çərçivəsində səfərə çıxan Pirallahı  rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Gəncə  şəhəri ilə tanışlıqdan sonra Şəmkir və Göygöl rayonlarının səfalı guşələri, tarixi yerləri ilə tanış olacaqlar.
 
 
 
 
 
Keçidlər