Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası - yeni qələbələrə və zəfərlərə doğru!

12 noyabr 2017 | 11:00
    Noyabrın 10-da Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə YAP Pirallahı rayon təşkilatı tərəfindən bayram tədbiri təşkil edildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva, Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov, Milli qəhrəmanlar Zabit Quliyev və Bəxtiyar Allahverdiyev, xalqımızın igid oğlu Ramil Səfərov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, partiyanın bir sıra rayon təşkilatlarının sədrləri, Pirallahı rayon ictimaiyyətinin nümayəndələri və YAP fəalları iştirak etdilər.
    Tədbirə qatılanlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra Yeni Azərbaycan Partiyasının tarixindən bəhs edən videoçarx tədbir iştirakçılarına nümayiş olundu.
    Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan dövlətçiliyinin inkişafında partiyanın xidmətlərindən danışdı. O qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub: “Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur”.
    Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışında bildirdi ki, YAP-ın güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi: “Heydər Əliyev siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də YAP möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir”. V.İmanov Pirallahı rayonunda həyata keçirilən geniş quruculuq işləri haqqında da məlumat verdi.
   Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli inkişaf yolu haqqında fikirlərini bildirdi: “Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı”. Natiq qeyd etdi: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 25 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar”.
    Sonra ictimai-siyasi aktivliyi ilə seçilən bir qrup partiya üzvünə Fəxri fərmanlar və YAP sıralarına yeni qoşulan şəxslərə üzvlük vəsiqələri təqdim edildi, tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı oldu və tədbir atəşfəşanlıqla başa çatdı.
 
 
 
 
 
 
 
Keçidlər