Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəbliləri Gəncə-Şəmkir-Göygöldən xoş təəssüratlarla qayıdıblar

15 noyabr 2017 | 11:00
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalarda iştirak edən Pirallahı rayonunun məktəbliləri ötən gün aksiyanı başa vuraraq geri döndülər.
   Bu tur-aksiya çərçivəsində Pirallahı  rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri  Gəncə, Şəmkir və Göygölün tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar.
Gəncədə tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda ümummilli liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Şagirdlərə Gəncənin tarixi, mədəniyyət abidələri, müasir park və xiyabanları, turizm obyektləri barədə məlumat verildikdən sonra gəzinti başlayıb. Heydər Əliyev park-kompleksindən sonra məktəblilər “Nizami məqbərəsi”, “Gəncə Qala qapıları”, “İmamzadə” Dini Memarlıq və abidə kompleksində, miniatür kitab muzeyinin Gəncə filialında olublar. Maarifləndirici tur Cavad xan türbəsi, Şah Abbas-Cümə məscidi Çökək Hamam, Uğurlu xan Karvansarayı, Məhsəti Gəncəvi adına mədəniyyət mərkəzi və Prezident İlham Əliyev tərəfindən yenicə istifadəyə verilmiş Mirzə Şəfi Muzeyi və şairin adını daşıyan parkı ilə tanışlıqla davam edib. Açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsindəki gəzinti də məktəblilərə xoş təsir bağışlayıb. Şagirdlər küçə boyu irəlilədikcə onlara Gəncənin zəngin və çoxəsrlik memarlığının ən gözəl örnəklərinin qorunub saxlandığı, vaxtilə şəhərin mülkədarları və varlı tacirləri tərəfindən inşa edilən imarətlər, tarixi tikililər haqqında ətraflı məlumat verilib. Sonra Nizami Gəncəvi Muzeyində görkəmli şairin həyat və yaradıcılığını əks etdirən eksponatlarla, qədim əl-yazmaları, nəfis tərtibatla yenidən nəşr olunmuş əsərləri ilə tanış olublar. Onlar “Xəmsə”ni əks etdirən daş kitabələri maraqla seyr ediblər. Şagirdlər Gəncə çayı ətrafında yeni istifadəyə verilmiş Bulvar Kompleksində də olublar. Onlar Bayraq meydanında 120 metr hündürlükdə dalğalanan Azərbaycan bayrağını seyr edib, ölkənin dövlətçilik tarixindən bəhs edən guşələrə baxıblar. Tur-aksiya iştirakçıları şəhərlə tanışlıqlarını çay boyunca salınan parklar, xiyabanlar, müxtəlif ictimai iaşə və mədəniyyət obyektləri və əyləncə mərkəzləri ilə tanışlıqla davam etdiriblər.
  Sonda Pirallahı şagirdləri Göygöl və Şəmkirdə də olublar. Şagirdlər Göygöldə Heydər Əliyev mərkəzində qarşılanıblar. Rayon rəsmiləri qonaqlara Göygölün tarixi, mədəniyyəti və infrastrukturu barədə məlumat veriblər. Şagirdlər İDEA İB-nin təşəbbüsü ilə təşkil olunan ağacəkmə aksiyasına qoşulublar. Daha sonra onlar Gənclər mərkəzi və Göygöl rayon tarix-diyarşünaslıq muzeyinin yerləşdiyi qədim Alman kilsəsini də gəziblər. Şəmkirə gələn məktəblilər isə rayonla tanışlığa Heydər Əliyev mərkəzindən başlayıblar. Qonaqlara Şəmkirin tarixi və mədəniyyəti, keçdiyi inkişaf yolu haqda ətraflı məlumat verilib. Rayonla əyani tanış olan şagirdlər “Orta əsr Şəmkir qalasını” ziyarət edib, Bayraq meydanı və bayraq muzeyi, "Zəka" gənclərin intellektual və yaradıcılıq inkişaf mərkəzində də olublar.
    Tur-aksiyanı başa vuran məktəblilər qeyd etdilər ki, "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Azərbaycanın Qədim Nizami yurduna səfər etdilər. Şəmkir və Göygöl rayonlarının səfalı guşələri, tarixi yerləri ilə tanış oldular. Ölkəmizi daha yaxından tanımaq üçün onlara göstərilən diqqətə və qayğıya görə  Azərbaycan Respublikasının Prezidentinə öz minnətdarlıqlarını bildirdilər. Məktəblilərin valideynləri və  təhsil işçiləri çıxış edərək bildirdilər ki, belə aksiyalar gənc nəslin vətən haqqındakı təsəvvür və təəssüratlarını, biliklərini daha da zənginləşdirir, gənclərə vətəni tanımağa kömək edir, doğma Azərbaycanı sevməyi öyrədir. Onlar qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində doğma Qarabağımız işğaldan azad ediləcək və "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Pirallahı məktəbliləri Azərbaycanın cənnət guşəsi ilə yaxından tanış olacaq və üçrəngli bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracaqlar.
 
 
 
Keçidlər