Şriftin ölçüsü :

Saytın rəngi :

“Yanğın təhlükəsizliyinin təmin olunması” mövzusunda rayon müşavirəsi keçirildi

16 noyabr 2017 | 11:00
   16 noyabr 2017-ci il tarixdə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyanın sədri Vəzir Səfixanov, FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, Bakı Regional Mərkəzinin Fövqəladə halların xəbərdar edilməsi və mülki müdafiə idarəsinin rəisi Yolçu Yolçuyev, FHN-nin Dövlət Yanğın Nəzarəti və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətlərinin nümayəndələri, yerli icra və özünüidarəetmə orqanlarının təmsilçiləri və rayonun idarə-müəssisə rəhbərləri iştirak etdilər.
   Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov payız-qış mövsümünün başladığını, rayon sakinlərinin işıq və qazdan daha çox istifadə etdiklərini, yanğınların başvermə ehtimalının, dəm qazından boğulma və zəhərlənmə kimi xoşagəlməz hadisələrin qaçılmaz olduğunu qeyd edərək, yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsinin və müvafiq maarifləndirmə işlərinin təşkilinin vacibliyini diqqətə çatdırdı.
   Sonra Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qeyd etdi ki, FHN Bakı Regional Mərkəzi tərəfindən artıq bir neçə ildir ki, Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri ilə əməkdaşlıq çərçivəsində  payız-qış mövsümünün gəlməsi ilə əlaqədar qeyd olunan mövzuda rayon müşavirəsi keçirilir. O, yanğın təhlükəsizliyi ilə bağlı müşavirə iştirakçılarına məlumat verdi və Fövqəladə Hallar Nazirliyinin son dövrdə əldə etdiyi nailiyyətləri və qazandığı təcrübələri iştirakçıların nəzərinə çatdırdı.
   Bakı Regional Mərkəzinin Fövqəladə halların xəbərdar edilməsi və mülki müdafiə idarəsinin rəisi Yolçu Yolçuyev, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin nümayəndəsi Nizami Fərəcov, Pirallahı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ceyhun Vəliyev müvafiq olaraq “Bakı şəhərində 2016-2017-ci illərin müvafiq dövründə yanğın hadisələrinə dair statistik məlumatlar” və “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” mövzularda çıxış etdilər.
   Daha sonra Enerji Təchizatı və Satışı İdarəsi istismar sahəsinin rəisi Tofiq Əzizov “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov “Yaşayış binalarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlər” və 18 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Faiq Məmmədli “Yanğın zamanı ilkin tibbi yardım” (2016-2017-ci illər üzrə statistik məlumatlar) mövzusunda çıxış etdilər.
    Tədbir zamanı  “Məişətdə yanğın təhlükəsizliyi”, “Dəm qazı” və “Odsöndürən balondan istifadə qaydaları” ilə bağlı videoçarxlar nümayiş olundu və suallar cavablandırıldı.
   Müşavirəyə yekun vuran V.Səfixanov yığıncaqda diqqətə çatdırılan tövsiyələrin icrasının təmin edilməsi məqsədilə aidiyyəti sahələr üzrə ciddi tədbirlərin görülməsini və nəzarətin gücləndirilməsini vurğulayaraq, müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi. Eyni zamanda, 2017-2018-ci illər üzrə payız-qış mövsümünün hadisəsiz və itkisiz başa vurulması üçün səylə çalışmağın vacibliyini diqqətə çatdırdı.
 
 
 
 
Keçidlər