Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda ilk təməlqoyma mərasimi keçirildi

23 iyul 2013 | 10:00
 Pirallahı rayonunda davam edən tikinti-quruculuq işlərinin bu günlərdə əsas mərkəzi yenə də Süleyman Bağırov küçəsidir. “Abad məhəllə-1”in birinci binasının bünövrə çalasının qazılması, taxta qəliblərin  hazırlanması və dəmir armaturların hörülməsindən sonra bu gün ilk dəfə beton tökülərək təməlqoyma mərasimi keçirildi. Ümumi yaşayış sahəsi 600 kvadratmetrdən çox olacaq 3 mərtəbəli binanın birinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulub. Mənzillər 1 və 2 otaqlı olacaqdır. “Abad məhəllə-1”dəki ikinci bir bloklu 10 mənzilli binanın bünövrə çalasının qazılması da başa çatmaqdadır. Eni 18 metr və uzunluğu 18,4 metr olan bünövrə çalası ilk gündən sürətlə qazılır. Pirallahının Süleyman Bağırov küçəsindəki çirkab mənbəyi olan gölün qurudulması işləri də davam edir. İş prosesinə cəlb edilmiş ağır tonnajlı avtomaşınlar indiyədək artıq 3000-dən çox reys edərək 15 km məsafədən torpaq daşıyıb gölə tökürlər.
 28-ci məhəllədə xaotik şəkildə, qanunsuz, uşaq meydançaları və digər sosial obyektlərin yerində inşa edilmiş qarajların və digər tikililərin söküntüsü, antisanitariyanın aradan qaldırılması davam edir. Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətlərinin yenidən çəkilməsi prosesi gedir. Bu günlərdə iş Əzizbəyov küçəsində davam edir. Kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb. Baş kollektor üzərində Tarxandan başlayaraq Neftyığma məntəqəsi istiqamətində iş gedir, məhəllədaxili xətlərin layihələndirilməsi başa çataraq 29-cu məhəllədən işlərə başlanır. “Azəristilik” birliyi bütövlükdə rayon üzrə daxili şəbəkənin çəkilişi işlərinə start verərək qazanxanada və xətlərdə xeyli iş yerinə yetirib. 40-cı məhəllədəki qazanxananın əsaslı təmiri sürətlə davam edir.     
 Pirallahı qəsəbəsində “Xeyir-şər” evlərinin abadlaşdırılması başa çatmaq üzrədir. Kamil Rzayev küçəsindəki “Xeyir-şər” evində üzləmə işləri gedir. Yaxınlıqdakı səkkiz güşəli kölgəliyin qurulması başa çatmaqdadır. 40-cı məhəllədəki “Xeyir-şər” evində divarlara üzlük vurulması davam edir.
Beton zavodun tikintisi üçün sahənin ayrılması, ərazinin təmizlənməsinin ardınca elektrik güc və su xətləri çəkilib, bünövrənin tikintisinə başlanıb. “Uşaq əyləncə parkı”nda mini-futbol meydançasının asfalt örtüyü vurulub, yaşıl qazonun döşənməsinə hazırlıq gedir. Parkda plitələr döşənir, yelləncəklərin, müxtəlif attraksionların yerləşdirilməsi, müasir kölgəliklərin qurulmasına başlanıb.
 “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində 800 metr uzunluğu, 10 metr eni olan avtomobil yolunun torpaq işləri yekunlaşaraq çınqıl döşənməsi, inzibati binanın bünövrə çalasının qazılması və limanın dənizdəki bənd hissəsinin doldurulması işləri davam edir.
 Yeni alınmış müasir zibilxanalardan 27-cinin quraşdırılması yekunlaşıb.
Keçidlər