Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş seminar keçirildi

04 dekabr 2017 | 11:00
   Pirallahı rayonunda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş maarifləndirici tədbir keçirildi. Toplantıda Pirallahı RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən mədəniyyət və təhsil ocaqlarının kollektivləri, məktəblilər iştirak etdilər.
   Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mehman Həşimli tədbirin əhəmiyyəti haqqında və ölkəmizdə qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı. Azərbaycanda ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyən M.Həşimli diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb. Natiq qeyd etdi ki, məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanunun qəbul olunmasında Azərbaycanın birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu və fəaliyyəti xüsusi qeyd edilməlidir. Diqqətə çatdırıldı ki, ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın yenidən təkmilləşdirilməsi istiqamətində qəbul olunan qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlı olub və heç bir mərhələdə dayanmayıb.
    Tədbirdə çıxış edən Pirallahı rayon Polis Şöbəsinin əməkdaşı Bəhruz Musayev, 186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov və  müavini Həcər Ramazanova xalqımızın adət-ənənələrində qadına yüksək dəyər verildiyini vurğulayaraq, bu dəyərlərin qorunub saxlanmasının vacibliyini qeyd etdilər. Zorakılıq halları ilə mübarizədə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti haqqında danışdılar.
    Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
   Qeyd edək ki, beynəlxalq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası hər il noyabrın 25-də başlayır və dekabrın 10-dək davam edir. Kampaniyanın məqsədi gender zorakılığına qarşı milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.
 
 
 
 
Keçidlər