Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyətində yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı müşavirə keçirildi

05 yanvar 2018 | 11:00
   2018-ci il 5 yanvar tarixində Pirallahı rayonunda qəsəbə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı müşavirə keçirildi. Pirallahı Rayon İcra Hakimiyyətində baş tutan müşavirədə RİH başçısının müavini Vəzir Səfixanov, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr və uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak etdilər.
   Müşavirədə çıxış edən RİH başçısının müavini Vəzir Səfixanov mühüm informasiya mənbəyi olan təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifələrini diqqətə çatdırdı. Bildirildi ki, Prezident İlham Əliyevin ölkənin bütün iqtisadi sahələri, o cümlədən kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə aparılan irihəcmli işlərdən biri də informasiya mənbəyi olan və yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir. Belə ki, 1934-cü ildən ciddi dəyişiklik edilmədən tətbiq olunan “Təsərrüfatbaşına kitab” və digər uçot formaları hazırlanarkən göstəricilər sistemləşdirilib, bir çox uyğunsuzluqlar aradan qaldırılıb, eyni zamanda, əhalinin ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyətə malik məhsullara dair yeni məlumatların əldə olunması zərurəti nəzərə alınıb. Cari uçot sənədinə təsərrüfatın mülkiyyətində və istifadəsində olan kənd təsərrüfatı texnikası ilə bağlı yeni bölmənin, mal-qara və quşların bölgüsünə dair göstəricilərin əlavə edilməsi əvvəllər seçmə statistika müşahidələri əsasında toplanan, region və ölkə səviyyəsində müxtəlif metodlarla qiymətləndirilən məlumatların indi bütün təsərrüfatlar üzrə ilkin mənbədən əldə edilməsinə imkan verəcək. Ən əsası isə torpaqların suvarılmasında istifadə olunan mənbələr, əkin üçün nəzərdə tutulmuş torpaqların bitkiçilik məhsulları üzrə bölgüsü haqqında ilkin uçotun aparılması vəzifəsi qarşıya qoyulub ki, bu da torpaqlardan istifadə və məhsul yığımı ilə bağlı daha dəqiq məlumatların toplanaraq rəhbər orqanlara və digər istifadəçilərə təqdim edilməsi məqsədini daşıyır.
   RİH başçısı Aparatının Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hikmət Şikarov qeyd etdi ki, qəsəbə inzibati ərazi dairələrində 2013-cü ildən tətbiq edilən təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddəti başa çatdığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli 423 nömrəli qərarına əsasən yeni təsərrüfatbaşına uçot sənədləri hazırlanıb. RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mahir Qarayev bildirdi ki, 2018-ci ilin yanvar ayından tətbiq ediləcək yeni təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarından əhalinin növbəti siyahıyaalınmasına hazırlıq üçün də istifadə olunacaq. Növbəti mərhələdə isə uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması nəzərdə tutulub.
    Sonda tədbir iştirakçılarının təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı sualları cavablandırıldı.
 
 
 
Keçidlər