Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

10 yanvar 2018 | 11:00
      09 yanvar 2018-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi. Tədbirdə RİH-nin məsul əməkdaşları - Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İsmayıl Əliyev, Pirallahı rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın üzvi, “Neft Daşları” NQÇİ-in rəisi Qoçalı Mahmudov, təsərrüfat xidmətlərinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
         Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Neft Daşları qəsəbəsində ucaldılmış abidəsinin önünə gül dəstələri qoydular.
      Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nurəddin Abdullayev qeyd etdi ki, nümayəndəlik öz işini 2017-ci il üçün  hazırlanmış, Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun təsdiq etdiyi iş planı əsasında qurmuşdur. N.Abdullayev bildirdi ki, 2017-ci ilin yanvar ayından başlayaraq Mənzil Kommunal Təsərrüfatı Sahəsi və 4 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən qəsəbədəki inzibati və yaşayış binalarında carı təmir işləri aparılmış, dam örtükləri yenilənmiş, ərazidə təmizlik-abadlıq işləri görülmüşdür. 2017-ci ildə “20 yanvar” faciəsi və “26 fevral Xocalı soyqırımı” hüzn günü ilə əlaqədar qəsəbədə anım mərasimləri keçirilmişdir. Novruz Bayramı, Gül bayramı, 20 sentyabr Neftçilərin peşə bayramı qəsəbədə qeyd olunmuş, tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil edilmişdir. Qeyd edildi ki, 2017-ci il ərzində Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə nümayəndəliyin əməkdaşları sahə müvəkkili ilə birlikdə mütəmadi olaraq reydlər keçirmiş və yoxlamalar aparmışdır. Hər il olduğu kimi bu il də neftçilər Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə birincilər sırasında qoşulmuşlar. 2017-ci ilin iyun ayında  qəsəbənin  Tibbi sanitar hissəsində Talassemiya və hemofiliyalı xəstələrə yardım məqsədi ilə  geniş qanvermə aksiyası həyata keçirilmişdir. Qəsəbədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları aksiyada  iştirak etmişlər. Mütəmadi olaraq  yataqxana korpuslarında, “Çay evi”ndə, vertolyot meydançasında   təmizlik-abadlıq işləri aparılır. Parkın torpaq ərazisi yenidən bellənərək 2250 ədəd müxtəlif  ağac və gül kolları əkilmiş, 4000 m2 qazon döşənmiş,  ağaclar budanmış və bu işlər davam etdirilir. 
Çıxışın sonunda N.Abdullayev bildirdi ki, Neft  Daşları qəsəbə inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəliyi bundan sonra da Pirallahı Rayon İcra Hakimiyyətinin  başçısının tapşırıq və tövsiyələrini “Neft Daşları” NQÇİ-in rəhbərliyi ilə birgə əldə rəhbər tutaraq qəsəbənin inkişafı və çiçəklənməsi üçün var gücü ilə çalışacaqdır.
      Ərazi  İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hikmət Şikarov öz çıxışında qeyd etdi ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi 2017-ci ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Qeyd edildi ki, bununla paralel olaraq, respublikamızın bütün guşələrində, o cümlədən Pirallahı rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Görülmüş tədbirlər çərçivəsində Pirallahıda mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmiş, irimiqyaslı infrastruktur layihələri icra olunmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
      Hesabata “Neft Daşları” NQÇİ-nin rəsi Qoçalı Mahmudov, “Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev tərəfindən münasibət bildirildi. Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxundular, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar. Yığıncaqda sakinləri maraqlandıran suallar cavablandırıldı. Həmçinin qəsəbənin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup qəsəbə sakini fəxri fərmanlarla təltif olundu. Sonra toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına dair hesabat   məruzəsi qənaətbəxş hesab olundu. Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.
 
 
Keçidlər